Xan çinarın şah budağı Hadisə

Xan çinarın şah budağı

Akademik Cəmil Əliyevin 70 illik yubileyinə

... Ağacın kökləri nə qədər sağlam və dərindirsə, onun gövdəsi də güclü olur, daha çox yüksəyə ucalır, günəşdən daha çox işıq və istilik alır, daha çox qollu-budaqlı olur.
... Kim deyir ki, insanlar ağaclara oxşamırlar? Görkəmli insanların, tanınmış ailələrin nəsil şəcərəsini gözümüz önünə gətirdikdə onun qollu-budaqlı, çoxəsrlik çinar ağacına bənzəyişini görürük.
... Yəqin ki, akademik Cəmil Əliyev nə babası Məmmədkərim Qurbanəli oğlunun İrəvan yaxınlığındakı Hamamlı kəndindəki mülkünü, nə də ulu babası məşhur İrəvan əsilzadələrindən olan İbrahim bəy Süleymanbəyovun İrəvandakı imarətini görüb. Çünki o gözəl yurdlar 1918-ci ildə erməni-daşnak başkəsənləri tərəfindən qəsb olundu, dağıdıldı, o torpaqların özü qədər gözəl olan sakinləri dədə-baba yurdlarından didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər.
... Amma mən dəqiq bilirəm ki, akademik Cəmil Əliyevin xəyalı, duyğuları, arzuları tez-tez babalarının nəşi yatan o torpaqları, ruhu yaşayan o səmaları dolaşır...
Ata-baba ocağından ayrı düşən Əziz Məmmədkərim oğlunun ailəsi Naxçıvanın Şahtaxtı və Cənubi Azərbaycanın Ərəblər kəndində bir müddət yaşadıqdan sonra Bakıya köçür və 1923-cü ildən sonrakı taleyini bu böyük şəhərlə bağlayır.
Fövqəladə ağlı, istedadı, biliyi və çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin sonuncu övladı Cəmilin uşaqlıq illəri atasının repressiya dövrünə düşdü.
... Atasızlıq ağır bir yük kimi hələ bərkiməmiş çiyinlərinə düşəndə yeniyetmə Cəmilin 15 yaşı var idi. Ata itkisi hər yaşda ağırdır və bu ağırlığın fiziki və maddi yükündən mənəvi əziyyəti çoxdur. Atam vəfat edəndə mənim 25 yaşım var idi, Tibb İnstitutunu təzəcə bitirib Gəncədə həkim işləyirdim. O itkinin mənəvi zərbəsindən uzun müddət özümə gəlmədim. Hətta 55 yaşımı haqladığım indinin indisində də hərdən atamın yoxluğunun mənəvi boşluğunu böyük türk şairi Nazim Hikmət demişkən, "çiynimdən kəsilən qol yeri kimi" hiss edirəm. O ki qaldı 15 yaşında yeniyetmənin hissiyyatları...
Atasız instituta daxil olmaq, atasız institutu bitirib ixtisas seçmək, ailə qurmaq, 25 yaşında namizədlik, 32 yaşında doktorluq müdafiə edib tibb doktoru, daha sonra dosent və professor vəzifələrinə layiq görülmək. Uğurdan doğan sevinci bölüşmək ehtiyacı uğursuzluqdan doğan kədəri paylaşmaq ehtiyacı qədər təbii hissdir. Yanında ata yox idisə də, Cəmil müəllimin sevincini bölüşən anası, özündən böyük qardaşı, bacıları, yaxın qohumları və dostları var idi. Heç şübhəsiz ki, bu uğurların əsasında soy-kökdən gələn istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı. İrəvanın kübar-ziyalı mühitindən qaynaqlanan ailə ənənələri görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı professor Əziz Əliyevin Bakıda, Cənubi Azərbaycanda, Dağıstanda, Moskvada yaşadığı illərdə dostluq etdiyi Azərbaycanın və ovaxtkı SSRİ-nin tanınmış ziyalıları, elm və mədəniyyət xadimlərinin təsiri ilə daha da zənginləşmişdi.
Burada Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə Ümummilli lider Heydər Əliyevin nitqindəki fikirlər necə də yerinə düşür: "Bütün tibb professorları onun dostları idilər. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı".
Professor Cəmil Əliyevin həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım və Zərifə xanım Əliyeva ilə yanaşı, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və Orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.
