Azərbaycan diasporu və Xocalı soyqırımı Hadisə

Azərbaycan diasporu və Xocalı soyqırımı

Yeni strateji hədəflər hansılardır və nəticəni necə əldə etmək olar?

Problemləri olan hər bir ölkə diasporun fəaliyyətindən yararlanmaq və güclü diaspor formalaşdırmaq istəyir. Azərbaycanda da bu qəbildən olan ölkələr sırasına daxildir. Çünki elə bir coğrafi mövqedə yerləşmişik ki, geopolitik savaşlar ölkəmizə qarşı diqqəti artırır və bu əksər hallarda ciddi basqılarla nəticələnir. Elə Qarabağ probleminin yaranma səbəbi də dünyada gedən geosiyasi oyunlara dayanır. Məhz geosiyasi qarşıdurma nəticəsində dağılan SSRİ-nin varisi olan Rusiya MDB-yə təsir imkanlarını əlində saxlamaq üçün bölgədə münaqişəli ocaqlar və bunun üçün münbit şəraitlər yaratmağa başladı. Biz Qarabağ probleminin yaxın zamanlarda həllini düşünərkən, eyni səbəbdən Abxaziya və Osetiya, daha sonra isə Krım problemi meydana çıxdı. Qarabağı itirmişik və bu proses zamanı tarix boyu unutmayacağımız ağrılı səhnələrin şahidi olmuşuq. Bu səhnələrdən biri də bu il 25-ci ildönümü olan Xocalı soyqırımıdır.
Hər bir Azərbaycan vətəndaşı səy göstərməlidir ki, Xocalı soyqırımı kimi bənzər olaylar bir daha başımıza gəlməsin. Bunun üçün dünya mediası ilə ciddi iş aparılmalı və Azərbaycanın haqq səsi dünya ölkələri, beynəlxalq təşkilatlarla yanaşı, xarici QHT-lər və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu səbəbdən də Azərbaycan diasporunun üzərində ciddi məsuliyyət yükü var. Amma reallıq vəziyyətin o qədər də ürəkaçan olmaması qənaətini yaradır. İlk olaraq bu istiqmətdə görülən işlərə, qazanılan uğurlara, problemlərə və onun köklərinə nəzər salaq.

Diasporun yoxsa, diplomatiyanın qələbəsi?

Xocalı soyqırımını qəbul edən ölkələrin siyahısına - məsələn, Meksika, Pakistan, Kolumbiya, Peru, Honduras kimi ölkələrə baxarsaq burada aydın bir mənzərə ortaya çıxır. Göründüyü kimi Xocalı soyqırımına Azərbaycan diasporunun zəif olduğu, bəzən isə ümumiyyətlə, olmadığı ölkələrdə qiymət verilib. Ona görə də qazanılan uğurlar Azərbaycan diplomatiyasının adına yazılmalıdır.
Buradan da məlum olur ki, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş qərarlarda Azərbaycan diasporunun elə də ciddi rolu olmayıb. Bunun müxtəlif səbəbləri var və bu səbəblərin hər biri ayrıca mövzudur. Bizim məqsədimiz isə Azərbaycan diasporunun indiyə qədər atdığı bəzi hallarda effektsiz, heç bir təsir yükü olmayan, yeknəsəq tədbirlərdən qurtulmağın yollarını araşdırmaq və daha effektli, yeni strateji istiqmətləri necə müəyyənləşdirmək barədə düşünməkdir.
Onu da bildirək ki, Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri olan bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də obyektiv qiymət verilməsi ilə bağlı davamlı işlər aparılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə "Xoclıya Ədalət" Kampaniyası çərçivəsində müxtəlif işlər görülüb. Azərbaycan diasporu da bu istiqamətdə müəyyən addımlar atıb, amma gəlin razılaşaq ki, diasporumuzun bu yöndə fəaliyyəti nəticə etibarilə yetərsiz olub. Təəssüf ki, diaspor dövlət siyasətinin prioritet istiqamətlərin birinə lazımi qədər dəstək verə bilməyib.

Acı həqiqət


Xüsusilə Avropa ölkələrində Azərbaycan diasporunun təsir imkanlarının az olması kimi acı həqiqəti qəbul etməliyilk. Bunun bir səbəbi də erməni diasporunun uzun illər ərzində burada fəaliyyət göstərməsi və oturuşmasıdır. Erməni lobbisinin güclü tərəflərindən biri də bu ölkənin diasporunu formalaşdıran fərdlərin bizdən fərqli olaraq daha çox intellektual sahələrdə çalışmalarıdır. Bu faktor da xüsusən Avropada Xocalı soyqırımına qiymət verilməsini çətin duruma salır.
Onu da bilməliyik ki, dünya yalnız Avropadan ibarət deyil və soyqırıma Avropanın hansısa dövlətinin verdiyi qiymətlə, başqa bir Asiya və ya Afrika ölkəsinin verdiyi qiymət hüquqi baxımdan eyni mahiyyət daşıyır. Ona görə də inkişaf etmiş dövlətlərlə yanaşı dünyanın digər istiqamətlərinə də nəzər salmağın vaxtı çatıb.

