Zelenski Kremli hədələdi Dünya

Zelenski Kremli hədələdi

Valentin Hayday: “Rusiya qorxu və terrora bel bağlayır”

Vyaçeslav Potapenko: “Moskva yeni sərhədlərin tanınmasını tələb edir”

Rusiya ordusunun Kiyevə kütləvi dron hücumu davam edir. Demək olar ki, günaşırı Rusiyanın hücumları nəticəsində şəhərdə yanacaqdoldurma məntəqələri, biznes mərkəzi, mağaza, anbar və nəqliyyat infrastrukturu zərər görüb, yanğınlar baş verir, ölən və yaralananlar olur.
İki gün öncə Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasının binasına dron zərbəsi nəticəsində iki akademikin ölməsi, onlarla yaralının olması vəziyyəti daha da gərginləşdirib.
Ukrayna Prezidenti Vladimir Zelenski "Rusiya buna mütləq cavab verəcək" - deyib.
“Ukraynanın hər bir tərəfdaşı bu terroru görməlidir ki, Ukraynaya dəstək əslində insan həyatına dəstəkdir. Bu, terrorun heç vaxt və heç yerdə normal hal kimi qəbul edilməməsi prinsipinə dəstəkdir. Rusiya bütün bunlara görə cavab verməli və real nəticələrlə üzləşməlidir”, - Zelenski bildirib.
Mövzu ilə bağlı qəzetimizə danışan İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib ki, xüsusilə Kiyevi və ətraf bölgəni hədəf alan reaktiv dronlarla bağlı mövcud xaoslu və mənasız terror kampaniyası Rusiyanın imkanlarını və niyyətlərini açıq şəkildə nümayiş etdirir: "Rusiya öz imkanları çərçivəsində hərəkət edir - mən bu məqamı demək olar ki, tammiqyaslı müharibənin başlanğıcından bəri qeyd edirəm. Əgər onun edə bilmədiyi bir şey varsa, bu, heç bir humanitar impulsdan irəli gəlmir, sadəcə olaraq, bu və ya digər səbəbdən bunu edə bilməməsidir. Məsələn, xalça bombardmanı (Xalça bombardmanı geniş ərazilərin — adətən düşmən əhalisinin məskunlaşdığı yaşayış məntəqələrinin — fasiləsiz, intensiv və sistemli şəkildə bombardman edilməsini ifadə edir)
götürək: “Eyni vəziyyət burada da keçərlidir. Rusiya reaktiv mühərrikli dronlardan istifadə edərək paytaxtı və digər şəhərləri terrora məruz qoymaq imkanına sahib olduğu müddətcə, bundan yararlanacaq. Bu imkan aradan qalxdıqdan sonra — istər həmin dronların ehtiyatı tükəndiyi, istərsə də hava hücumundan müdafiə sistemlərimizi gücləndirib onları zərərsizləşdirmək üçün yeni vasitələr əldə etdiyimiz üçün — Rusiya bu terroru tamamilə dayandırmaya bilər, lakin onun təsiri neytrallaşdırılacaq".
Haydayın fikrincə, şübhəsiz ki, Rusiyanın bu cür hərəkətləri çarəsizlikdən irəli gəlir: cəbhə xətti çökür, zərbələrimiz intensivləşir, Rusiya Federasiyasının daxilindəki sosial-iqtisadi vəziyyət isə getdikcə böyük bir fəlakəti xatırladır: "Yeri gəlmişkən, bu gün döyüş xəritəsi yenidən yeniləndi – daha bir neçə on kvadratkilometr ərazi geri qaytarıldı, 250 düşmən əsgəri və zabiti isə əsir götürüldü. Üstəlik, bu məlumatlar bizə gecikmə ilə çatır; əslində nailiyyətlər qat-qat böyükdür və bu, hələ son deyil – bu, sadəcə olaraq, ruslar üçün cəbhədəki böhranın başlanğıcıdır.
Məhz buna görə də Rusiya aqressiv davranır və bu mənasız zərbələri endirir; bunlar sistemsiz xarakter daşıyan və Moskvanın fəlakətli vəziyyətini yaxşılaşdırmaq üçün heç bir faydası olmayan hücumlardır. Etiraf etmək lazımdır ki, bu zərbələrin nəticələri var: onlar logistika və biznes fəaliyyətimizi pozur, həmçinin insanların həyatını təhlükə altına atır. Buna görə də, reaktiv mühərrikli dronlara qarşı hələ effektiv əks-tədbir mövcud olmadığı bir vaxtda, qarşıdakı aylarda hər kəsi xüsusilə ehtiyatlı olmağa çağırıram.
