DGK sədri BP-nin regional prezidentini təltif edib Hadisə

DGK sədri BP-nin regional prezidentini təltif edib

Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Aydın Əliyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən Aydın Əliyev ümumiyyətlə, respublikamızda neft sektorunun inkişafı naminə BP-nin gördüyü işlərdən məmnunluqla söhbət açıb.
Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açan komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
25 yaşlı Azərbaycan gömrüyünün keçdiyi inkişaf yoluna qısaca nəzər salan Aydın Əliyev gömrük orqanlarının peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, hüquqpozmalara qarşı mübarizə və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən də bəhs edib.
Qordon Birrell isə ilk olaraq Azərbaycan gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdırıb, "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Qordon Birrell gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Sonra Aydın Əliyev Qordon Birrellin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" DGK-nin döş nişanı ilə təltif olunduğunu qeyd edərək, döş nişanını qonağa təqdim edib.
Qordon Birrell isə öz növbəsində DGK-nin sədrinə xatirə hədiyyələri təqdim edib.