“Həmişə vətəndaş mövqeyi olub” Hadisə

“Həmişə vətəndaş mövqeyi olub”

İki Sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin 50 yaşı tamam olur.
Vüqar Rəhimzadə 1967-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. Həmin ildən əmək fəaliyyətinə başlayıb.
2005-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Fondun Müşahidə Şurasının sədr müavinidir.
Jurnalistlik fəaliyyətini isə "İki sahil" qəzetində baş redaktor kimi davam etdirir.

Həmkarları Vüqar Rəhimzadə ürək sözlərini belə çatdırıblar:

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

"Artıq 25 ildir ki, Vüqar Rəhimzadəni tanıyıram. Mən "Yeddi gün" qəzetinə çalışmağa gələndə Vüqar Rəhimzadə də həmin qəzetlə əməkdaşlıq edirdi. Baxmayaraq ki,həmin zaman artıq "İki sahil" qəzeti çapa hazırlanırdı. Vüqar səmimi, dostcanlı, həqiqətpərəst insandır.
Mətbuatımıza, jurnalistikamıza bağlıdır. Bizim xarici ölkələrə çoxsaylı səfərlərimiz olub. Bilirsiniz ki, Vüqar Rəhimzadə həmçinin Yeni Azərbaycan Partiyasında Siyasi Şuranın üzvü kimi təmsil olunur. O cümlədən onun pedaqoji fəaliyyəti var. Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin jurnalistika faükltələrində dərs deyir və gənclərin bu sahəyə marağının yaranmasında kifayət qədər rolu var.
Eyni zamanda Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşmasında Vüqar Rəhimzadənin məxsusi xidmətlərini qeyd etmək lazımdır.
O, Mətbuat Şurası komissiyasının sədri kimi reket jurnalistlərə qarşı mübarizədə qəti addımlar atıb. Vüqarın əsas istəyi Azərbaycan mətbuatının sağlamlaşdırılması, peşəkarlaşması istiqamətindədir və bu yolda müsbət nəticələr ortaya qoyub. Onu təbrik edirəm. Arzu edirəm ki, növbəti yubileylərini də qeyd etmək şansı olsun".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

"Vüqar Rəhimzadə ilk növbədə dost kimi yüksək mənəvi dəyərlərə, insani kefiyyətlərə malik şəxsdir. Səmimi, sədaqətli, dövlətçilik prisiplərinə, ideallarına daim sadiq olan insandır. Təbii ki, media nümayəndəsi kimi də bu günə qədər Azərbaycan mətbuatının inkişafı üçün çalışıb. Rəhbərlik etdiyi qəzet Azərbaycanda müstəqil mətbautımızın ilk və peşəkar nümunələrindəndir.
İctimai-siyasi fəaliyyəti kifayət qədər yüksəkdir və fəal insandır. Azərbaycan milli maraqlarının tələb olunduğu hər yerdə Vüqar Rəhimzadə var.
50 yaşa çatmağıma bir neçə ay qalmış biri kimi bu yaşın nə demək olduğunu başa düşürəm. 50 yaş yol ayrıcıdır. İnsanın əsl həyatının ən önəmli mərhələsi bundan sonra başlayır. Vüqar Rəhimzadəyə bundan sonrakı fəaliyyətində uğurlar və can sağlığı arzu edirəm. Allah onu özü, ailəsi, təbii ki, Azərbaycanla bağlı bütün istəklərinə qovuşdursun".

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu:

"Vüqar Rəhimzadənin fəaliyyətini çox yüksək qiymətləndirirəm. O, vicdanlı vətəndaşdır. Vüqarın harda olmasından, ona hansı işin tapşırılmasından asılı olmayaraq həmişə vətəndaş mövqeyi olub. Bildiyiniz kimi Vüqar vaxtilə gənc yaşlarında Milli Məclisdə təmsil olunub.
Onunla artıq xeyli zamandır həm Azərbaycan Mətbuat Şurasında, həm də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında birgə həmkarlıq edirik. Vüqar həmişə öz prinsipiallığı, təvazökarlığı, xeyirxahlığı ilə seçilib. Eyni zamanda Azərbaycanımız üçün çaba göstərən ləyaqətli vətəndaşdır. Gözəl ailə sahibidir, gözəl övladları var. Mən onu təbrik edir və uzun ömür arzu edirəm".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Fəqanoğlu:
"Vüqar müəllim, doğum gününü təbrik edirəm! Bilirsən ki, bizim dostluğumuz tələbəlik illərinə - 1990-cı illərin əvvəllərinə təsadüf edib.
O vaxt hər ikimiz yataqxanada qalırdıq, otaqlarımız çox kiçik olsa da, arzularımız çox böyük və hüdudsuz idi. Bizi birləşdirən və dost səviyyəsinə qədər gətirib çatdıran dəyərlər də yetərincə idi. Ən əsası da, doğma vətənimizə sonsuz sevgi, müstəqil dövlətimzin möhkəmləndirilməsi ilə bağlı bacardığımızı etmək... Səninlə çiyin-çiyinə çalışdığım illərdə səni bir böyük insan, mükəmməl təşkilatçı və bir etibarlı dost kimi yenidən kəşf etdim.
Bu gün ali məktəbdə jurnalistikanı tədris etməyinə, bir neçə gərəkli və ciddi araşdırmalarının nəticəsi olan kitablarına, dövlətimizin zəhmətinə verdiyi fəxri ad və təltiflərə də çox sevinirəm. Ən əsası isə öz sadəliyini və səmimiliyini qoruyub saxlaya bilmisən, istər qəzetin, istərsə də tv-nin ən sıravi əməkdaşı ilə belə həmdərd, dost kimi davranmağı bacarırsan. Sənin haqqında çox söz deyə bilərəm.
Amma məncə, bircə kəlmə ürəkdən qardaşım demək ən xoş və isti sözlərin hamısına əvəzdir. Yaşa var ol, həm jurnalistika sahəsində, həm də şəxsi həyatında nəsibin yalnız bol-bol uğurlar və xoşbəxt günlər olsun!"