Bəs dörd il yarım davam edən genişmiqyaslı müharibə ərzində nələri görmədik ki? Rusiya paytaxta və bütövlükdə Ukraynaya qarşı saysız-hesabsız terror üsullarını sınaqdan keçirdi, lakin heç biri uğur qazanmadı. Biz bir neçə qışı və bir çox çətin dövrü geridə qoyduq; bunu da aşacağıq. Odur ki, özünüzü qoruyun, imkan düşdükcə Ukrayna Müdafiə Qüvvələrinə dəstək olun və əsas məqamı unutmayın: Rusiya qorxu və terrora bel bağlayır, lakin bunu sonsuza qədər davam etdirə bilməz".
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib ki, son bir ay ərzində Kiyevə və onun ətraf ərazilərinə müxtəlif növ reaktiv mühərrikli pilotsuz uçuş aparatları və ballistik raketlərlə endirilən zərbələr sistematik xarakter alıb. Eyni zamanda, hədəflər daim dəyişir: anbarlar, supermarketlər, yanacaqdoldurma məntəqələri, məlumat mərkəzləri və internet qovşaqları, yaşayış binaları və inzibati ofislər: "Artilleriya və ya raket atəşləri arasındakı fasilələr bir ilə beş saat arasında dəyişir. Bu vəziyyət həm raketdən müdafiə sistemini, həm də şəhər sakinlərini daim gərginlik içində saxlayır. Hava həyəcanı siqnalları tez-tez səslənir; bu zaman bəzi dövlət idarələri, banklar, ticarət mərkəzləri və poçt şöbələri bağlı qalır. Günün elə bir vaxtı və ya tam təhlükəsiz sayıla biləcək elə bir məkan yoxdur.
Belə zərbələrdən qorunmaq üçün yeganə sığınacaq yerləri bir neçə onlarla metro stansiyası, xüsusi təyinatlı bomba sığınacaqları və yeraltı avtodayanacaqlardır; bunlar milyonluq şəhər əhalisinin sığınması üçün açıq-aydın yetərli olmayan məkanlardır. Üstəlik, orada qeyri-müəyyən müddət ərzində qalmaq mümkün deyil, çünki insanlar işlərini davam etdirməli, dolanışıqlarını təmin etməli və şəhərin fəaliyyətini təmin etməlidirlər".
Potapenkonin fikrincə, hava hücumundan müdafiə qüvvələri xeyli sayda pilotsuz uçuş aparatını vurub salır; lakin bəzən bu, birbaşa şəhər üzərində baş verir və nəticədə binalara ziyan dəyir, yanğınlar yaranır. Fövqəladə hallar xidmətləri baş verənlərin nəticələrini aradan qaldırır.
Bir çox sakin Kiyevdəki vəziyyəti dörd ildən çox əvvəl başlamış genişmiqyaslı işğalın ilk dövrlərindəki vəziyyətdən heç də az təhlükəli hesab etmir: "Şəhərdə təşviş və ya kütləvi köç yoxdur; vəziyyət nəzarət altındadır və sakinlərin təslim olmaq fikri yoxdur. Təcavüzkara qarşı qəzəb artır və sosial şəbəkələrdə getdikcə daha tez-tez "Bundan sonra nə olacaq?" sualı verilir. Əhalinin bir hissəsi, ehtimal ki, daha təhlükəsiz ərazilərə və ya xaricə köçəcək, digərləri isə – əksinə – mövcud iş yerlərini tutmaq üçün cəbhəyanı zonalardan bura gələcəklər. Xarkov, Sumı, Zaporojye və Dnepr artıq bir neçə ildir ki, bu şəraitdə yaşayırlar.
Kiyevdəki mövcud vəziyyətin, xüsusən də masada atəşkəs danışıqları planı olmadığı üçün, hər hansı siyasi nəticələrə gətirib çıxaracağına inanmıram. Sülh danışıqlarına gəldikdə isə, bu, daha uzaq gələcək üçün bir perspektivdir: Moskva yeni sərhədlərin tanınmasını tələb edir - bu mövqe Ukrayna Konstitusiyasını pozur və Ukrayna qanunvericiliyinə görə cinayət hesab olunur - Kiyev isə müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsini və dəymiş ziyanın ödənilməsini tələb edir, bu da öz növbəsində Rusiyada müharibə zamanı qəbul edilmiş qanunlara və konstitusiya dəyişikliklərinə ziddir".

Cavid