“IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” Hadisə

“IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)”

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradovun "IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)" kitabı işıq üzü görüb. Kitabda ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın ön sözü təqdim olunur. Əsər giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. "İlahi vəyhlər – Qurani-Kərim və hədis" adlı birinci fəsildə İslam dininin təşəkkül tapmasından, Qurani-Kərimdən, hədis və sünnədən bəhs edilib.
İkinci fəsil əl-Bərdicinin həyat və yaradıcılığına həsr olunub. Burada əl-Bərdicinin həyatı, təhsili, müəllimləri, tələbələri, elmi fəaliyyəti haqqında geniş məlumat verilib. Üçüncü fəsildə əl-Bərdici bir hədisşünas alim kimi nəzərdən keçirilib. Burada alimin "Səhabələrin Peyğəmbərdən "əl-kəbair" (böyük günahlar) mövzusuna dair rəvayətlərini ehtiva edən cüz kitabı" və "Səhabə, tabiun və hədisçilərin nadir adlarından bəhs edən təbəqat kitabı" əsərləri təhlil edilib.

Monoqrafiyada Əl-Bərdicinin dövrümüzə qədər gəlib çatmış əsərlərinin əlyazma nüsxələri, onların hazırkı vəziyyəti haqqında dəqiq məlumat verilir, ilk dəfə olaraq Azərbaycan oxucusuna alimin əsərlərinin çoxəsrli əlyazma nüsxələrinin surətləri təqdim edilir.
Qeyd edək ki, Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin "Qızıl dövrü" adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir. Ölkəmizdə onun elmi fəaliyyəti müfəssəl şəkildə ilk dəfə İ.Əlimuradov tərəfindən araşdırılıb və xarici tədqiqatçıların azərbaycanlı alimlə bağlı tənqidi fikirlərinə elmi şəkildə münasibət bildirilib.