İşgəncə metodları dindirilmə üçün effektiv yol deyil Hadisə

İşgəncə metodları dindirilmə üçün effektiv yol deyil

Dünya alçaldıcı metodlara qarşı çıxır

Cavid

Ötən beş il ərzində aparılan və bəzilərində terrorizmdə şübhəli bilinənlərin də yer aldığı psixoloji tədqiqat danışmaq istəməyən insanlardan necə məlumat almaq lazım olduğunu göstərib. Vaşinqtonun hazırda əldə olunan nəticələri təcrübədə yoxlamaq imkanı var. 2014-cü ilin dekabrında keçirilən rəy sorğusuna görə, MKİ-nin sərt dindirmə metodlarının əsaslı olduğunu düşünənlər 59 faiz təşkil edirdi. "Buzzfeed.com" bu məsələni araşdırıb. Sayt yazır ki, 2013-cü ildə ABŞ-ın hərbi hava qüvvələrinin baş təhqiqatçılarından biri olan Stiven Kleynman şübhəli üsyançıların dindirilməsinə nəzarət etmək üçün İraqa göndərildi. Bağdada gəldikdən sonra işinə başlayan Kleynman qaranlıq bir otağa daxil olur və oturmuş hərbi təhqiqatçının qarşısında diz çökmüş əlləri qandallı bir məhbus görür. Hər dəfə suala cavab verəndə nə deməsindən asılı olmayaraq, məhbusun üzünə şillə vurulur. Kleynmana vəziyyətin yarım saatdır belə davam etdiyi söylənilir. Vəziyyəti görən polkovnik-leytenant Kleynman sorğunu dayandırır. Ancaq onun şahid olduğu əslində o vaxta qədər standart bir vəziyyət idi.
Kleynman sonradan "Buzzfeed News" ilə müsahibəsində demişdi: "Daha sonra insanların çılpaq soyundurularaq uzun müddət ayaq üstə durmağa məcbur edildiklərini gördüm." Kleynmanı dəhşətə salan təkcə insan hüquqlarının pozulmasına şahid olması deyildi. Sorğu və dindirilmələ bağlı uzun illər təcrübəsi olan Kleynman bu cür metodlarla nəticə əldə edilməsinin mümkün olmadığını bilirdi.
Həmin vaxtlar bu cür alçaldıcı metodlara qarşı çıxan təcrübəli təhqiqatçılar gözardı edilirdi. Hərbi dəniz qüvvələrində cinayət istintaqı xidmətində xüsusi agent kimi çalışmış Mark Fallon o vaxtlar elmin də onlardan yana olmadığını deyir. Fallon 2002-ci ildə terrorçu məhbusların hərbi məhkəmə qarşına çıxarılması üçün Quantanamo həbs düşərgəsinə gələndə artıq hər kəsdən çox təcrübəsi var idi. O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin bombalanmasına rəhbərlik etmiş Şeyx Ömər Əbdül-Rəhmanın təqsirlədirilməsinə də kömək etmişdir. Bununla belə, təcrübəsiz təhqiqatçılar tərəfindən birdən-birə hərbidə yayılmağa başlayan sərt taktikaların tətbiq edilməsi ilə hətta Fallonun fikirləri də qəbul edilmədi. Bu gün isə elm nəhayət Kleynman və Fallonun tərəfindədir. Ötən beş il ərzində insanların sirlərini üzə çıxarmaq üçün nəyin effektiv olduğunu araşdıran bir qrup tədqiqatçı işgəncənin düzgün metod olmadığını göstərən sübutlar tapıb. Onların göstərdiyi yolun isə işgəncə və zorakılıqla heç bir əlaqəsi yoxdur. Əksinə, tədqiqatçılar şübhəlilərin danışdırılması üçün psixoterapiyadan üsullar götürür və beynimizin həqiqəti yalandan ayırmaq üçün informasiyanı necə emal etdiyini araşdırırlar.
