Azərbaycanlı polislərin qəhrəmanlığı Hadisə

Azərbaycanlı polislərin qəhrəmanlığı

Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları fədakarlığı nəticəsində 50-dən çox insan xilas edilib

Aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binada yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu zaman binanın qarşısından keçən, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları - polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşıblar. Polis əməkdaşları təcili Alayın və RPİ-nin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər veriblər.
Alayın komandanlığından verilən əmrdə polislərə təcili bir-bir evlərə gedib yatan, hadisədən xəbərsiz sakinləri oyatmaq, azyaşlı körpələri, qoca, kimsəsiz, özü yeriməyə imkanı olmayan insanları xilas etmək tapşırılıb. Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birincilər sırasında çatıb. Ətrafı qara tüstü bürüdüyündən polislər əleyhqazı geyərək sakinləri təxliyyə etməyə başlayıblar. Polislər axırıncı mərtəbəyə qədər sürətlə qalxıb bütün evlərin qapılarını döyüb evdəkiləri xəbərdar ediblər. Tezliklə yanğının binanın kabel şaxtasında yaranmış problemlə əlaqədar olmasını müəyyən edilib. Ümumilkdə 50 nəfərdən çox sakin xilas edilib. Onların arasında 8 nəfər azyaşlı olub.
Yanğında 120 nəfər xəsarət alıb Polis serjantı İbrahim Məmmədov həmin anları belə təsvir edir: "Valideynlərdən biri evdə uşağının qaldığını deyib. Özü düşsə də, uşağı götürə bilməmişdi. Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi… Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb, ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənməyə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı". Zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı respublika Toksikologiya mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə yazılıblar.