Gənc yaşlarından həyatını tibb elminin çətin və mürəkkəb sahəsi olan onkologiyaya bağlamış akademik Cəmil Əliyev qısa müddətdə böyük uğurlara imza atmış, bu sahədə, demək olar ki, bütün mövcud olan zirvələri fəth etmişdir. O, onlarla alimin elmi rəhbəri, yüzlərlə elmi məqalənin müəllifi, bir çox akademiyaların üzvü, elmi mərkəzlərin və universitetlərin professoru, çoxlu mükafatlar laureatı, Əməkdar elm xadimi, akademik Əhliman Əmiraslanovla birlikdə müasir Azərbaycan onkologiya məktəbinin banisidir. Belə uğurlar, heç şübhəsiz ki, hər kəsə qismət olmur, göydən düşmür və bir günün içində də yaranmır. Elmdə, xüsusi ilə tibb sahəsində, belə zirvələri fəth etmək üçün parlaq fitri istedad, dərin ağıl və yüksək intellektlə yanaşı, gərgin əmək, prinsipiallıq, məqsədyönlülük, ardıcıllıq, mübarizlik, bir sözlə, kamil şəxsiyyətlərə məxsus xarakter olmalıdır; lider xarakteri, alim xarakteri, kişi xarakteri! Bəlkə də, bu xarakterin səbəbindəndir ki, 50 ilə yaxın əmək stajı olan akademik Cəmil Əliyevin əmək kitabçasında cəmi iki müəssisənin adı yazılmışdır: 1968-ci ildə laborant vəzifəsinə qəbul olunduğu, 1994-cü ildən isə Onkologiya kafedrasının müdiri seçildiyi, atasının adını daşıyan Həkimləri Təkmilləşdirmə İnstitutu və 1978-ci ildən həyatını bağladığı, 1990-cı ildən isə baş direktoru olduğu Milli Onkologiya İnstitutu.
Cəmil müəllim 1973-cü ildə Bakıda "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edəndən sonra elmi araşdırmalarını davam etdirmək məqsədi ilə Moskvaya yollanır. Burada 1973-78-ci illərdə Rusiya Tibb Elmlər Akademiyasının Onkoloji Məkəzində elmi işçi, böyük elmi işçi vəzifələrində doktorluq dissertasiyası üzərində gərgin çalışır. O, 1978-ci ildə 32 yaşında Moskvada "Dəri xərçəngi və melanoma zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bu məqalədə dissertasiyaların adlarını göstərməkdə məqsədim ondan ibarətdir ki, indi çox geniş yayılan və bəzən, təəssüf ki, lüzumsuz estetik dəb xətrinə, üzdə və bədənin müxtəlif nahiyələrində aparılan plastik əməliyyatlar hələ ötən əsrin yetmişinci illərində azərbaycanlı alim Cəmil Əliyev tərəfindən təklif edilmişdir.
Cəmil müəllimin onkologiyada elmi kəşf səviyyəsində təklif etdiyi daha bir yenilik isə süd vəzi xərçəngi zamanı orqansaxlayıcı əməliyyata üstünlük verilməsi, orqanın mümkün qədər çox saxlanılması metodikası idi. Doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bakıya qayıdan Cəmil Əliyev Səhiyyə Nazirliyinin Rentgenologiya, Radiologiya və Onkologiya Elmi Tədqiqat İnstitutunda şöbə rəhbəri, iki il sonra isə elmi işlər üzrə direktor müavini, 1990-cı ildən sonra isə artıq Milli Onkologiya Mərkəzinə çevrilmiş bu böyük elmi-tibbi müəssisənin Baş direktoru təyin edilir.
Elmi nailiyyətlərinə görə 2000-ci ildən Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görülən professor Cəmil Əliyev 2001-ci ildə 3 akademiyanın - Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Daha sonrakı illərdə isə Cəmil müəllim Beynəlxalq Ekoenergetika Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilir və bir sıra beynəlxalq mükafatlara layiq görülür.
Elmi nailiyyətlərin və təltiflərin siyahısını daha da uzatmaq olar. Lakin mən bir mühüm zaman kəsiyinə və həmin tarixlərdəki uğurlara diqqət yönəltmək istəyirəm:
1987-ci il - Cəmil Əliyevə SSRİ Ali Attestasiyası Komissiyası tərəfindən elmi kadrların yetişdirilməsi sahəsində xidmətlərinə görə onkologiya ixtisası üzrə professor elmi adı verilmişdir.
1988-ci il - professor Cəmil Əliyev "Həkimlər Nüvə müharibəsi əleyhinə" Beynəlxalq Təşkilatının Azərbaycan Komitəsinin sədri seçilmişdir.
1990-cı il - professor Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin baş direktoru təyin edilmişdir.
1991-ci il - professor Cəmil Əliyev Hammersmit (London) Universitetinin fəxri professoru seçilmişdir.
1993-cü il - professor Cəmil Əliyev "Onkologiya və şüa diaqnostikası, şüa terapiyası" ixtisasları üzrə dissertasiya şurasının sədri təyin edilmişdir.
