Kəndlilərə kömək: yeni layihə hazırlanır Hadisə

Kəndlilərə kömək: yeni layihə hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş keçirilib.
Bu barədə "Xalq Cəbhəsi" qəzetinə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
Nazir Səlim Müslümov bildirib ki, iş üçün kəndlərdən şəhərlərə axın mövcud olduğu halda, son illərdə bu proses əks istiqamətdə, yəni şəhərlərdən kəndlərə qayıdışla əvəz olunmağa başlayıb. "Azərbaycanda yeni "İşsizlikdən sığorta haqqında" qanun qəbul olunub və bu qanuna əsasən növbəti ilin əvvəlindən ölkəmizdə tətbiqinə başlanılacaq işsizlikdən sığorta sistemi bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin qurulmasına səbəb olmaqla, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsinə imkan verəcək. Belə ki, hər il işsizlikdən sığorta sistemi vasitəsilə toplanacaq vəsaitin təqribən 40 faizə qədəri özünüməşğulluq proqramına yönəldiləcək və bununla da proqramın indikindən dəfələrlə çox ailəni əhatə etməsi təmin ediləcək".
Azərbaycan Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı Layihəsi" "Pensiya və Sosial Təminat Layihəsi" və "Sosial Müdafiənin İnkişafı Layihəsi" həyata keçirib. Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması da Dünya Bankı ilə birgə icra olunacaq.