AMEA-da Bülbülün 120 illik yubileyi qeyd olunub Hadisə

AMEA-da Bülbülün 120 illik yubileyi qeyd olunub

İyunun 29-da AMEA Hüseyn Cavidin Ev Muzeyində "Bülbül və folklor" mövzusunda elmi sessiya keçirilib. Əvvəlcə ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, iyunun 22-də Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Xalq artisti Bülbülün anadan olmasının 120 illiyi tamam olur. Alim elmi sessiyanın ölkə Prezidentinin "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" 11 may 2017-ci il tarixli Sərəncamına əsasən keçirildiyini vurğulayıb.
Akademik M.İmanov məlahətli səsi ilə könül oxşayan Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə isə görkəmli müğənninin 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
"Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır" – deyən akademik bildirib ki, görkəmli xanəndə xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – "Koroğlu" operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Çıxışının sonunda M.İmanov Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını qeyd edib.