
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın neft ixracına hər hansı məhdudiyyət tətbiq ediləcəyi təqdirdə bunun region ölkələrinin enerji satışına da təsir göstərə biləcəyini açıqlayıb.
Qalibaf bu barədə İran parlamentinin bugünkü açıq iclasında çıxışı zamanı danışıb. Parlament sədrinin sözlərinə görə, İranın neft satışının qarşısının alınacağı halda regiondakı digər ölkələrin də neft ixracı mümkün olmayacaq.
“Bizim neft satmadığımız regionda heç bir başqa tərəf də neft sata bilməyəcək”, – deyə Qalibaf bildirib.
O, İranın təhlükəsizliyinin təmin edilməməsinin regiondakı infrastruktur obyektləri üçün də risk yaradacağını vurğulayıb və qeyd edib ki, İranın təhlükəsizliyi təmin olunmadığı təqdirdə heç bir infrastrukturun təhlükəsizliyinə zəmanət vermək mümkün olmayacaq. Parlament sədri Tehrana qarşı hər hansı hərbi müdaxilə və ya təxribat xarakterli addımın cavabsız qalmayacağını da bildirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə İranın cavabı sərt, operativ və dəqiq olacaq.
Qeyd edək ki, Qalibafın bu açıqlaması ABŞ-İran arasında vasitəçilərin iştirakı ilə diplomatik təmasların davam etdiyi bir vaxta təsadüf edir.
İran parlament sədrinin bu sərt mesajı real addımın xəbərçisidir? Cənub qonşumuz bununla Vaşinqtona və onun müttəfiqlərinə danışıqlar masasında təzyiq göstərmək istəyir? Tehran neft ixracının bloklanmasına qarşı regionun enerji marşrutlarını hədəfə almaq imkanına malikdirmi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a dedi ki, əslində tərəflər hazırda diplomatik masada güzəştlər əldə etmək üçün bir-biri ilə təhdid ritorikası ilə danışır: “Qeyri-müəyyən vəziyyətin davam etməsi, tərəflərin kompromisdə maraqlı olmaması, etimad mühitinin yoxluğu və.s kimi amillər eskalasiya riskinin davam etməsinə şərait yaradır. Amma, bu vəziyyətə rəğmən hər iki tərəf ilk növbədə diplomatik masada nəticə əldə etməyə üstünlük verir. Bunun üçün isə bütün təzyiq kartlarından istifadə olunur. ABŞ üçün prioritet Hörmüz boğazının açılmasıdır. İran isə de-fakto Hörmüzə nəzarət edir və bu imkanı sonrakı prspektivdə hüquqi müstəviyə daşımağa çalışır. ABŞ isə heç bir vəchlə bunu qəbul etmək istəmir. Buna görə də İrana qarşı sanksiyaları gücləndirir, mütəmadi olaraq İranın Hörmüz ətrafındakı hərbi obyektlərinə zərbələr endirməklə İrana təzyiqlərini artırır.
Vəziyyət elədir ki, indiki məqamda ABŞ-nin İrana geniş miqyaslı hücumu İranın əks hücumlarına, nəticədə bölgədə proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər ki, bu da qlobal enerji böhranına, eyni zamanda iqtisadi təlatümə yol açacaq. Bu isə aralıq seçkisinə hazırlaşan ABŞ hökumətinin maraqlarına cavab vermir”.
Politoloqun sözlərinə görə, ABŞ maliyyə naziri Bessentin planı olan Hörmüzdə İrana qarşı blokada da gözlənilən effekti vermədi: “İran Oman və digər ölkələrə məxsus şirkətlər vasitəsilə blokadadan yayına bilir. Eyni zamanda coğrafi üstünlüyü İranı, sanksiyaların ciddi iqtisadi problermlər yartmasına rəğmən maksimum nəticədən, yəni çöküşdən sığortalayır.
Digər tərəfdən İran bölgədəki bütün neft infrastrukturunu və ABŞ-yə məxsus hərbi və mülki obyektləri hədəf alma gücündədir. Əgər yenidən hücum baş verərsə, bölgədə geridönüşü mümkün olmayan proseslər baş verəcək, nəticədə ABŞ və İran başda olmaqla bütün dünyada böhran dərinləşəcək. Bu baxımdan ABŞ ikinci dəfə yanlış qərar verməyə tələsmir.
Artıq seçkilərinə 1 ay müddət qalıb və bu zaman kəsiyində respublikaçılar Hörmüzdə nəticə əldə etməyə ümidini itirdikləri üçün fərqli, daha çox sosial-iqtisadi mahiyyəti özündə ehtiva edən şüarlara üstünlük verirlər. Bu vəziyyət isə onu deməyə əsas verir ki, mövcud status-kvo davam edəcək”.