Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib Siyasət

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib

Deputatlar 16 məsələni müzakirə ediblər

Milli Mıclisin payız sessiyasının ilk plenar iclası keçirilib. Deputatlar iclasın gündəliyinə daxil edilən 16 məsələni müzakirə ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib: “Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub”.
Sahibə Qafarova əlavə edib ki, ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə ikitərəfli görüşlər keçirib: “Slovakiya Respublikasının prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin prezidenti, TürkPA-nın baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.
Qeyd edim ki, Pan-Afrika Parlamentinin prezidenti cənab Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu da imzalandı. Bu, şəbəkənin yarandığı 5 il ərzində artıq onun imzaladığı 10-cu əməkdaşlıq sənədidir.
Onu da deyim ki, bu dövrdə 2 ölkənin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə Milli Məclisdə mənim görüşlərim olub”.
Daha sonra Milli Məclis 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyub.
Bəyanatda vurğulanıb ki, Vətən müharibəsində əldə edilən Zəfər regionda əvvəlki onilliklər ərzində yaranmış hərbi-siyasi reallığı dəyişib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsini tələb edən dörd qətnaməsinin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edib.
Qeyd olunub ki, tarixi qələbə Heydər Əliyevin siyasi irsinə əsaslanan dövlət quruculuğu, iqtisadi inkişaf, müdafiə potensialının artırılması və müasir peşəkar ordunun yaradılması istiqamətində uzun illər aparılan məqsədyönlü işin nəticəsidir. Qələbənin ən mühüm amillərindən biri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi, sarsılmaz iradəsi və strateji uzaqgörənliyi olub.
Bəyanatda Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı xüsusi vurğulanıb. Bildirilib ki, azad edilmiş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinə şahiddir.
Sənəddə Ermənistan silahlı qüvvələrinin müharibə dövründə dinc əhaliyə qarşı hücumları da pislənilib. Bəyanata əsasən, bu hücumlar nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən 11 uşaq həlak olub, 450-dən çox insan yaralanıb.
Bəyanatda 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatının Vətən müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi davamı olduğu bildirilib. Vurğulanıb ki, Anım Günü azadlığın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır, Zəfər Günü ədalətin bərqərar olmasını, Dövlət Suverenliyi Günü isə Azərbaycanın suverenliyinin bütün ərazisində təmin edilməsini ifadə edir.
Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı və məşğulluğu məsələlərinin dövlətin diqqət mərkəzində olduğu qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə davamlı tədbirlər həyata keçirdiyi vurğulanıb.
Milli Məclis bəyanatda şəhidlərin əziz xatirəsinə dərin ehtiramını, qələbəyə töhfə vermiş əsgər və zabitlərə minnətdarlığını ifadə edib.
“Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təcəssümü kimi xalqımızın qəlbində əbədi yaşayacaq”, – bəyanatda bildirilib.
İclasda həmçinin Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının layihəsi müzakirələrdən sonra təsdiqlənib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident tərəfindən parlamentə qaytarılmış qanunun müzakirəsi ilə bağlı iclasda iştirak edib.
Söhbət Vergi və Miqrasiya məcəllələrində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəddən gedir.
2026-cı il iyulun 14-də qəbul edilmiş 453-VIIQD nömrəli qanuna yenidən baxılması iclasın gündəliyinə daxil edilib.
Şahmar Mövsümov deyib ki, cari ilin iyul ayında Milli Məclis tərəfindən qəbul olunmuş rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra vergi və şərait imtiyazlarını nəzərdə tutan qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya uyğun olaraq Milli Məclisə geri qaytarılıb: “Ötən dövr ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrarən müzakirə olunub, təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib”.
O qeyd edib ki, qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməklə yanaşı, layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərə tətbiq olunmuş, o rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşmasında birləşdirir. Həmçinin innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycanda satınalmalarla bağlı qanunvericiliyə köklü dəyişikliklər ediləcək.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilikdə bütövlükdə həm mexanizmin özünün, həm prinsiplərin, həm də yanaşmaların təkmilləşdirilməsi nəzərdə tutulur: "Belə ki, satınalmalarla bağlı müvafiq icra hakimiyyəti tərəfindən müvafiq qaydalar hazırlanacaq. Bu qaydalarda onun prinsipləri, xüsusilə də şəffaflıq məsələsi nəzərə alınmalıdır".
İclasda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, qəbul edilən dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları, siyasi vəzifəli şəxslər, deputatlar, MSK üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşlarının pensiyalarında azalma olmayacaq.
Komitə sədri bildirib ki, dəyişikliklərlə dövlət qulluqçularının pensiya sistemi təkmilləşdiriləcək: “Yeni yanaşmanın əsas məqsədi qeyd edilən kateqoriyalara aid şəxslərin pensiya sisteminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatla əhatə olunma, - pensiya təyinatının daha sadə, şəffaf, elektron və sosial sığorta prinsiplərinə əsaslanan mexanizmə keçirilməsidir”.
Müzakirələrdən sonra qanun lahyihələri səsə qoyularaq qəbul edilib.