Yeni strateji hədəflər

Hazırda dünya düzəni dəyişir. Dəyişən dünyada Afrikanın önəmi artır və daha çox cəlbedici olmağa başlayır. Məlumdur ki, qlobal savaşların arxasında dayanan əsas məsələ təbii sərvətlərlə bağlıdır. Enerji və digər təbii ehtiyatlar uğrunda dünya savaşı gedir və bu da yeni istiqamətlər müəyyənləşdirir. Bu səbəbdən də neftlə və digər təbii sərvətlərlə zəngin olan Afrika ölkələri daha cəlbedici görünür. O da məlumdur ki, bundan sonra artıq xüsusən bəzi Avropa ölkələrinin Afrikanı istismar etməsi əvvəlki tək rahat olmayacaq. Bunun səbəblərindən biri də Afrika ölkələrinin artıq öz sərvətlərinə sahib çıxma istəyi, eləcə də texnoloji cəhətdən inkişaf etməkdə qərarlı olmalarıdır.
Qeyd etdiyimiz kimi yeni dünya düzəni və bu proses çərçivəsində dünyaya təsir edən amillər, iqtisadi böhran, geopolitik savaşlar bizim bölgədən də yan keçmədi. Xüsusən qlobal güclərin idarə etdiyi prosesin Türkiyədə qırılma nöqtəsindən sonra qardaş ölkənin timsalında bizim də xeyrimizə olan amillər yarandı.
Bütün bu proseslərdən Türkiyənin ən böyük qazanclarından biri, bəlkə də çoxlarının təxmin edə bilmədiyi və ya hesablamadığı gözəgörünməz silah – sevgi idi. Türkiyə bu prioseslərin nəticəsi olaraq İslam ölkələrinin və xüsusilə Afrika xalqlarının sevgisini qazandı ki, bu da qardaş ölkənin bu istiqamətdəki xarici siyasətində uğur qazanması üçün ciddi rol oynayacaq amilə çevrilib.
Son zamanlar Türkiyə prezidentinin Afrika ölkələrinə mütəmadi səfərləri də təsadüfi deyil və bu bölgənin də dünyada ciddi rol oynayacağı, bunun nəticəsində də inkişaf edəcəyi proqnozlaşdırılır.
Hazırda Afrika ölkələrində Türkiyə şirkətləti çox ciddi fəaliyyət göstərirlər, iri həcmli investisya yatırırlar və.s. Bunun nəticəsi olaraq Afrikada fəaliyyət göstərən türklərin sayı artır və bunlar da Türkiyənin Afrikada diasporunu formalaşdırırlar.
Türkiyənin Azərbaycandakı səfirliyindən aldığımız məlumata görə, Türkiyənin 26 Afrika ölkəsində səfirlik və onun nəzdində ticarət müşavirliyi var. Bu ölkələrlə ticarət dövriyyəsi ümumilikdə 20 milyard dollara yaxındır və bu rəqəmlər artmaqdadır.

Yeni geosiyasi mənzərədən necə yararlanaq?

Biz isə bu yeni geosiyasi mənzərədən yararlan bilərik. Xocalı soyqırımını Afrika ölkələrində qəbul etdirməyimiz müzakirə olunası mövzudur. Təbii ki, Türkiyənin rəsmi olaraq buna dəstək verməsini gözləmirik. Sadəcə Türkiyə pərdəarxası olaraq bu prosesə dəstək verə bilər. Burada əhəmiyyətli rolu Türkiyənin diplomatik korpusları ilə yanaşı, Afrikada diasporunu formalaşdıran iş adamları oynaya bilər. Azərbaycan diasporu ilə Türkiyə diasporunun birlikdə hücum takltikasına keçməsi praktiki olaraq reallaşmalı və bu faktor bütün istiqamətlərdə həyata keçirilməlidir.
Türkiyədə fəaliyyət göstərən Afrika üzrə mütəxəssis Huriyyə Yıldırım bildirdi ki, Türkiyə və Azərbaycanın Afrika ölkələri üzərində bu cür təsir imkanlarına malik olması hazırda çox çətindir: "Afrikada bu təsirə sahib olmaq üşün afrikalı liderlərin Türkiyəyə simpatiyası yetərli deyil. İctimaiyyətin dəstəyi də vacibdir. Təəssüf ki, bu qitədə ictimai diplomatiyamız hələ ki yetərsizidr. Bunun gerçəkləşməsi üçün dövlətlərarası siyasi, iqtisadi və hərbi əlaqələr mövcud səviyyədən daha irəlidə olmalıdır. Daha sonra isə Afrika xalqlarının simpatiyasını qazanmalı və daha çox təbliğat aparmalıyıq. Bundan başqa qitədə mənafe güdən qlobal oyunçuların da təsirləri çox önəmli faktordur...Beynəlxalq əlaqələrdə isə suveren, bərabərhüquqlu prinsipi olduğu üçün hər hansı bir Afrika ölkəsi ilə Avropa ölkəsi arasında soyqırımı tanıma ilə bağlı hüquqi cəhətdən bir fərq yoxdur".

