
Azərbaycanın enerji siyasətində əsas istiqamətlərdən biri təbii qaz ixracının coğrafiyasının genişləndirilməsidir. Bu baxımdan Yunanıstana qaz ixracının artması diqqət çəkir. Belə ki, bildirilir ki, 2026-cı ilin ilk 7 ayı ərzində Azərbaycandan Yunanıstana qaz ixracı 16 faiz artıb. Bu, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyininin güclənməsinə töhfə verən amillərdəndir.
İqtisadçılar “Xalq Cəbhəsi”nə bu artımın Azərbaycanın enerji siyasətinin Avropa istiqaməti baxımından perspektivləri haqqında danışıblar.
“Azərbaycan qazına tələbat davam edir”
İqtisadçı Emin Qəribli Yunanıstana Azərbaycan təbii qazının ixracının 16 faiz artmasını müsbət tendensiya kimi qiymətləndirir: “Xüsusilə vacib məqam ondan ibarətdir ki, artım yalnız dəyər ifadəsində deyil, fiziki həcmdə də baş verib. Bu, Azərbaycan qazına Avropa bazarında tələbatın davam etdiyini göstərir. Yunanıstan Azərbaycan üçün yalnız qazın satıldığı bazar deyil, eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxış baxımından strateji ölkələrdən biridir. Buna görə Yunanıstana tədarükün artması Azərbaycanın Cənub və Cənub-Şərqi Avropanın enerji təminatında rolunun güclənməsi deməkdir”.
Əlverişli tendensiya
E.Qəriblinin sözlərinə görə, bu tendensiya Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əlverişlidir: “İxrac həcminin artması ölkənin valyuta gəlirlərinə müsbət təsir göstərməklə yanaşı, Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi daha da möhkəmləndirir. Hesab edirəm ki, növbəti mərhələdə əsas məsələ mövcud qaz ixracı imkanlarından maksimum səmərəli istifadə etməklə yanaşı, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini bərpaolunan enerji və yaşıl elektrik enerjisinin ixracı istiqamətində də genişləndirməkdir. Beləliklə, bu gün təbii qaz üzərində qurulan enerji əməkdaşlığı gələcəkdə daha geniş və şaxələndirilmiş enerji tərəfdaşlığına çevrilə bilər”.
“Bu artım xüsusilə vacibdir”
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli qeyd edib ki, Yunanıstanın Azərbaycandan təbii qaz idxalını 16 faiz artırması Azərbaycanın Avropa enerji bazarındakı rolunun tədricən genişləndiyini göstərir: “Bu artım xüsusilə vacibdir, çünki Azərbaycan qazı Yunanıstana Cənub Qaz Dəhlizi və TAP vasitəsilə çatdırılır və həmin infrastruktur Azərbaycan qazının Cənub-Şərqi Avropanın digər bazarlarına çıxışını da təmin edir. TAP 2026-cı ildən etibarən illik ötürmə imkanını daha 1,2 milyard kubmetr artırıb. Bu, Azərbaycanın enerji siyasəti baxımından Avropa istiqamətinin daha da möhkəmlənməsi deməkdir”.
“Yunanıstan TAP-ın əsas çıxış nöqtələrindəndir”
A.Nəsirli bildirib ki, Avropa İttifaqı Azərbaycan qazını enerji təchizatının mənbə və marşrutlar üzrə şaxələndirilməsində mühüm element kimi qiymətləndirir: “2025-ci ildə Azərbaycan və SOCAR Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr qaz tədarük edib. Bu da 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Yunanıstana ixracın artması həm də Azərbaycanın qaz satış coğrafiyasını genişləndirmək imkanının olduğunu göstərir. Yunanıstan TAP-ın əsas çıxış nöqtələrindən biridir və bu ölkənin enerji infrastrukturu vasitəsilə Azərbaycan qazının Bolqarıstan və digər Cənub-Şərqi Avropa bazarlarına çıxışı mümkündür”.
Qaz ixracının həcmini artırmaq...
O əlavə edib ki, lakin burada əsas məsələ yalnız qaz ixracının həcmini artırmaq deyil: “Azərbaycanın neft hasilatının azalması fonunda qaz ixracının artması müəyyən kompensasiya yarada bilər, amma uzunmüddətli perspektivdə qaz da məhdud resursdur. Buna görə Azərbaycan qaz gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunu, bərpa olunan enerjini və elektrik enerjisi ixracı imkanlarını inkişaf etdirməlidir. Beləliklə, enerji siyasəti təkcə daha çox qaz satmağa deyil, Azərbaycanın Avropanın enerji sistemində daha geniş və uzunmüddətli rol qazanmasına xidmət edə bilər”.
“Bu, Azərbaycanın enerji siyasətinin mühüm parçasıdır”
İqtisadçı Elçin Məmmədov bildirib ki, Yunanıstan da daxil olmaqla Avropa Birliyi (AB) ölkələrinə qaz ixracatının artırılması Azərbaycanın enerji siyasətinin mühüm parçasıdır: “Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra AB qaz təchizat kanallarının diversifikasiyasına xüsüsi diqqət verməyə başlayıb. Hazırda Azərbaycan qazının daha çox həcmlərdə Avropaya çatdırılmasının qarşında duran məsələlərdən biri mövcud boruların ötürmə potensialıdır. Yəni Rusiya qazının idxalına qoyulan məhdudiyyətlər fonunda AB qaza olan tələbatını digər qaz təchizatçıları hesabına ödəməyə hazırdır, lakin mövcud qaz tranziti infrastrukturu artan qaz tələbatının qarşılamaq üçün kifayət etməyə bilər. Düşünürəm ki, AB-ə qaz ixracatını daha da artırmaq üçün mövcud infrastrukturun genişlənməsi və ya yeni daha həcmli borunun tikilməsi Azərbaycanla yanaşı AB-nin də diqqət mərkəzində olmalıdır”.
Röya İsrafilova