ABŞ Konqresi bu yeni sorğu üsulunu hökumət səviyyəsində rəsmiləşdirmək üçün yeni bir qanun qəbul edə bilər. Bu qanunun 11 sentyabr hadisələrindən sonra yol verilən səhvlərin təkrarlanması üçün görünməmiş imkan yaradacağını bildirən Fallon deyib: "Əgər o vaxtlar bu gün mümkün olan tədqiqatları apara bilsəydim, tarixin gedişatını dəyişə bilərdim." 2002-ci ildə Ceyms Mitçel və Con "Brus" Cessenin MKİ üçün işləməyə başlamaları ilə ABŞ-ın sorğu metodlarında dönüş oldu. Bu iki psixoloq ABŞ-ın hərbi hava qüvvələrinin "Xilas olma, Yayınma, Müqavimət və Qaçış" proqramı ilə pilotların düşmən əlinə keçmələrinə qarşı hazırlanmasında iştirak edib .
2009-cu ildə "terrorla mübarizə"nin ilk günlərində yol verilən zorakılıq hallarından sonra terrorçuların dindirilməsində yeni mərhələ başlatmaq üçün Prezident Barak Obama tərəfindən yaradılan və Federal Təhqiqat Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və Dövlət Departamentindən kəşfiyyat ekspertlərini bir araya gətirən qrup (Mühüm Məhbusların Dindirilməsi Qrupu) "HIG" üçün bu sual mühüm bir prioritetə çevrilmişdir. "HIG" qrupu 2012-ci ildə ABŞ-ın Liviyanın Benqazi şəhərində yerləşən diplomatik nümayəndəliyinə hücumda ittiham edilmiş Əhməd Əbu Xatallah və 2013-cü ildə Bostonda törədilən terror hücumunun şübhəlilərindən biri Cövhər Tsarnayev kimi şəxslərin sorğusunu aparmışdır. Bu qrup 2010-cu ildən bu yana sorğu metodlarının dəyişdirilməsinə çalışan tədqiqatçıları da dəstəkləmişdir.
Yalan söyləyənlərin yüksək emosional stress altındaykən özlərini büruzə verdikləri düşüncəsini təsdiqləyən güclü bir sübut da yoxdur. Yalan detektoru, yəni poliqrafların da yalan söyləyərkən ürək döyüntüsünün tezləşməsi və tərləmə kimi halları üzə çıxardığı etibarlı mənbə hesab olunmur. Şübhəlilərin dindirilməsi üzrə yeni metodların araşdırılması zamanı stres yox, insanları hadisələr haqqındakı məlumatları xatırlamağa kömək edən və yalan söyləyənlərin uydurduqları hekayələri davam etdirmələrini çətinləşdirən sorğu üsulları ön planda tutulub. Bu baxımdan əsas üsullardan biri psixoloq Ronald Fişer tərəfindən hazırlanmış "koqnitiv müsahibə" üsuludur. Belə ki, bu üsulla şübhəlilərə suallar vermək əvəzinə gözlərini bağlayıb mühüm bir görüş zamanı baş verənləri xatırlamaları və ya görüşün baş tutduğu otağın eskizini çəkmələri, hadisələrin üstündən dəfələrlə keçmələri və önəmli hesab edib-etməmələrindən asılı olmayaraq, xatırladıqları hər şeyi demələri söylənilir. Bu üsulla birbaşa sual verilməsindən fərqli olaraq, daha çox məlumat almaq mümkün olur. Bu metodla yalan söyləyənlərlə doğru söyləyənləri ayırmaq da mümkündür. Belə ki, koqnitiv müsahibə zamanı insanlar hadisələri xatırlamağa çalışarkən doğru məlumat verirlərsə, daha uzun və ətraflı cavablar verirlər. Yalan söyləmək və bunu gizlətməyə çalışmaq psixoloji baxımdan daha çətindir. Şübhəli şəxsləri hadisələri əks istiqamətdə danışdırmaqla da yalan söyləyib-söyləmədiklərini daha asan aydınlaşdırmaq olar.
Yalan məlumatların aşkar edilməsi üçün istifadə oluna biləcək digər metodlardan biri də şübhəli şəxsə qarşı əldə olan məlumatın sorğunun əvvəlində istifadə edilməməsidir. Əks halda, şübhəlinin öz hekayəsini faktlara uyğunlaşdırması daha asan olur. Ancaq metodların tətbiq edilməsi üçün şübhəli ilk növbədə danışmağa başlamalıdır. İnadkar terrorçuların yalnız psixoloji əziyyət verildikdən sonra danışacaqları düşüncəsi Mitçel və Cessenin taktikalarından irəli gəlir. Tədqiqat isə göstərir ki, şübhəli ilə qarşılıqlı əlaqə qurmaq daha yaxşı nəticə verir. Bu məlumat mühüm bir mənbədən, Britaniyanın hüquq-mühafizə orqanlarının sonradan terrorizmdə təqsirli bilinən 49 şübhəli ilə aparılan sorğuların videolarından gəlir.
