
ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatından sonra Vaşinqtonun Kubaya qarşı da oxşar addım ata biləcəyi ilə bağlı ehtimallar zaman-zaman gündəmə gətirilirdi. Son günlər ABŞ ordusunun Kuba istiqamətində əməliyyat üçün hazırlıq imkanlarını qiymətləndirməsi ilə bağlı məlumatların yayılması bu müzakirələri yenidən aktuallaşdırıb.
Bəs ABŞ-nin Kubaya hərbi əməliyyat ehtimalı beynəlxalq münasibətlər sistemində hansı riskləri yarada bilər?
“Xalq Cəbhəsi” sual ətrafında siyasi ekspertlərin fikirlərini öyrənib.
Politoloq Elçin Xalidbəyli söyləyib ki, ABŞ-nin yaxın vaxtlarda Kubaya hərbi müdaxiləsi nəzəri cəhətdən mümkündür, amma praktiki cəhətdən bunun indiki mərhələdə reallaşdırılması Tramp administrasiyası üçün müəyyən problemlər yarada bilər: “Birincisi, ABŞ-də aralıq seçkiləri keçiriləcək. Onsuz da Tramp administrasiyasının və respublikaçıların vəziyyəti yaxşı deyil, reytinqi aşağıdır və seçkini uduzma ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan yeni bir savaş Tramp administrasiyası və ümumiyyətlə, respublikaçılar üçün həm aralıq seçkilərdə, həm də qarşıdan gələn 2028-ci il prezident seçkilərində ciddi problemlər yarada bilər”.
“ABŞ-nin silah rezervləri tükənmək üzrədir”
E.Xalidbəyli bildirib ki, digər tərəfdən ABŞ Yaxın Şərqdəki savaşı hələ tam yekunlaşdırmağa nail olmayıb: “Bu baxımdan Kubaya qarşı hərbi müdaxilə ABŞ-nin Silahlı Qüvvələri üçün əlavə hərbi yük yarada bilər və bunun öhdəsindən hansı səviyyədə gələ biləcəyi hələlik qeyri-müəyyəndir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, bəzi iddialara görə ABŞ-nin silah rezervləri də tükənmək üzrədir və həmin rezervlərin bərpasına bir neçə il zaman lazımdır. Yəni bütün bu faktorları nəzərə alanda yaxın vaxtlarda ABŞ-nin hər hansı bir ölkəyə, o cümlədən də Kubaya qarşı hərbi əməliyyatlara başlama ehtimalı o qədər də inandırıcı görünmür”.
“Qısamüddətli hərbi əməliyyat ola bilər”
Politoloq həmçinin deyib ki, ancaq bununla yanaşı, son vaxtlar Tramp administrasiyası belə aqressiv hərbi addımlar atmağa vərdişlidir: “Venesuelada analoji addımlar atıldı və Venesuelanın prezidenti hərbi qurumlar tərəfindən oğurlanaraq ABŞ-yə aparıldı. Təxminən buna bənzər əməliyyatın Kubaya qarşı reallaşdırıla biləcəyi qətiyyən istisna deyil. Yəni genişmiqyaslı deyil, məhz bu cür qısamüddətli çevik hərbi əməliyyatın ola biləcəyi istisna deyil. Bu baxımdan nə baş verəcəyi yaxın vaxtlarda daha aydın şəkildə müşahidə olunacaq”.
“ABŞ İranda uğur əldə etsəydi...”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov qeyd edib ki, ABŞ-nin Venesuelada əməliyyatından sonra Kubaya müdaxilə edəcəyi ilə bağlı fikirlər mətbuatda zaman-zaman gedir: “Düşünürəm ki, İran və Yaxın Şərqdə ABŞ-nin uğur əldə edə bilməməsi bu prosesi yarımçıq qoyub və əgər ABŞ İranda uğur əldə etsəydi, Yaxın Şərqdə istəyinə nail olsaydı, Kuba məsələsini çoxdan həll edəcəkdi və hətta bunun beynəlxalq aləmdə doğuracağı nəticələri belə nəzərə almadan”.
“Bu, əks təsirə səbəb ola bilər”
Siyasi şərhçi söyləyib ki, indiki mərhələdə Kuba ilə bağlı fikirlər yenidən səsləndirilsə də İran və Yaxın Şərq mövzusu buna mane olur: “Amma ehtimallardan bir də ondan ibarətdir ki, İranda və Yaxın Şərqdə uğur əldə etmədən ABŞ Kuba məsələsini seçki öncəsi respublikaçıların aralıq seçkilərində qalib gəlməsi üçün ölkə ictimaiyyətinə və ölkə seçicisinə bir qələbə təqdimatı kimi edə bilər. Amma nəzərə alaq ki, indiki mərhələdə, yəni Yaxın Şərqdə uğur əldə etmədiyi bir reallıqda ABŞ-nin Kuba ilə bağlı atacağı addımlar beynəlxalq aləmdə əks təsirə səbəb ola bilər”.
