90 jurnalist mükafatlandırıldı Hadisə

90 jurnalist mükafatlandırıldı

Vüqar Səfərli: "Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib"

Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu ilin yanvar ayının 28-dən elan edilən müsabiqənin mart ayının 4-də başa çatdığını bildirib.
Onun sözlərinə görə, müsabiqə 15 istiqamət üzrə keçirilib.
"Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə15 nəfər birinci, 30 nəfər ikinci, 45 nəfər isə üçüncü yerə layiq görülüb. Ümumilikdə 90 nəfər qalib olub", - deyə o bildirib.
Vüqar Səfərli diqqətə çatdırıb ki, bugünkü tədbirdə iki və üçüncü yerlərin qalibləri mükafatlandırılacaq: "Birinci yerləri tutan qaliblər isə Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə mükafatlandırılacaq".
İcraçı direktor müsabiqəyə təqdim edilən bəzi yazılarda köçürmə hallarının qeydə alındığını da bildirib: "Çox təəssüf ki, həmin yazılar müsabiqədə qalib olmadıqda onların müəllifləri bunun səbəbi ilə maraqlanmırlar. Amma maraqlansaydılar biz onlara faktlarla haradan, internetdən hansı mənbələrdən köçürdüklərini göstərərdik".
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər müsabiqəyə təqdim olunmuş yazılar barədə fikirlərini bildiriblər.
Qaliblər arasında "Xalq Cəbhəsi" qəzetinin də əməkdaşları var.