Britaniyanın şübhəlilərin dindirilməsi ilə bağlı öz keçmişi də qaranlıqdır. 1970-ci illərdə İrlandiya Respublika Ordusu tərəfindən törədilən bomba hücumlarından sonra yanlış qərarlar verilməsi, Birmingemdə 21 nəfərin həlak olması ilə nəticələnən bomba hücumlarında təqsirli bilinən 6 şəxsin 17 il həbsdə qaldıqdan sonra düzgün qərar verilməməsinin məlum olması ilə 1991-ci ildə azadlığa buraxılmaları kimi hallar buna misal ola bilər.
Hazırda britaniyalı təhqiqatçılar bu cür halların qarşısını almaq üçün ittihamedici taktikalardan istifadəni qadağan edən ciddi sorğu qaydalarına əməl etməli və şübhəlilərin dindirilməsi qeydə alınmalıdır. Liverpul Universitetində çalışan psixoloq Elisonun araşdırması göstərib ki, şübhəli şəxslə qarşılıqlı əlaqə və anlaşma qura bilən təhqiqatçılar daha çox məlumat əldə edə və şübhəlilərin sorğudan yayınmaq üçün müsahibə baxmamaq, suallara cavab verməmək və mövzunu dəyişmək kimi taktikalardan istifadə etmələrini minimum səviyyəyə endirə biliblər. Elisonun irəli sürdüyü fikirlər məntiqə zidd səslənə bilər. Belə ki, o, şübhəlilərin susma haqqından istifadə etmələrinə nə qədər çox imkan verilərsə, onların danışma ehtimallarının o qədər artdığını deyir.
Tarixin ən mühüm təhqiqatçılarından biri ikinci dünya müharibəsi dövründə Almaniya tərəfindən ələ keçirilmiş amerikalı pilotlatın dindirilməsini həyata keçirən Hans-İoahim Şarfdır. Şarf şübhəlilərə suallar vermir, sadəcə onlardan təqdim etdiyi "faktları" bilib-bilmədiklərini demələrini istəyirdi. Bu "faktlar"dan bəziləri doldurmaq istədiyi boşluqlar olur və Şarf həmin məlumatların təsdiqlənməsinin xüsusi əhəmiyyət daşıdığını heç bir şəkildə göstərmirdi. Onun sorğuya çəkdiyi pilotlar da Şarfa yeni heç bir şey demədiklərini düşünür və onun nəyi tapmağa çalışdığını bilmirdilər.
Kleynman və Fallon indiyə qədər aparılan araşdırmaları nəzərə alaraq, ABŞ Silahlı Qüvvələrinin təhqiqat üzrə təlimat sənədlərinin yenidən yazılmasının vaxtı olduğunu fikrini irəli sürürlər. Həmin sənədlərdə alçaldıcı metodlar qadağan edilsə də, aparılan son tədqiqatın nəticələrini özündə əks etdirmir. Arizona ştatının respublikaçı senatoru Con Makkeyn tərəfindən təqdim olunan "Milli Müdafiəyə İcazə" haqqında illik qanuna 2016-cı il üçün edilən düzəliş sayəsində sənədlərin yenidən yazılması tezliklə baş tuta bilər. Qanuna düzəliş edilməsində əsas məqsəd MKİ də daxil olmaqla, ABŞ-ın bütün milli təhlükəsizlik agentliklərindən təlimat sənədlərinə riayət edilməsini tələb etməklə işgəncənin qadağan edilməsidir. Ancaq düzəlişdə eyni zamanda bir il ərzində təlimat sənədlərinə yenidən baxılması da tələb edilir. Sonradan isə hər il üç ildən bir dəyişikliklər edilməsi nəzərdə tutulur.
Sentyabr ayında yenidən işə başlayan Konqres qanun layihəsinin Nümayəndələr Palatası və Senat tərəfindən irəli sürülən versiyaları arasındakı fərqləri uzlaşdırmalı və imzalanması üçün Prezident Obamaya göndərməlidir. Fallon və Kleynman Vaşinqtonun partiyalararası çəkişmələri kənara qoyub təlimat sənədlərini yeniləyəcəyinə ümid edir.