
Son illər uşaq və yeniyetmələr arasında gərginlik, narahatlıq, aqressiya və özünəqapanma hallarının sürətlə artması təkcə təhsil sisteminin deyil, bütün cəmiyyətin qarşısında duran ən ciddi və təxirəsalınmaz problemlərdən biridir. Müasir dövrdə uşaqlar eyni vaxtda bir neçə istiqamətdən psixoloji təzyiqə məruz qalırlar. Ailələrdəki yüksək gözləntilər və ya əksinə, diqqətsizlik, məktəblərdəki ağır dərs yükü və imtahan stresi, yaşıdlar arasında yaşanan bullinq, eləcə də sosial şəbəkələrin yaratdığı virtual müqayisələr gənclərin emosional sağlamlığını ciddi şəkildə zədələyir.
Mövcud vəziyyətlə bağlı fikirlərini bölüşən təhsil ekspertləri Əmrah Həsənli və Rizvan Fikrətoğlu problemin kökündə duran əsas amilləri, məktəb psixoloqlarının fəaliyyətindəki boşluqları və həlli vacib olan məsələləri diqqətə çatdırıblar. Ekspertlər vurğulayırlar ki, uşaqlara yalnız akademik nəticə toplayan bir vasitə kimi baxmaq yanaşmasından imtina edilməli, onların psixoloji və emosional rifahı təhsilin mərkəzinə qoyulmalıdır.
Valideyn təzyiqi, dərs yükü və sosial şəbəkələr…
TİHA sədri, təhsil eksperti Əmrah Həsənli “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, uşaq və yeniyetmələr arasında stress, aqressiya və özünəqapanma kimi halların artması təkcə təhsil sisteminin deyil, cəmiyyətin də həssas və təxirəsalınmaz problemlərindən biridir.
Ekspert bildirib ki, uşaqların üzləşdiyi psixoloji problemlər bir neçə amilin üst-üstə düşməsi nəticəsində yaranır:
“Bu gün uşaq bir neçə cəbhədə eyni vaxtda mənəvi və psixoloji gərginlik yaşayır. Ailədə valideynlərin həddindən artıq yüksək gözləntiləri və ya əksinə, vaxtsızlıq və ünsiyyətsizlik üzündən diqqətsiz qalması uşaqda ilk özünəqapanma toxumlarını səpir. Məktəb mühitində təhsil yükü, imtahan həyəcanı, “həmişə yüksək bal toplamalısan” psixologiyası bu gərginliyi ikiqat artırır”.
Əmrah Həsənlinin sözlərinə görə, yaşıd təzyiqi və zorakılıq halları da uşaqların psixoloji durumuna ciddi təsir göstərir:
“Yaşıd təzyiqi, zorakılıq faktoru əlavə olunanda uşaq özünü tamamilə çarəsiz və düşmüş hiss edir. Sosial şəbəkələrdə isə bir tərəfdən virtual müqayisələr, ideallaşdırılmış həyatlarla gənclərdə özünəinamı sarsıdır, digər tərəfdən onları real, canlı ünsiyyətdən və mənəvi dayaqdan təcrid edir”.
Ekspert Azərbaycanda məktəb psixoloqlarının fəaliyyətinə də toxunub və bu sahədə mövcud vəziyyətin arzuolunan səviyyədə olmadığını bildirib:
“Kağız üzərində məktəblərimizdə psixoloq ştatı var, amma praktiki effektivlik çox aşağıdır. İlk növbədə kadrların peşəkarlığı, müasir psixoloji metodologiyalara yiyələnməsi və ixtisaslaşması ciddi sual altındadır. Minlərlə şagirdi olan bir məktəbə bir və ya iki psixoloqun təyin olunması formal yanaşmadan başqa bir şey deyil. Bir mütəxəssis bu qədər uşaqla fərdi şəkildə necə keyfiyyətli iş qura bilər?”
Əmrah Həsənli qeyd edib ki, cəmiyyətdə psixoloqa müraciətlə bağlı mövcud stereotiplər də problemin həllinə mane olur:
“Cəmiyyətdə və məktəb kollektivlərində psixoloqa stiqma kimi baxılması uşaqların psixoloqun yanına getməkdən çəkinməsinə səbəb olur və bu da kadrların işini iflic edir”.
Onun sözlərinə görə, vəziyyətin dəyişdirilməsi üçün məktəb psixoloqu institutu formal statusdan çıxarılmalı, psixoloqların sayı şagird sayına uyğun artırılmalı və onların motivasiyası yüksəldilməlidir:
“Psixoloqların normativi şagird sayına mütənasib şəkildə artırılmalı, onların əməkhaqları və motivasiyaları yüksəldilməlidir. Məktəblərdə diaqnostik işlər formal testlərlə deyil, uşaqların davranış və emosional dəyişikliklərini vaxtında sezən canlı müşahidə mexanizmləri ilə aparılmalıdır”.