... Bəli, düz tapmısınız. Bu tarixlər Cəmil Əliyevin bacısının həyat yoldaşı, Ümummilli lider Heydər Əliyevin istefada və siyasi müxalifətdə olduğu illərdir. Bəlkə də, bu tarixləri xüsusi vurğulamağa ehtiyac da yoxdur. Heç şübhəsiz ki, akademik Cəmil Əliyev görkəmli alim və dövlət xadimi olan atası Əziz Əliyevlə də, bacısının həyat yoldaşı - dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevlə də, bacısı oğlu - Prezident İlham Əliyevlə də fəxr edir, qürur duyur.
Bu dahi şəxsiyyətlər təkcə öz əzizlərinin deyil, qanında millət və vətən sevgisi olan hər bir azərbaycanlının qürur mənbəyi, fəxarət yeridir.
Amma bir həqiqət də var ki, akademik Cəmil Əliyev həyatı boyu əldə etdiyi bütün elmi uğurlara özünün istedadı, zəkası və gərgin əməyi sayəsində imza atmışdır.
Son dərəcə təvəzökar, gözütox və mənəvi cəhətdən zəngin insan olan Cəmil müəllim təmtəraqlı təqdimatları, ekran-efir təbliğatını xoşlamır, hətta öz tədqiqatlarını və əldə etdiyi uğurları tibb ictimaiyyətinə belə "xəsisliklə" təqdim edir. Uğurlar isə çoxdur. Təkcə Cəmil müəllimin şah əsəri olan Milli Onkologiya Mərkəzinə - hər dövlətin malik olmadığı, son dərəcə müasir, funksional, gözəl və güclü bu elmi-tibbi müəssisəyə nəzər salmaq, onun işi ilə, peşəkar, işgüzar və intizamlı kollektivi ilə tanış olmaq akademik Cəmil Əliyevin öz dövləti və xalqı qarşısında nə qədər böyük xidmət göstərdiyini söyləməyə kifayət edər.
... Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında akademiyanın həqiqi üzvü Cəmil Əliyevin səhifəsində oxuyuruq: Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 450, xaricdə çıxmış elmi əsərlərinin sayı - 230, müəlliflik şəhadətnaməsi və patentlərin sayı - 11, rəhbəri olduğu fəlsəfə doktorları - 45 nəfər, elmlər doktorları - 8 nəfər...
Akademiyanın saytında çox mühüm başqa bir məlumat isə qeyd olunmayıb. Akademik Cəmil Əliyev həkim - alimlər dinastiyasının ağsaqqalı, Azərbaycan səhiyyəsinin banilərindən olan professor Əziz Məmmədkərim oğlu Əliyevin şöhrətli adını şərəflə yaşadan gənc və perspektivli alim, Azərbaycan tibb elmini dünyaya təqdim etməyə layiq olan professor Əziz Cəmil oğlu Əliyevin atasıdır. Bu məqamda müdrik atalarımızın - "yaxşı kişini oğluna görə tanıyarlar", - deyimi necə də yerinə düşür.
... Akademik Cəmil Əliyevin oğluna atası Əzizin adını qoyması nəvənin babasının şərəfli adını yaşatması istəyindən doğan, hər bir ataya mənsub təbii hissdir.
... Amma nəvə Əziz Əliyevin də baba Əziz Əliyev kimi tibb professoru, səhiyyə təşkilatçısı, prorektor və rektor olması artıq fövqəltəbii bir qüvvənin istəyindən doğan həyat hekayəsidir.
... Mən bilmirəm insanların nəsil şəcərəsinə niyə soy ağacı deyirlər. Bəlkə, Tanrı insanları da bitkilər kimi seçərək yaradıb, kiminə mamır qisməti, kiminə kol taleyi, kiminə də çinar ömrü yazıb.
... Mamırın varlığı, yoxluğu bilinməz..
... Arxasında bir dovşan gizlənərsə, kol özünü gərəkli sayar...
... Xan çinar isə yerdə dərin kökləri ilə möhkəm bağlı olduğu ana torpağa, göydə isə ulu Tanrının lütfünə söykənərək öz əsilzadə ömrünü yaşayır...
... Xan çinarın şah budağında yüzlərlə yuva qurulub, qaranquş yuvası, göyərçin yuvası da var, sığırçın, qarğa yuvası da. Xan çinar bunların fərqində deyil.
... Xan çinarın kölgəsində yüzlərlə yolçu dincəlir, yağmurdan, çovğundan daldalanır, günəşin yandırıcı istisindən kölgələnir. Gedəndə çinar ömrünə dua edənlər də olur, qol-budağını qırıb aparanlar da... Xan çinar isə bunların kimliyinin fərqində deyil...
... Xan çinar öz ömrünü yaşayır, qollu-budaqlı, şaxəli, çoxəsrlik Çinar ömrünü.
... Ağacdələn illər isə öz işindədir, artıq yetmişinci bahardır ki, xan çinarın şah budağını döyəcləyir...
... Xeyirliyə gəlsin!!!
... Mübarək olsun!!!

Musa Urud,
YAP Siyasi Şurasının üzvü,
millət vəkili