Seçkiyə hesablanmış addım
X.Bəşirov düşünür ki, ABŞ Rusiya və Çin faktorunu indiki reallıqda nəzər almalıdır: “ABŞ-nin Yaxın Şərq mövzusunda gələcəkdə uğur əldə edəcəyi o qədər də real görünmür. Hesab edirəm ki, ABŞ tərəfi özü də anlayıb ki, Yaxın Şərqdəki istəklərinə nail olması reallığa söykənmir. Ancaq hər bir halda əgər əldə edəcəksə, yenə də Kuba ilə bağlı əməliyyatı reallaşdıra bilər. Əgər indiki mərhələdə bu vəziyyətdə edəcəksə, o halda bu, seçkiyə hesablanmış addım olar”.
“Konkret qüvvələrin yerləşdirilməsi əmri yoxdur”
Siyasi şərhçi Alim Nəsirov isə diqqətə çatdırıb ki, hazırkı məlumatlar ABŞ-nin Kubaya qarşı hərbi variantları nəzərdən keçirdiyini göstərir: “ABŞ Ordu Ehtiyatının Cənub Komandanlığı üçün tibbi, mühəndis, logistika və hərbi polis bölmələrinin 90–120 gün ərzində hazırlığını qiymətləndirdiyi bildirilir. Bununla belə, bu, əməliyyatın başlanması barədə qərarın verildiyi demək deyil və konkret qüvvələrin yerləşdirilməsi əmri yoxdur. Əgər hərbi müdaxilə reallaşarsa, məsələ ABŞ–Kuba qarşıdurmasının hüdudlarından çıxaraq beynəlxalq münasibətlər sistemində daha geniş gərginlik yarada bilər. Xüsusilə dövlətlərin suverenliyi və gücdən istifadə ilə bağlı beynəlxalq hüquq normaları ətrafında ciddi mübahisələr yaranar, Latın Amerikası və Karib hövzəsində təhlükəsizlik mühiti pisləşər. Eyni zamanda, Kuba ilə yaxın münasibətləri olan dövlətlərin reaksiyası böyük güclər arasındakı mövcud qarşıdurmaları daha da dərinləşdirə bilər”.
Kubada uzunmüddətli siyasi və iqtisadi qeyri-sabitlik yaransa...
A.Nəsirovun sözlərinə görə, digər mühüm risk mümkün hərbi əməliyyatın nəticələrinin idarə edilməsinin çətinliyidir: “Kubada uzunmüddətli siyasi və iqtisadi qeyri-sabitlik yaranarsa, ABŞ-yə və region ölkələrinə doğru yeni miqrasiya dalğası, humanitar problemlər, dəniz nəqliyyatında və regional ticarətdə pozuntular meydana çıxa bilər. Buna görə də hərbi hazırlıqların özünün belə Havanaya təzyiq vasitəsi kimi istifadə edilməsi mümkündür; xüsusilə Prezident Donald Tramp sentyabrın 26-da hərbi müdaxiləyə ehtiyac qalmadan Kuba ilə razılaşmanın mümkün olacağına ümid etdiyini bildirib. Yəni qarşıdakı dövrdə əsas məsələ hərbi planlaşdırmanın real əməliyyata çevrilib-çevrilməməsi deyil, bu təzyiqin diplomatik razılaşmaya, yoxsa nəzarətdən çıxan eskalasiyaya gətirib çıxarması olacaq”.
“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Kubaya mümkün ABŞ müdaxiləsi təkcə regional təhlükəsizlik problemi deyil, böyük güclərin təsir dairələri prinsipinin yenidən legitimləşməsi riskini yarada bilər: “Vaşinqton Qərb yarımkürəsində təhlükəsizlik maraqlarını əsas gətirərək hərbi gücdən istifadə edərsə, Rusiya və Çin də öz yaxın coğrafiyalarında analoji arqumentlərdən istifadə etməyə çalışa bilər; Pekin artıq BMT tribunasından Kuba məsələsində suverenliyə hörmət və təzyiqlərin dayandırılması mövqeyini səsləndirib. Belə presedent beynəlxalq münasibətlərdə universal qaydalardan çox, böyük dövlətlərin regional üstünlük və “təsir zonası” məntiqini gücləndirə bilər.Üstəlik, ABŞ-nin Kubaya dair hərbi planlaşdırması barədə məlumatlar olsa da, hazırda açıq mənbələrdə müdaxilə qərarının verildiyi təsdiqlənmir və Prezident Tramp son açıqlamasında hərbi gücə ehtiyac qalmadan razılaşmanın mümkün olduğunu bildirib”.
Röya İsrafilova