1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışı olub Hadisə

1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı "ASAN kommunal" Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar "ASAN qatar"la tanış olub.
Dövlət başçısı mərkəzi işə salıb.
Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.
Pilot layihə çərçivəsində 1 saylı "ASAN kommunal" Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək. Mərkəzdə 3 qurum - "Azərişıq" və "Azərsu" Açıq Səhmdar cəmiyyətləri, həmçinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək.
Prezident İlham Əliyevə "ASAN ödəniş" sisteminin mobil tətbiqi barədə məlumat verilib. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər.
Prezident İlham Əliyevə "ASAN Radio"nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verilib.
Sonra dövlət başçısına "ASAN könüllüləri" təşkilatının fəaliyyəti, hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı "ASAN kommunal" mərkəzləri barədə məlumat verilib..
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Dövlət başçısı deyib ki, "ASAN xidmət"də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Prezident qeyd edib ki, "ASAN xidmət" hər bir sahədə öz təsirini göstərməlidir və göstərir:
"Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq "ASAN xidmət"in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. "ASAN xidmət", ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, "ASAN xidmət"in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da "ASAN xidmət" mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək".
Azərbaycan Prezidenti "ASAN viza"nın yaradılması haqında da söz açıb. Prezident İlham Əliyev deyib ki, "ASAN viza"nın yaradılması əslində bir zərurət idi: "Biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın".
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir: "Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün "ASAN viza" yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta "ASAN viza" hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artıb. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək".