“Qlobal İnnovasiya İndeksi – 2026”da 85-ci yerdəyik İqtisadiyyat

“Qlobal İnnovasiya İndeksi – 2026”da 85-ci yerdəyik

Dünyada iqtisadi inkişafın qaydaları sürətlə dəyişir. Əvvəllər ölkələrin iqtisadi gücü əsasən təbii ehtiyatları, istehsal imkanları və maliyyə resursları ilə ölçülürdüsə, bu gün bilik, texnologiya və innovasiya getdikcə daha böyük əhəmiyyət qazanır. Süni intellektin, rəqəmsal texnologiyaların, robotlaşdırmanın, yaşıl enerjinin və yeni istehsal texnologiyalarının sürətli inkişafı göstərir ki, gələcəyin iqtisadiyyatında üstünlük daha çox yeni ideya yaradan və həmin ideyanı qısa müddətdə məhsula, xidmətə və biznes nəticəsinə çevirə bilən ölkələrin olacaq.
2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) “Elmin qabaqcıl sahələrində texnoloji sahibkarlığın dəstəklənməsi” adı altında dərc edilib (AZƏRTAC). Hesabat elmi kəşflərin elmtutumlu startaplara və törəmə şirkətlərə (spin-off) çevrilməsi prosesinin təhlilini əhatə edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ardıcıl olaraq 19-cu nəşri olan Qİİ 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsində güclü və zəif tərəflərini nümayiş etdirir. 2007-ci ildən etibarən Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, innovasiya siyasətinin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından mühüm istinad və analitik vasitə kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qİİ-ni davamlı inkişaf məqsədləri naminə elm, texnologiya və innovasiya siyasəti kontekstində innovasiyaların ölçülməsi üzrə müqayisəli təhlilin nüfuzlu aləti kimi qəbul edir.
2026-cı il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialını, nəticəliliyini və institusional-çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında formalaşdırılıb. Təhlil olunan indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazarın və biznesin inkişafı, infrastruktur və digər istiqamətlərədək geniş məlumat spektrini əhatə edir. Qİİ-nin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün imkan yaratmaqdır.
2026-cı il üzrə Qİİ reytinqində İsveçrə birinci, İsveç, ABŞ, Koreya və Sinqapur isə müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb. Ən innovativ on ölkə sırasına, həmçinin Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka və Çin daxildir.
Postsovet məkanının ölkələri arasında ən yüksək göstəricilər Estoniyaya (17-ci), Litvaya (32-ci) və Latviyaya (40-cı) yerlərə məxsusdur. Rusiya 58-ci yerdədir. Azərbaycan isə 2026-cı il reytinqində 85-ci yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb. Bununla yanaşı, qeyd edilməlidir ki, 2025-ci ildə Azərbaycan statistik etimad intervalına uyğun olaraq 86–103-cü yerlər arasında qərarlaşan ölkələr qrupuna daxil olduğu halda, 2026-cı ildə 79-95-ci yerlər arasında yerləşən ölkələr qrupunda yer alıb.2026-cı il Qİİ reytinqi iki nəticəaltı indeksə daxil olan innovasiya fəaliyyətinin 7 indikator qrupundan ibarətdir: “innovasiya resursları” və “innovasiya nəticələri”.
Qİİ reytinqində Azərbaycan üzrə göstəricilərin əsas problemlərindən biri ildən-ilə təkrarlanan “innovasiya resursları” və “innovasiya nəticələri” nəticəaltı indeksləri arasındakı fərq, yəni mövcud innovasiya potensialı ilə həmin potensialın praktiki nəticələrə çevrilməsi arasındakı uyğunsuzluqdur. 2026-cı ildə bu fərq 44 pillə təşkil edib ki, bu da mövcud innovasiya imkanlarından tam istifadə edilmədiyini göstərir. Eyni zamanda, Qİİ-nin hesablama metodologiyasına əsasən ölkənin reytinqdəki mövqeyi “innovasiya resursları” və “innovasiya nəticələri” nəticəaltı indekslərinin orta göstəricisi əsasında müəyyən edilir.
Bununla yanaşı, ölkə təhlilinin nəticələrinə əsasən Qİİ-nin ekspertləri qeyd edirlər ki, 2026-cı ildə Azərbaycanın innovasiya nəticələri üzrə göstəriciləri innovasiyalara yönəldilən resurslarla müqayisədə daha aşağı olub. Bu istiqamət üzrə mövcud vəziyyətin yaxşılaşdırılması müvafiq dövlət və digər aidiyyəti qurumların diqqətinin cəmləşdirilməsini tələb edir.
Qİİ üzrə ölkə reytinqinin yaxşılaşdırılması üçün mövcud ehtiyatlardan biri reytinqin tərtibatçılarına çatışmayan məlumatların vaxtında və tam təqdim edilməsi, habelə ölkə göstəriciləri üzrə köhnəlmiş məlumatların yenilənməsidir. Belə məlumatların hesabatda əks etdirilməməsi Azərbaycanın innovasiya potensialının və əldə etdiyi nəticələrin Qİİ-də tam şəkildə qiymətləndirilməsinə təsir göstərə bilər.
