DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilib Hadisə

DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilib

Dünən SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuat açıqlaması veriblər.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, açıqlamada deyilir: "SOCAR, Yunanıstann Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstanın Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan etmişdir. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb".
Məlumatda həmçinin deyilir ki, SOCAR, SNAM və Satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar: "Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin, tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".
SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.