Təhsil səbr gözləmir Hadisə

Təhsil səbr gözləmir

Yaxud təhsildə qənaət tərəfdarları üçün Zeynalabdin Tağıyev təcrübəsi

Arzu Şirinova

Millətin ən böyük kаpitаlı – təhsilli olmasıdır. Bu, məncə inkişaf etmiş dövlətlərin devizidir həm də...
Təhsilli olan xalq hələm-hələm yenilməz. Təhsilə yatırılan kapital bir neçə ildən sonra bar gətirən ağac kimidir. Qeydinə qalsan barını-bərəkətini yığılb-yığışdırmaqla qurtarmaz. Yox əgər qeydinə qalmasan....
...Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra dünyanın bir çox ölkələri ilə iqtisadiyyat, ticarət, mədəniyyət və eyni zamanda, təhsil sahəsində əməkdaşlıq etmək imkanları genişləndi. Təhsil sahəsində də bəzi işlərə imza atıldı. Tələbə mübadiləsinin əsası qoyuldu.
Ümumiyyətlə, xaricdə kadr hazırlığı müasir beynəlxalq təcrübədə kifayət qədər zəngin ənənələrə malikdir. Hazırda ölkələr arasında humanitar sahədəki beynəlxalq əməkdaşlıqda xaricdə təhsil xüsusi yer tutur. Azərbaycanda xaricdə təhsilin tarixinə diqqət yetirəndə aydın olur ki, soydaşlarımız, eləcə də vətəndaşlarımız ötən əsrlərdə müxtəlif ölkələrdə təhsil alıblar. 1918-ci ildə Xalq Cümhuriyyətini quran şəxsiyyətlərin demək olar li, böyük əksəriyyəti xaricdə təhsil alıb gələnlərdi. Planlı və məqsədyönlü şəkildə, dövlət səviyyəsində xaricdə təhsil isə XX əsrin əvvəllərindən, yəni Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanır. Bununla da Azərbaycanın təhsil tarixində dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil almalarının təməli qoyulub. Göndərilən tələbələrin 49-u Almaniya, 27-si Fransa, 4-ü İtaliya, 1-i İngiltərə, 6-sı Türkiyə və digər ölkələrin ali məktəblərinə yola salınıb. Lakin məlum səbəblərdən xalqımız xaricdə təhsil almağa göndərilən bu soydaşlarımızdan yetərincə bəhrələnə bilməyib. Belə ki, bolşeviklər hakimiyyəti ələ alır, Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayır, ilkin repressiya başlanır və bununla da xaricdə təhsil almağa göndərilənlərin bir qismi vətənə dönə bilmir. Sovetlər dövründə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olsa da, bu, həm məzmun, həm də miqyas baxımından fərqlənib. 1969-1970-ci dərs ilində respublikadan kənara nəzərdə tutulan 60 nəfərdən 47 nəfəri təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub və sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam etdirilib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%- ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb. Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra dövlət Təhsil Nazirliyinin xətti ilə xaricdə təhsil proqramlarını həyata keçirməyə başladı. Gənclərimizin dünyanın qabaqcıl ölkələrinin aparıcı ali məktəblərində təhsil almaları, elmin son nailiyyətlərinə və müasir texnologiyalara yiyələnmələri ölkəmizin gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir. Xarici ölkələrdə təhsil alan gənclərimiz bu ölkələrdə Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir. Azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərilməsində əsas məqsəd respublikanın gələcəyinə xidmət edəcək, Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etməkdir. Mahiyyətinə görə hazırda xaricdə təhsilin üç forması var:
1) Öz imkanları hesabına xaricdə təhsil.
2) Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil.
3) Dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil.
4) Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil.
Yüksək biliyə, zəkaya malik olan, ancaq maddi imkanı olmayan tələbər sözsüz ki, sonuncudan bəhrələnməkdə maraqlı olublar.
İndi isə bu sahədəki faktlara diqqət yetirək:
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" (Dövlət proqramı) çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanada (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində təhsil alırlar.
Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2016-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 177 605,9 min manat, o cümlədən 2016-cı ilin III rübü üzrə 20 776,6 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (12 980,23 min manat), təhsil haqqı (6 380,87 min manat), yol (583,32 min manat), sığorta (326,48 min manat), digər (483,3 min manat), viza və qeydiyyat (22,4 min manat) xərclərinin ödənilməsinə yönəldilib.
Gələn ildən isə xaricdə təhsillə bağlı Dövlət proqramına vəsait ayrılmayacaq. Necə deyərlər bu sahə üzrə xaricdə təhsil almaq istəyənlərin, əasasən imkansız ailələrin arzuları elə arzu olaraq qalacaq. İtirən isə Azərbaycan və xalqımız olacaq.
Azərbaycanda təhsilin səviyyəsindən dönə-dönə yazmışıq. Təhsildəki korrupsiyadan, özbaşınalıqlardan, bu gün tədrislə məşğul olan müəllimlərin əksəriyyətinin biliyinin yetərincə olmamasından və standartlara cavab verməməsindən, pedoqoji sahəyə üz tutan abitruyentlərin azlığından, olanlarından da aşağı balla bu sahəyə düşməsindən, təhsil işçilərinin əmək haqlarının aşağı olmasından və s. söz açmışıq. Və onu da vurğulamışıq ki, təhsili yüksək olan bir dövlətin bütün sahələrdə yüksəlişinin qarşısını hansısa qüvvə almaq iqtidarında deyil.
Azərbaycan iki iə yaxındır milli valyutasının dəyərinin yenməsini yaşayır. Devalvasiya bütün sahələrə təsirsiz ötüşməyib. O cümlədən təhsil sahəsinə də. Ancaq bu o demək anlamına gəlmir ki, xaricdə təhsilə ayrılan məlum vəsait kəsilməlidir. Əgər qənaət rejiminə keçmək kimi bir siyasət aparılırsa(?!) bunu başqa sahələrdə etmək də mümkündür. Məsələn, bəzi nazirliklərin, komitələrin binası olduğu halda-həm də lazımi səviyyədə-yenisinin tikilməsi üçün büdcədən vəsait ayrılmasına nə ehtiyac var? İki ildən bir hansısa nazirliyin binasının təmirinə, çəkilən yolların yenidən sökülərək çəkilməsinə nə ehtiyac var? Bu yerdə bir faktın üzərində dayanaq - Bakı-Quba yolu çəkilərkən söz verilmişdi ki, bu yol 25 il müddətinə olmaqla davamlıdır. Çünki beton olmaqla salınan bu yolun davamlılığı 25 il müddətə hüsablanmışdı. Ancaq bir müddət sonra çəkilən beton yol dağılmağa başladı. Hələ də dağıntılar davam edir, yenidən təmir də o cümlədən. Əksəriyyət də deyir ki, dövlətin büdcəsindən, neftdən gələn vəsaitlər bu illər ərzində belə layihələrə ayrıldı və ayrılan vəsait də təyinatı üzrə tam xərclənmədən şəxsi ciblərə dolduğundan vəziyyət heç olmayan kimi acınacaqlı hala gəldi.
Deyək ki, xaricdə təhsillə bağlı Dövlət proqramına vəsaitin ayrılmaması bu gün Azərbaycanın düşdüyü iqtisadi durumla bağlıdır. Və bu durumun keçici olduğuna ümüd edib, səbr etmək də olar. Ancaq təhsil səbr gözləmir axı. Yuxarıda da dediyimiz kimi bu gün təhsilə yatırıln kapital bir neçə ildən sonra gəlir gətirə bilər, həm də inanılmaz dərəcədə. Bunun üçün də dövlətin imkansızlığını(?!) nəzərə alan, bu dövləti, xalqı sevən ayrı-ayrı şirkət rəhbərləri, imkanlı şəxslər fəaliyyətə başlamalıdırlar. Azərbaycanın gələcəyinə sərmayə yatırmaq lazımdır ki, qüdrətli olsun! Azərbaycanın gələcəyinə sərmayə yatırmaq lazımdır ki, elmi, səhiyyəsi, iqtisadiyyatı, mədəniyyəti, təhsili, kənt təsərrüfatı dirçəlsin! Azərbaycanın gələcəyinə sərmayə yatırmaq lazımdır ki, sözünü demək, ərazi bütövlüyünü təmin etmək gücü olsun! Cənablar, Azərbaycanda Zeynalabdin Tağıyev təcrübəsi var. Ondan bəhrələnin ki, adınız yaşasın, iziniz qalsın!