Ekspert valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinin də vacib olduğunu vurğulayıb:
“Valideynlər üçün psixoloji maarifləndirmə seansları təşkil olunmalıdır. Biz uşağı təkcə akademik göstəricilərə, imtahan ballarına yönəlmiş nəticəyönümlü bir maşın kimi görməkdən vaz keçməliyik. Onun emosional və psixoloji sağlamlığını təhsilin mərkəzinə qoymalıyıq. Çünki psixoloji baxımdan sağlam olmayan şagirdin nə akademik uğuru qalıcı ola bilər, nə də gələcəkdə cəmiyyətə faydalı bir fərd kimi formalaşması”.
“Ailə, məktəb və səhiyyə birgə çalışmalıdır”
Təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib ki, son illər uşaqlar və yeniyetmələr arasında stress, narahatlıq, özünəqapanma, aqressiv davranış və diqqət problemləri daha çox müşahidə olunur.
Ekspertin sözlərinə görə, ailədə davamlı konflikt, müqayisə, tənqid və uşağın fikirlərinə laqeyd münasibət onda narahatlıq və özünəinam problemi yarada bilər:“Əsas məsələ hər davranışı dərhal psixoloji problem kimi qiymətləndirməmək, uşağın yaşını, ailə və sosial mühitini, məktəb şəraitini nəzərə almaqdır. Məktəbdə yüksək dərs yükü, imtahan təzyiqi, bullinq, sosial təcrid və müəllim-şagird münasibətlərindəki problemlər də uşağın emosional vəziyyətinə mənfi təsir göstərir”.
O bildirib ki, yeniyetməlik dövründə həmyaşıd münasibətləri xüsusi əhəmiyyət daşıyır:
“Qrupdan kənarda qalmaq, rədd edilmək, görünüşü və ya akademik nəticələri ilə bağlı müqayisə olunmaq uşağın özünə münasibətinə ciddi təsir göstərə bilər”.
Rizvan Fikrətoğlu sosial şəbəkələrin təsirinə də toxunub. O qeyd edib ki, burada yalnız istifadə müddətinə deyil, uşağın qarşılaşdığı məzmuna da diqqət yetirilməlidir:
“Başqalarının həyatı və uğurları ilə davamlı müqayisə, kiberbullinq və təsdiq almaq ehtiyacı narahatlıq yarada bilər. Bununla yanaşı, sosial şəbəkələr ünsiyyət, yaradıcılıq və informasiya mənbəyi də ola bilər. Əsas məsələ sağlam istifadə vərdişlərinin formalaşdırılmasıdır”.
Ekspert məktəblərdə psixoloji xidmətin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Məktəb psixoloqunun funksiyası yalnız problem yarandıqdan sonra uşağı qəbul etməkdən ibarət olmamalıdır. Psixoloji xidmət profilaktik xarakter daşımalı, risklər əvvəlcədən müəyyənləşdirilməli, valideyn və müəllimlərlə də iş aparılmalıdır”.
Onun sözlərinə görə, məktəb psixoloqlarının iş yükü ilə şagird sayı arasında balans yaradılmalı, onların peşəkar hazırlığı və davamlı ixtisasartırması təmin edilməlidir. Valideynlər isə uşağın davranışında uzunmüddətli dəyişiklik, yuxu və iştah problemləri, sosial təcrid, davamlı qorxu və aqressiya müşahidə etdikdə mütəxəssisə müraciət etməlidirlər.
Rizvan Fikrətoğlu hesab edir ki, məktəblərdə bullinqin qarşısının alınması, emosional savadlılıq, stresin idarə olunması və rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirici proqramlar həyata keçirilməlidir.
Ekspert əsas məqamın uşağı yalnız davranışına görə qiymətləndirməmək olduğunu bildirib:
“Aqressivlik bəzən daxili gərginliyin və emosional problemin əlaməti ola bilər. Buna görə də uşağın niyə belə davrandığını anlamağa çalışmaq lazımdır. Onu dərhal günahlandırmaqdansa, doğru yanaşma seçilməlidir”.
“Uşaqların psixoloji sağlamlığının qorunması ailə, məktəb, səhiyyə və sosial xidmətlərin birgə fəaliyyətini tələb edir. Uşağın özünü təhlükəsiz, eşidilmiş və dəyərli hiss etdiyi mühit yaradılarsa, bir çox problemin qarşısını erkən mərhələdə almaq mümkündür”, – deyə ekspert əlavə edib.
Günel Elxan