Sərnişindaşıma sistemi plansız şəkildə qurulub Hadisə

Sərnişindaşıma sistemi plansız şəkildə qurulub

Vüsal Kərimli: "Bütün avtobuslar kart sisteminə keçəcək"

Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobusların kart sisteminə keçəcəyi müddət açıqlanıb.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli jurnalistlərə deyib ki, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".
Vüsal Kərimli bildirib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".
O əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma üzrə utilizasiya proqramını həyata keçirəcək:
"Bu proqram, əsasən, sərnişindaşıma üzrə fəaliyyət göstərən şirkətlərin marşrutlara buraxdığı avtobusların yenilənməsi ilə bağlıdır. Bu gün Bakıda sərnişin daşıma ilə məşğul olan şirkətlərin bəzilərinin avtobusları standartlara cavab vermir. Biz həmin marşrutu da birdən- birə ləğv edib onlardan yeni avtobuslar tələb edə bilmirik. Ona görə də bu proqram çərçivəsində həmin köhnə avtobusların mərhələli şəkildə xətdən çıxarılmasını istəyirik. Sahibkarlar mərhələli olaraq avtobusları yeniləyəcək".
Baş direktor deyib ki, proqramın icrasına 2018-ci ilin ilk 3 ayı ərzində başlanacaq. Proqramın icra müddəti isə hələlik məlum deyil.
Agentlik rəhbəri Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobusların olduğunu da vurğulayıb:
"Hazırda Bakıda marşrut xətlərində 2100 avtobus fəaliyyət göstərir. Onlardan 2083-nə fərqlənmə nişanı verilib. Amma fərqlənmə nişanları almayan avtobusların olması barədə də məlumatımız var. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".
Vüsal Kərimli deyib ki, Bakıda sərnişin nəqliyyatında vahid sürücü bazasının yaradılması ilə bağlı işlər davam etdirilir.
Qurum rəhbəri bildirib ki, artıq şəhərdaxili marşrutlarda fəaliyyət göstərən sürücülər siyahıya alınıb: "Bəzi şirkətlərin təqdim etdikləri siyahı bizi qane etmir. İslam Oyunlarından sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Sürücülər təlim proqramlarına cəlb ediləcək. Bu proqramda sürücülərin yalnız avtobusu idarəetmə qabiliyyətləri deyil, ekstremal şəraitdə nəqliyyat vasitəsini idarəetmə və digər təlimlər də var. Sürücülər həmin təlimlərə cəlb ediləcək, təlimlərdən keçən sürücünün marşruta çıxmasına icazə veriləcək. Söhbət ondan getmir ki, hansısa sürücü 10-15 il marşrut idarə edibsə, ona güzəşt olunacaq. İstənilən sürücü həmin təlimlərdən keçərsə, marşrut xəttində avtobus sürməsinə icazə veriləcək. Əks halda sürücü marşrutdan kənarlaşdırılmalıdır".
Vüsal Kərimli qeyd edib ki, avtobus sürücüləri ilə yanaşı, xüsusi xidmət sürücüləri də təlimlərə cəlb edildikdən sonra onların işləməsinə icazə veriləcək.
Vüsal Kərimli deyib ki, Azərbaycanda sərnişindaşıma sistemi planlı şəkildə qurulmadığı üçün müəyyən çətinliklər var, Bakı Nəqliyyat Agentliyi (BNA) bu çətinlikləri planlı şəkildə aradan qaldırmaq niyyətindədir: "Biz hazırda analizlərimizi davam etdiririk. Hazırda demoqrafik vəziyyət, şəhərsalma və onların gələcək perspektivləri analiz olunur. Paytaxtda və Bakıətrafı qəsəbələrdə marşrut xətləri buna müvafiq olaraq salınır".