“Helsinki Komissiyasının layihəsindəki əsassız fikirləri təkzib edən sübutlar Konqresə çatdırılacaq” Hadisə

“Helsinki Komissiyasının layihəsindəki əsassız fikirləri təkzib edən sübutlar Konqresə çatdırılacaq”

"ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində Azərbaycanda dini sahə ilə bağlı irəli sürülən əsassız fikirləri təkzib edən sübutlar ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə ABŞ Konqresinə çatdırılacaq".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: "Guya Azərbaycanda babtistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bunlar absurd və gülünc fikirlərdir. Mən bu barədə fikirlərimizi iki gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya çatdırdım və müvafiq sənədləri təqdim etdim. Göstərdik ki, Azərbaycanda baptistlərin, protestantların, lüteranların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidir və pravoslav, katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər. Layihədə Yeqova şahidlərinin də adı çəkilir. Yeqova şahidlərinin Azərbaycanda icması da, fəaliyyəti də var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib. Bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlar, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli sayırıq. Helsinki Komissiyasının layihəsinin indiki şəraitdə ortaya çıxması təxribat xarakterlidir və Konqresdə dəstəklənəcəyinə inanmıram. İnanmıram ki, konqresmenlər belə bir qərəzli sənədə səs vermiş olsunlar, ABŞ hökuməti də bu sənədin həyata keçməsinə şərait yaratsın. Helsinki Komissiyasında Kristofer Smit adlı ermənipərəst konqresmenin fəallığı ilə bu sənəd ortaya çıxıb".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında komitə sədri Mübariz Qurbanlı ölkədə fəaliyyət göstərən dini icmaların Konqresə birgə müraciət etməsi təklifini irəli sürüb.