“Forum ölkəmiz üçün nüfuz məsələsidir” Hadisə

“Forum ölkəmiz üçün nüfuz məsələsidir”

Fərəc Quliyev: "Bu cür ciddi beynəlxalq tədbirin bizim ölkədə keçirilməsi və orada müzakirə olunan məsələlər mühüm əhəmiyyət daşıyır"

Dilarə Cəbrayılova: "Azərbaycan tarixən dinlər və millətlərarası münasibətdə tolerant ölkə kimi birinciliyini qoruyub-saxlayıb"

Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə predmetinə çevrildi. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil oldu.
Onu da bildirək ki, Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. Şərhçilər Forumun ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyirlər.
Millət vəkili Fərəc Quliyev bildirir ki, Forum ölkəmiz üçün nüfuz məsələsidir: "Bu cür ciddi beynəlxalq tədbirin bizim ölkədə keçirilməsi və orada müzakirə olunan məsələlər mühüm əhəmiyyət daşıyır. Tədbirin tərkibi də çox zəngindir. Prezidentlər, eks-prezidentlər, baş nazirlərin iştirak etməsi orada aparılacaq müzakirələrin əhəmiyyətini göstərir. Digər tərəfdən, Azərabycanı tanımaq, Azərbaycanın özünü təqdim etmək baxımından da mühüm amildir. Ümumiyyətlə, açıq cəmiyyət prinsipi iqtisadi, mədəni, siyasi, həm də sosial sferalarda idarəetmədə liberallığı təmin etmək üçün bir sistemdir. Ona görə də məsələnin bu mövzuda qoyulması da Azərbaycanın daxili siyasətinə xeyli təsir edəcək ki, burada hökumətin fəlsəfəsi oturuşsun.
Həm də dünyaya inteqrasiya baxımından bunların əhəmiyyəti böyükdür. Azərbaycanın ciddi problemləri var. Prezidentin də çıxışında daha çox Qarabağ məsələsinə toxunması onu göstərir ki, hansı mövzu müzakirə olunursa olsun, milli maraqlarımızın müdafiəsi baxımından bir çox dövlətlərin qarşısında bu məsələnin qaldırılması vacibdir. Ona görə də bütün mənalarda Azərbaycanın həm inteqrasiya, həm perspektiv baxımından əhəmiyyətli tədbir oldu".
Millət vəkili Dilarə Cəbrayılova isə deyib ki, dünyanın mərkəzinə, döyünən ürəyinə çevrilən doğma Bakımız növbəti möhtəşəm beynəlxalq tədbirə - Qlobal Bakı Forumuna ev sahibliyi etdi: "Bu faktor kifayət qədər təsdiq edir ki, Azərbaycan eyni zamanda beynəlxalq aləmin düşünən beyini rolunu üzərinə götürüb". Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın bir sıra ölkələrində qlobal siyasi problemlər yaşandığı halda, Azərbaycanda bu tendensiya müşahidə edilmir. Ona görə də belə bir Forumun məhz Bakıda keçirilməsi əhəmiyyəti ildən-ilə daha da artmaqdadır: "Təbii ki, xarici siyasətdə uğurların əldə edilməsi üçün ilk növbədə daxili prosesləri tənzimləmək vacibdir ki, ölkəmizdə bu amil daim mövcud olub. Təkcə bir misal gətirmək istərdim. Məsələn, dünyada 7-8 il öncə başlanan iqtisadi böhran yalnız ötən il Azərbaycana cüzi təsirlərini göstərdi ki, artıq ölkəmizdə həmin böhran tam olaraq nəzarətə götürülüb. Dövlət başçımız keçirdiyi bir sıra toplantılarında vurğulayıb ki, dövlətin əsas məqsədi xalqın böhrandan zərər görməməsidir. Bunun üçün bir çox qabaqlayıcı tədbirlər reallaşdırılıb. Hətta xarici ölkələrdə fəaliyyət göstərən iri şirkətlər, holdinqlər on minlərlə işçilərini ixtisara saldığı halda, Azərbaycanda yeni iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Məhz bu faktı başqa heç bir dövlətdə görmək mükün deyil".
Dilarə Cəbrayılova Forumun əhəmiyyətinin həm nüfuzlu iştirakçı heyəti, həm də müzakirə edilən məsələlərin aktuallığı ilə təsdiq edildiyini vurğulayaraq qeyd edib ki, tədbir həmçinin, xalqımızın bir nömrəli problemi kimi qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin xeyrinə həll edilməsinə də töhfəsini vermiş olur: " Ölkə başçısı öz nitqlərində beynəlxalq təşkilatlara işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən əhəmiyyətli fikirlərini önə sürür, o cümlədən, norma və qərarların yerinə yetirilməsinə imkan verən yeni həll mexanizmlərinin hazırlanmasının vacibliyi barədə mühük faktlar ortaya qoyur. Cənab Prezident bununla xarici ölkə liderlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, əgər bu münaqişə ədalətli prinsiplər əsasında həll olunmzsa, dünyada yeni siyasi təhdid mexanizimləri işə düşə bilər ki, bu da çox təhlükəli bir haldır. Ona görə ki, ərəb ölkələrində gedən məlum müharibələr də belə qənaətə gəlməyə zəmin yaradır. Xüsisilə bu faktor Avropadakı miqrasiya böhranı fonunda getdikcə hiss edilir. Bu baxımdan, vəziyyətin getdikcə daha mürəkkəbləşməməsi üçün avropalı siyasətçilər "dondurulmuş" münaqişələri birmənalı olaraq gələcək dünya xəritəsinə təhdid kimi dəyərləndirirlər. Biz Bakı Forumunda müxtəlif tanınmı siyasi xadimlərin bu əsnadakı çlxışlarının şahidi olduq".
Millət vəkili bu cür mühüm tədbirlərin yaxın gələcəkdə də keçiriləcəyini deyərək onu da xatırladıb ki, bu il Azərbaycanda multikulturalizm ili elan olunub ki, bu da belə tədbirlər çərçivəsində olduqca əhəmiyyəti ilə seçilir: "Azərbaycan tarixən dinlər və millətlərarası münasibətdə tolerant ölkə kimi birinciliyini qoruyub-saxlayıb. Bu gün də həmin fakt inkişaf etdirilir. Ölkəmizdə mövcud olan reallıqlar istər-istəməz beynəlxalq aləmdə nəzərə çarpır, yüksək qiymətləndirilir. Təbii ki, sabit, sülhpərvər və demokratik mövqeyi ilə dünyada söz sahibinə çevrilən Azərbaycan öz uğurlarını bundan sonra da davam etdirəcək".