Ağ yelkənli gəmilər... Hadisə

Ağ yelkənli gəmilər...

Kanalizasiyada yox, dərin sularda üzür

Elçin Mirzəbəyli

"Media zəifdir..."
Dünənə kimi toy biznesinin aparıcı ruporu funksiyasını yerinə yetirən, ən iyrənc və ən bəsit dedi-qodulara qucaq açan, şou-biznes tör-töküntülərinin Azərbaycan xalqının dəyərlərinə, dünyagörüşünə meydan oxumalarına şərait yaradan, əxlaqsızlığı, üzdəniraqlığı təbliğ edən, antimənəviyyat ünsürlərinin axıdıldığı telekanalizasiyanın birdən-birə, hövlənək, yuxudan ayılaraq gəldiyi qənaət belədir...
...Bu adamlar ya öz kanallarında yayımlanan oğurluq-doğurluq verilişləri, serialları izləmirlər, ya da bu TV-nin efir siyasətini bir-biri ilə qarşıdurmada olan, bir-birilərinin nəinki kitabını, heç atmacalarını da oxumayan, dinləməyən ayrı-ayrı qruplar müəyyənləşdirir. Əks təqdirdə, danışmağa ÜZləri olmazdı. Ayaqlarını özgə atının ÜZəngisinə qoyub yerdən bu qədər ÜZülməzdilər.
"Media zəifdir..."
Bu sözü ənənələrinə uyğun bir şəkildə, utanmadan, abır-həya etmədən dilə gətirənlər, deyəsən özlərinin hansı sahədə çalışdıqlarını da unudublar. Ya da çox qəzəbləniblər...
Hansısa məmur qəzəbləndirib? Yaxud hansısa məmur başqa bir məmuru qəzəbləndirib?
Nə olub, nə baş verir?
Əgər bu açılımdırsa, o zaman siz gözünüzü yumub, ağzınızı açmısınız, ya da hələlik nümayiş etdimədiyiniz başqa bir yerinizi...
Əgər bu açılımdırsa, o zaman unutmayın, ağ yelkənli gəmilər kanalizasiyada yox, dərin sularda üzür...

Deməli belə...

Bu adamların indi yadına düşüb ki, sən demə media təmsilçiləri çatışmazlıqları, problemləri aşkara çıxarmalı, obyektiv, qərəzsiz informasiya siyasəti yürütməli, marifçilik missiyasını yaddan çıxarmamalı, cəsarətli, mətin, əzmkar olmalıdır...
Bu adamlar indi anlayıblar ki, kiçik "padşahlar" regionlarda sahibkarlığın inkişafına maneə yaradır, insanları təhdid və təzyiq altında saxlayırlar...
Amma bu adamlar hələ də başa düşə bilməyiblər ki, onlar bir müğənnini digərinə soydürüb pul qazananda, insanları sosial problemlərin müzakirəsindən sapındırmaq üçün ucuz mövzular, dedi-qodular ətrafında şou yaradanda, diskussiya mədəniyyətini saçyoldu səviyyəsinə endirəndə, qurşaqdan yuxarı düşünməyi bacarmayanlara meydan açanda Azərbaycan mediasının ləyaqətli təmsilçiləri elə bu işlərlə məşğul olurdu...

Olmayan şeylərin nümayişi

Sadəcə onların öz bahalı maşınlarını, geyimlərini, əyləncələrini sosial şəbəkələrdə nümayiş etdirmək imkanları yox idi... və təbii ki, siz də onları görə bilməzdiniz. Olmayan şeyləri nümayiş etdirmək mümkün deyil, təbii ki...
Sizdən dəfələrlə çox layiq olduqları halda dəfələrlə az məvacib alan bu insanlar məhrumiyyətlərə qatlaşaraq, bir ayı o birinə zorla calayaraq, Azərbaycana, onun istiqlalına, bu gününə, sabahına ləyaqətlə xidmət ediblər. Və bir dəfə də olsun mövcud problemlərinin ağırlığını medianın, jurnalistikanın çiyinlərinə yükləməyiblər. "Media zəifdir", - deməyiblər.
Media zəif deyil, əksinə əvvəlkindən qat-qat güclüdür.
Azərbaycan dövləti müstəqil medianı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcəyinə zərrə qədər də şübhə etmirəm...
Sadəcə siz instagram, facebook hesablarınızdan yerə düşüb real həyatda baş verənlərin fərqinə varsanız, kimin zəif, kimin güclü olduğunu görə bilərsiniz.

Dolabdan keçən yol

...Azərbaycanda yeni bir mərhələ başlayıb, bunu görməmək mümkün deyil. İndi daha çevik, daha ardıcıl düşünmək və fəaliyyət göstərməyə ehtiyac var. Məsuliyyəti başqalarının üzərinə yükləmək, absurd iddia və ittihamlarla çıxış etmək güclü olmağın, yaxud zəifliyin göstəricisi sayıla bilməz. "Söz və fikir azadlığı" və bu kimi terminləri ard-arda düzməklə, ritorika və pafosla, dedi-qodu ilə, qabaqdangəlmişliklə... problemlərin gün işığına çıxarılmasının mümkünsüzlüyünü bəzilərinin "zəif" deyə aşağılamağa çalışdığı mediada çoxları yaxşı başa düşür.
Kimsə yönünü, istiqamətini, efir siyasətini dəyişmək istəyirsə, bunun yolu başqalarını aşağılamaqdan, zəif göstərməkdən yox, buraxılan səhvləri etiraf etməkdən, düzgün bir strategiya seçərək irəliyə doğru addımlamaqdan keçir.
Yolu müğənnilərin dolabındakı alt paltarların nümayişindən keçən bir telekanal üçün isə yeni dövrə uyğunlaşmaq deyəsən heç də asan olmayacaq...
P.S. Başınızı dolabdan çıxarın...