Əslində innovasiya yeni bir ideyanın yaranmasından daha geniş anlayışdır. Yeni məhsulun hazırlanması, istehsal prosesinin təkmilləşdirilməsi, xidmətin göstərilməsində yeni üsulun tətbiqi, müəssisənin idarə olunmasının daha səmərəli modelinin yaradılması da innovasiyanın müxtəlif formalarıdır. Əsas məsələ yeniliyin iqtisadi dəyər yaratmasıdır. Başqa sözlə, laboratoriyada və ya elmi müəssisədə yaranan ideya bazara çıxmırsa, məhsuldarlığı artırmırsa və iqtisadi fəaliyyətə təsir göstərmirsə, onun innovasiya potensialı reallaşmış hesab edilə bilməz.
İnnovasiyanın iqtisadi əhəmiyyəti ilk növbədə məhsuldarlığın yüksəldilməsində özünü göstərir. Müasir texnologiyaların tətbiqi müəssisələrə daha az resurs sərf etməklə daha çox məhsul istehsal etməyə, əmək və enerji xərclərini azaltmağa, itkiləri minimuma endirməyə imkan verir. Bu isə son nəticədə məhsulun maya dəyərinə, müəssisənin gəlirliliyinə və onun bazardakı rəqabət qabiliyyətinə təsir edir.
İnnovasiya eyni zamanda iqtisadiyyatın strukturunu dəyişdirən mühüm amildir. Yeni texnologiyalar yeni sahələr və peşələr yaradır, ənənəvi fəaliyyət istiqamətlərini dəyişdirir və yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətin genişlənməsinə imkan verir. Xüsusilə təbii resurslara əsaslanan iqtisadiyyatlar üçün innovasiya qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm vasitədir.
Bu baxımdan Qlobal İnnovasiya İndeksinin göstəriciləri xüsusi maraq doğurur. Dünya Əqli Mülkiyyət Təşkilatının 2026-cı il üzrə Qlobal İnnovasiya İndeksində Azərbaycan 85-ci yerdə qərarlaşıb. İndeks innovasiya imkanlarını yalnız elmi tədqiqatlarla deyil, institusional mühit, insan kapitalı, infrastruktur, biznes inkişafı, bilik və texnologiya məhsulları, yaradıcı nəticələr və digər göstəricilər əsasında qiymətləndirir.
Azərbaycanın 85-ci mövqedə qərarlaşması ölkədə innovasiya potensialının formalaşması istiqamətində müəyyən nəticələrin olduğunu göstərir. Lakin bu göstərici qarşıda görüləsi işlərin də kifayət qədər çox olduğunu nümayiş etdirir. Əsas məsələ reytinqdə müəyyən mövqe tutmaqdan daha çox, ölkənin mövcud innovasiya potensialını real iqtisadi nəticələrə çevirməkdir.
Burada mühüm bir sual ortaya çıxır: Azərbaycanda yaradılan elmi bilik və texnoloji imkanlar nə dərəcədə biznesə və istehsala transfer olunur? Məhz bu istiqamətdə problemlərdən biri elm, təhsil və biznes arasında əlaqələrin kifayət qədər güclü olmamasıdır. Universitetlərdə və elmi müəssisələrdə aparılan tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, patentlərin və texnologiyaların biznes tərəfindən tətbiqi, elmi ideyaların startaplara və yeni məhsullara çevrilməsi üçün daha effektiv mexanizmlərə ehtiyac var. Elm adamı ilə sahibkarın bir-birini tapması, birgə layihə hazırlaması və həmin layihənin maliyyələşdirilməsi innovasiya ekosisteminin əsas elementlərindən birinə çevrilməlidir.
İnnovasiyanın inkişafı üçün maliyyə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Ənənəvi biznesdən fərqli olaraq, innovativ layihələrin nəticəsi və gəlirliliyi hər zaman əvvəlcədən dəqiq proqnozlaşdırılmır. Bu səbəbdən bank krediti innovativ layihələrin bütün mərhələlərini maliyyələşdirmək üçün hər zaman uyğun vasitə olmaya bilər. Vençur kapitalının, biznes mələkləri institutunun, kraudfandinq mexanizmlərinin və digər alternativ maliyyə alətlərinin inkişafı bu baxımdan vacibdir.
Dövlətin bu prosesdə rolu isə yalnız maliyyə dəstəyi ilə məhdudlaşmamalıdır. Əlverişli hüquqi mühitin yaradılması, innovativ sahibkarlığın stimullaşdırılması, elmi tədqiqatların maliyyələşdirilməsi, texnologiyaların kommersiyalaşdırılması, innovativ məhsullara dövlət tələbinin formalaşdırılması və özəl sektorun tədqiqat fəaliyyətinə cəlb edilməsi dövlət siyasətinin mühüm istiqamətləri olmalıdır.
Burada dövlət satınalmaları da mühüm mexanizmə çevrilə bilər. Dövlət yalnız hazır məhsul alan tərəf deyil, eyni zamanda yeni məhsul və texnologiyalara ilkin tələbi formalaşdıran böyük iqtisadi subyektdir. Yerli innovativ həllərin dövlət layihələrində tətbiqi onların bazara çıxışını sürətləndirə, yeni şirkətlərin yaranmasına və texnoloji məhsulların inkişafına stimul verə bilər.
Azərbaycan üçün innovasiya həm də iqtisadiyyatın yeni inkişaf modelinə keçidi sürətləndirmək imkanları yaradır. Neft və qaz gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi, qeyri-neft sektorunda yüksək əlavə dəyərin yaradılması, ixracın şaxələndirilməsi və yeni texnoloji sahələrin formalaşdırılması innovasiya ilə birbaşa bağlı olmalıdır.
M.Həmzəoğlu