Çətin də olsa mümkündür

Təbii ki, bu proses asan başa gəlməyəcək. Yaranan mühit onu deməyə əsas verir ki, Afrikada erməniləri bu istiqmətdə məğlub edə bilərik və bu Türkiyənin də işinə yarayacaq. Cibuti isə bir başlanğıc rolunu oynaya bilər.
Bu yaxınlarda Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul etdi. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalıda törədilmiş qətliam soyqırım aktı kimi tanınır, günahkarların müvafiq beynəlxalq prinsiplərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir. Milli Assambleya BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Strateji Baxış İnstitunun (OUTLOOK) başqanı, analitik Yusuf Çinar bildirdi ki, dünyada qondarma erməni soyqırım iddialarını tanıyan ölkələrin böyük hissəsi Avropa ve Latın Amerikası ölkələridir: "Erməni iddialarını qəbul edənlərin əksəriyyəti erməni lobbisinin güclü olduğu dövlətlərdir. Erməni lobbisinin ən önəmli silahı təhsildir. İntellektual qruplar vasitəsilə ölkələrə basqılar həyata keçirirlər. Afrikada bu anlamda erməni lobbisinin təsirinə məruz qalmayıb".
Analitik bildirdi ki, Türkiyə Afrika ölkələri ilə Qərb kimi imperialist üslubunda deyil, bərabərhüquqlu hörmətə əsaslanan isti münasibətlərini inkişaf etdirib: "Bu faktor da erməni lobbisinin bu ölkələrdə gücsüz olmasına təsir edib. Təəssüf ki, Türkiyə və Azərbaycan diasporu arasında bərabər və koordinasiyalı formada yürüdülən strategiya yoxdur. Erməni lobbisi Afrikada həm də ona görə güclü deyil ki, onların təməl hədəfi iqtisadi və siyasi cəhətdən gücü olan ölkələrdir".
Yusuf Çinar hesab edir ki, Türkiyə həm Xocalı soyqırımı, həm də qondarma erməni iddiaları mövzusunda gizli diplomatik yollarla, eyni zamanda ictimai təşkilatlar, diaspor və.s vasitəsilə Azərbaycanla birlikdə hərəkət etməlidir: "Əgər bu strateji xarakter daşıyan işbirliyi reallaşsa Türkiyə və Azərbaycan ciddi uğurlar əldə edəcək. Eyni zamanda Türkiyənin özü də qondarma erməni soyqırımına qarşı daha effektiv çözüm əldə edə bilər. Hüququi baxımdan isə hər hansi bir Afrika ölkəsi ilə inkişaf etmiş Avropa ölkəsinin soyqırımı qəbul etməsi arasında bir fərq yoxdur. Sadəcə dünya siyasətinə təsiri olan ölkələrin bu addımı atması dünyada rezonans yaradır. Afrikada əhalisi və iqtisadiyyatı kiçik olan ölkəllərin xocalı soyqırımını qəbul etməsi güclü dövlətlərdə olduğu kimi səs gətirməyəcək. Amma gələcək perspektiv üçün çox önəmlidir. Buna görə də böyük dövlətlərlə yanaşı kiçik dövlətlərdə də Xocalı soyqırımının qəbul edilməsi üçün birgə proqram hazırlanmalıdır. Bu ancaq yaxşı orqanizə edilmiş koordinasiyalı bir fəaliyyətlə mümkündür".
Beynəlxalq İnsan Haqları Avrasya Forumunun rəhbəri Abdullah Buksur isə diqqətə çatdırdı ki, Afrikanın bütün böyük dövlətlərində Türkiyənin təmsilçiliyi mövcuddur: "Xocalı soyqırımının Afrika ölkələrində tanıdılması istiqamətidnə ictimai bir təşəbbüsə ehtiyac var. Buna iki ölkənin insan haqları sahəsində fəaliyyət göstərən ictimai təşkilatları da dəstək verə bilər...".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.