Jurnalisti döyənlər tutuldular Hadisə

Jurnalisti döyənlər tutuldular

Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər
Zərərçəkən: "Hamı kimi mən də nazir Ziya Məmmədovla bağlı yazıları paylaşıb, status yazmışam"

"Yeni Müsavat" qəzetinin və APA-nın əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə srağagün gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında tutulub.
Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Onlar döyülən jurnalistin özünün də iştirak etdiyi istintaqdakı üzləşmə zamanı etiraf ediblər ki, sifarişçi Tural Bayramov Fərahim İlqaroğlunun Facebookdakı şəklini göstərərək, "bunu cəzalandırmaq lazımdır, pul da veriləcək", deyib. Həmin şəxslər cinayət əməlini törətməmişdən öncə T.Bayramovdan pulun bir qismini də alıblar.
Tural Bayramovun özü ilə bağlı məlumatlar da ortaya çıxıb. Belə ki, o, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir.
Qeyd edək ki, Tural Bayramov hələ saxlanılmayıb.
Fərahim İlqaroğlu axar.az saytına bildirib ki, Firuz özü təhlükəsizlik xidmətində işləyir: "Firuz dedi ki, rəis mənə tapşırıq verdi və dedi ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Güman edirəm ki, bunun arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da var. Əsas Tural Bayramov tutulandan sonra bu daha da aydın olacaq. Əgər onlar sifariş veribsə, məqsədləri nazir Ziya Məmmədovdan yazan bir qəzetə mənim timsalımda gözdağı vermək olub. Hamı kimi mən də nazir Ziya Məmmədovla bağlı yazıları paylaşıb, status yazmışam. Amma heç vaxt təhqir etməmişəm. Hamı necə, mən də elə. Aynarla bağlı yazıların müəllifi mən olmamışam. O vaxt ilk dəfə bu barədə Eynulla Fətullayevin rəhbəri olduğu sayt məlumat yaymışdı. Mən də o məlumatları paylaşaraq münasibət bildirmişəm. Amma heç vaxt paylaşımlarımda təhqirə yol verməmişəm".
Jurnalist deyib ki, sona kimi haqqını tələb edəcək: "Mən günahsız yerə, peşə fəaliyyətimə görə döyülmüşəm. İlk gündən müxtəlif versiyalar səsləndirmişdilər. Hüquq-mühafizə orqanaları bu versiyalrın üstündə iş apardılar. Eyni zamanda mənim işim Daxili İşlər Naziri Ramil Usubovun şəxsi nəzarətində idi. Nazirliyə də dəvət olunmuşdum. Peşəkar əməliyyatçılarla görüşdüm. Məni əmin etdilər ki, narahat olmayın, sizin məsələniz diqqətdədir və tez bir zamanda açılacaq. Konkret olaraq mən iki həftə peşə fəaliyyətimlə məşğul ola bilməmişəm. Tələb edəcəm ki, həmin şəxslər qanun qarşısında sərt cəzlandırılsınlar".
Milli Məclisin üzvü Elton Məmmədov isə bildirib ki, oğlu ilə bağlı deyilənlər onu bezdirib və artıq bu cür "əsassız ittihamlara cavab vermək niyyətində deyil".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Fərahim İlqaroğlunu döyən şəxslərin idmançı Tural Bayramovdan sifarış alması xəbəri ilə bağlı aktual.az-a açıqlamasında bildirib ki, bu barədə hələki heç bir söz deyə bilməz: "Mətbuatda kimin adı hallandırılır, bilmirəm. İstintaq sirri olduğu üçün açıqlama vermək qanunvericiliyə ziddir. Cinayətdə iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Əlavə heç nə deyə bilmərəm. Çünki bu istintaqın gedişinə təsir edə bilər".