İranla hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Hadisə

İranla hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə naziri Zakir Həsənov: "Biz heç bir gücə Azərbaycan torpaqlarından istifadə etməklə qonşu ölkələrə hücum etməyə icazə verməyəcəyik"

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov dünən Tehranda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanla birgə mətbuat konfransı keçirib.
APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Z.Həsənov bu gün İrana səfərinin ikinci günü olduğunu deyərək, yüksək səviyyədə, səmimi və dostcasına cərəyan edən münasibətə görə iranlı həmkarına və bu ölkənin xalqına təşəkkür etdiyini bildirib: "Azərbaycan və İranın ortaq bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti İrana yüksək səviyyədə səfər etdi. Bu səfər nəticəsində iki ölkə arasında hərbi əməkdaşlıq da daxil olmaqla digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qərarlar qəbul edilib. Səfərimiz zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İranın müdafiə naziri və İran prezidentin birinci müavini ilə görüşlərimiz oldu və mühüm məsələləri nəzərdən keçirdik. Eyni zamanda regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bütün məsələlərdə fikirlərimiz eyni idi. İki ölkə arasında xüsusilə hərbi əməkdaşlıq sahəsində böyük potensial var. İranın müdafiə sənayesi yaxşı inkişaf edib. Bununla bağlı yaxşı danışıqlarımız olub və bu sahədə əməkdaşlığı davam etdirmək məsələlərini nəzərdən keçirmişik".
Z.Həsənov Azərbaycanda İrana hərbi müdaxilə etmək üçün İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib ki, Azərbaycanın nə quru, nə də su ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional təşkilatlarda ölkəmizin bu rəsmi siyasətini açıq şəkildə bəyan etmişik. Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz və biz heç bir gücə Azərbaycan torpaqlarından istifadə etməklə qonşu ölkələrə hücum etməyə icazə verməyəcəyik".
Qeyd edək ki, dünən Z.Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə də görüşüb. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və sabitlik məsələləri əsas müzakirə mövzusu olub.
H.Firuzabadi bildirib ki, son on il ərzində dəfələrlə iki ölkənin müdafiə nazirlərinin görüşləri olub və əməkdaşlıq proqramları həyata keçirilib: "Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesinin istehsalı olan məhsullarla təmin edir. Bugünkü görüşdə də hərbçilərin təlimi, dostluq görüşlərinin təşkili, Azərbaycan Ordusu üçün texnika və silahların təmini kimi məsələləri müzakirə etdik".