Leyla Yunusla bağlı daha bir bəyanat Hadisə

Leyla Yunusla bağlı daha bir bəyanat

"Azadlıq Hərəkatçıları" İctimai Birliyi: "Onun Ermənistana ən ciddi hərbi məlumatları ötürdüyü hər kəsə məlumdur"

"Azadlıq Hərəkatçıları" İctimai Birliyi İdarə Heyəti hüquq müdafiəçisi Leyla Yunusun fəaliyyəti ilə bağlı bəyanat qəbul edib.
İctimai Birlikdən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın əldə etdiyi uğurlar həm ölkə daxilində, həm də xaricdə inanılmaz dərəcədə qısqanclıqla, bəzi hallarda düşmənçilik hissi ilə qarşılanır.
Bəyanatda qeyd olunur ki, bu gün həm xaricdə, həm də daxildə müstəqil Azərbaycan əleyhinə fəaliyyət göstərən fərd və təşkilatları ətrafında cəmləməyə çalışan, öz fəaliyyətinə "demokratiya", "insan haqqları" donu geyindirməklə, əslində ölkəmizə qarşı açıq-aşkar düşmən fəaliyyəti göstərən Leyla Yunusun əməlləri bu baxımdan dözülməz həddə çatıb: "Bu başabəla "hüquq müdafiəçisinin" hələ müstəqilliyimizin ilk illərində (1992-1993-cü illərdə) gənc respublikanın Müdafiə Nazirliyində əldə etdiyi məsul vəzifədən istifadə edərək, Ermənistan tərəfə ən ciddi hərbi məlumatları ötürdüyü hər kəsə məlumdur. Bu "xidmətinin" nəticəsi idi ki, 1994-cü ildə Müdafiə Nazirliyindəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ermənistanın xüsusi kəşfiyyat orqanları, birbaşa Ermənistan Milli Təhlükəsizlik Naziri ilə yaxın münasibətlər qurmuşdur. 2004-cü ildə erməni dostu Yunus Davidin vasitəsilə Ermənistan Tədqiqatçı Jurnalistlər Təşkilatından iki dəfəyə 50.000 avro qrand aldığı da hər kəsə məlumdur. Əldə edilmiş dəqiq məlumatlara görə, bunun müqabilində Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatları üztə Leyla Yunus Azərbaycanda milli zəmində nifaqlar salınmasını, etnik qarşıdurmalar yaradılmasını təşkil etməli idi.
Bəyanatda deyilir ki, Leyla Yunus Ermənistanın "Region" Araşdırma Mərkəzi ilə də birgə layihə həyata keçirərək, "İctimai Dioloqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar kompaniyası" aparmaqdan çəkinməmişdir. Halbuki həmin saytda separatçı "DQR" "müstəqil dövlət" kimi qələmə verilir. Özü kimi milli xəyanətkar Əkrəm Əylislinin məlum cızmaqarasını da ilk müdafiə edən Leyla Yunus, Almaniyanın Esslingen Neçkar şəhərində keçirilən konfransda bunu fəxrlə bəyan etmişdir".
Bəyanatda bildirilir ki, L.Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə də isti münasibətlərinin olduğu mətbuatdan yaxşı məlumdur. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Arteri Servis" və "Haydro Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan cəsus materialları da yayıb.
"Azadlıq Hərəkatçıları" İctimai Birliyi bütün yuxarıda qeyd olunan və qeyd olunmayan saysız-hesabsız əməllərinə görə Leyla Yunusun hələ də Azərbaycanda sərbəst gəzib-dolaşmasını, düşmənlərimizdən aldığı qrandlar hesabına Azərbaycanın əleyhinə yönələn fəaliyyətlərini qətiyyətlə pisləyir və bütün vətənpərvər insanları Leyla Yunus və onun kimilərə qarşı vahid mövqe nümayiş etdirməyə çağırır.