Gömrük Komitəsi böhtana cavab verdi Hadisə

Gömrük Komitəsi böhtana cavab verdi

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində "Gömrük MTN adına əlilin malını mənimsəyib" başlıqlı yazının dərc olunmasına münasibət bildirib.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yazı həqiqəti əks etdirmir və böhtan xarakterlidir: "Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 saylı fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 12-ci bəndinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyəsinə Milli Təhlükəsizlik Nazirliyinin icazəsi əsasında yol verilir. Beynəlxalq poçt göndərişləri vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 71, mənzil 5-də yaşayan Məğrub Ağamalı oğlu Bədəllinin adına daxil olmuş poçt bağlamalarına rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən bağlamalarda gizli kameralarla təchiz olunmuş müxtəlif əşyaların olduğu aşkar edilmişdir. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı" haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən bu cür mallar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr hesab olunur. Bu səbəbdən, mallar saxlanılmış və malların buraxılması üçün Milli Təhlükəsizlik Nazirliyindən müvafiq icazə alınmasının zəruriliyi barədə vətəndaşa məlumat verilmişdir. Müvafiq icazə sənədi vətəndaş tərəfindən gömrük orqanına təqdim edilmədiyinə görə, qeyd edilən mallar ölkə ərazisinə buraxılmamışdır. Saxlanma müddəti ərzində də icazə sənədi təqdim edilməmiş və saxlanma müddəti bitdiyinə görə mallar Poçt Daşıma Mərkəzi tərəfindən CN 31, CN 38 və CN 33 qaimələri əsasında geri qaytarılıb".

Məlumatda qeyd edilir ki, Məğrub Bədəllinin bu məsələ ilə əlaqədar DGK-ya daxil olmuş müraciətlərinə baxılmış və nəticəsi barədə vətəndaşa yazılı məlumat verilib, malların buraxılmamasının səbəbi aydın şəkildə izah edilib.
Xatırladaq ki, internet alqı-satqı saytlarında alıcılara "casus kamera" adı ilə təklif olunan bu malların hansı məqsədlə idxal etdiyini izah etməyən vətəndaş əvvəlki müraciətlərində malların 150 manatadək dəyərdə olduğunu göstərdiyi halda, həmin mallar üçün 1500 dollar ödədiyini bildirmiş, həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlarla bəzi KİV-ə müraciət edib.