“Hər kəs qanuna tabe olmalıdır” Hadisə

“Hər kəs qanuna tabe olmalıdır”

Mübariz Qurbanlı: "Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir"

"Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Dünyanın heç yerində qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərilmir, göstərilən yerdə də cəzası verilir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı bildirib ki, Nardaranda baş verən hadisələrə görə məsuliyyət bunu törədənlərin üzərinə düşür: "Bu şəxslərin bir qismi saxlanılıb, istintaq-əməliyyat işləri aparılır, onlarla bağlı olan şəxslər də müəyyənləşdirilir. Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir".
Mübariz Qurbanlı Nardaranda müxəlif bayraqların asılmasına da toxunub: "Azərbaycanda bayraq haqqında qanun var. Bayraq qaldırmaq ehtiyacı olan yerdə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər, bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir".

Mübariz Qurbanlı qeyd edib ki, dini etiqad azadlığı haqqında qanuna müxtəlif əlavə və dəyişikliklər edilməlidir: "Bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus modeli daha da təkmilləşdirməliyik".
Mübariz Qurbanlı bildirib ki, kimlərinsə din adı altında milli maraqlara, dövlətə, milli ideologiya olan azərbaycançılığa zidd fəaliyyət göstərməsinə imkan verilməməlidir: "Bizi birləşdirən azərbaycançılıq vahid ideologiyadır. Bizim milli kimliyimiz, dinimiz var və dinə münasibət də həmişə dövlət tərəfindən müdafiə olunub. Ölkəmizdə dini etiqad azadlığı var, hətta dövlət tərəfindən dini icmalara yardımlar edilir. Belə olan şəraitdə kimlərsə din adı altında öz məqsədlərini həyata keçirmək istəyirlərsə, bu, yolverilməzdir".
Mübariz Qurbanlı komitənin dini təhsil sahəsində təkliflərinin olduğunu söyləyib: "Azərbaycanın dini ayinlər icra olunan məbədlərdə, məscidlərdə, qeyri-islami ocaqlarda bu və ya digər dini ayin icra edən şəxs mütləq ilkin dini təhsili Azərbaycanda almalıdır. Çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil alıb, sonra gəlib təkrar burada təhsil alır, deyirlər ki, bəli, Azərbaycanda dini təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə yüksək dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır. Din-dövlət münasibətlərində elə bir model tətbiq olunmalıdır ki, burada kimlərsə dini siyasiləşdirməsin, dindən sui-istifadə edə bilməsin".