Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər Hadisə

Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər

Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş dinləmələr keçirilib
Vitse-spiker: "Xoşbəxtliyimizin nədən ibarət olduğunu belə tam anlamırdıq"

Dünən Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər" mövzusunda dinləmələr keçirilib.
Tədbirdə çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, 1951-ci ildən bəri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il bütün dünyada geniş qeyd olunur: "50-ci illərdə cəmi 51 ölkə bu günü rəsmi səviyyədə qeyd edirdisə, artıq bu gün dünyanın əksər dövlətləri onu rəsmi səviyyədə qeyd edirlər. Azərbaycanda da uşaq hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar atılır. Ölkəmizin müstəqilliyinin elə birinci ilində Azərbaycanın BMT-nin uşaq hüquqları ilə bağlı Konvensiyasına qoşulub".
H. Rəcəblinin sözlərinə görə, müstəqilliyinin cəmi 23 ili ərzində Azərbaycan, onun ali qanunverici orqanı olan Milli Məclis uşaq hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan 22 qanun qəbul edib, bu yöndə 45 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən isə 220 direktiv sənəd qəbul olunub.
Uşaqlar arasında xəstəliklərin əsas səbəblərindən birinin onların erkən yaşlardan işə cəlb edilməsi olduğunu deyən komitə sədrinin sözlərinə görə, Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir: "Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində lazımi tədbirlər görülür. Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Ona görə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri daha da gücləndirmək lazımdır".
Sonra çıxış edən MM sədrinin müavini Bahar Muradova qeyd edib ki, bütün dövlətlərin, cəmiyyətlərin öz gələcəklərini yaxşı qurması, milli genefondunu, özlərinin gələcəyi hesab etdikləri yeni nəsli, uşaqları qoruması üçün fiziki və əqli cəhətdən yetkin, sağlam, mənəvi cəhətdən bütöv şəxsiyyətlər yetişdirməsi başlıca vacib amillərdəndir. Onun dediyinə, bunlarsız həmin dövlətlərin və cəmiyyətlərin düzgün istiqamətdə getməsi mümkün deyil. "Bura gələrkən uşaqların rəsm sərgisi ilə qarşılaşdım və bir anlığa uşaqlıq illərimizi, həmçinin, o zaman nə böyük ümidlərlə gələcəyə baxdığımızı, ancaq gələcəyimizi yaxşı qurmaq üçün imkanlarımızın nə qədər məhdud olduğunu xatırladım. Yaşadığımız sovetlər dövründə yetişməkdə olan nəsillərin, uşaqların, yeniyetmələrin yaxşı gələcəklərinin təmin olunması ilə bağlı sanki çoxlu nağıllar, əfsanələr səslənirdi, ancaq əsl reallıq bunun əksini söyləyirdi, bu yöndə görülən işlər çox az idi. Biz hətta, o zaman xoşbətliyimizin, yaxud, bədbəxtliyimizin nədən ibarət olduğunu belə tam, düzgün anlamırdıq. Ancaq indi şükürlər olsun ki, müstəqil Azərbaycanda yaşayırıq və ötən 23 il ərzində də uşaqların, yeniyetmələrin öz gələcək həyatlarını daha gözəl təmin etməsi ilə bağlı zəruru addımlar atılıb, bunun əsasları yaradılıb".
Bahar Muradova bildirib ki, fiziki imkanları məhdud olan uşaqları əlil adlandırmaq düzgün deyil: "Xeyli müddətdən bəri cəmiyyətdə, o cümlədən parlament kuluarlarında müzakirə olunan "Yuvenal (uşaq) ədliyyə haqqında" qanun layihəsinin müzakirələrə çıxarılması və qəbul olunmasına ehtiyac duyulur".
Onun sözlərinə görə, sözügedən qanun layihəsi artıq parlamentin müvafiq komitəsində var və bu baxımdan, onun yaxın gələcəkdə müzakirələrə çıxarılaraq, qəbul olunması da gözləniləndir.
Vitse-spiker qeyd edib ki, bununla yanaşı, internat məktəblərində, uşaq evlərində yaşayan uşaqların, yeniyetmələrin həmin müəssisələri tərk etməsindən sonra onların öz həyatlarını qurması , cəmiyyətə adaptasiyası istiqamətində növbəti addımların atılması, bu yöndə qanunvericiliyə yeni dəyişiklərin edilməsi zərurəti ortadadır.
"Biz bu məsələləri daim diqqətdə saxlamalı, zamanı gələndə gündəmə gətirməli və onların reallığa çevrilməsi yönündə addımlar atmalıyıq. Bununla bərabər, fiziki imkanları məhdud olan uşaqların hüquqlarının daha yaxşı təmin olunması istiqamətində növbəti addımların atılmasına ehtiyac var. Həmin uşaqları da biz əlil adlandırırıq. Ancaq mən şəxsən bunu düzgün hesab etmirəm. Biz qanunvericilikdə fiziki imkanları məhdud olan uşaqların əlil adlandırılmasının aradan qaldırılmasına nail olmalı, bu yöndə daha münasib terminin tapılmasına çalışmalıyıq. Eyni zamanda, biz daim erkən nikahlar, azyaşlı qızların təhsildən yayındırılması məsələsini diqqətdə saxlamalıyıq. Çox təəssüflər olsun ki, bu gün erkən nikahlar adlandırılan problem, yəni, azyaşlı qızların zorla ailə qurmağa, evlənməyə, nəsil artırmağa cəlb olunması halları var. Bu, bizi çox ciddi düşündürür və narahat edir. Ona görə gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində növbəti addımların atılmasını, bu yöndəki müvafiq qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutmalıyıq", - deyə MM sədrinin müavini daha sonra sözlərinə əlavə edib.
Daha sonra çıxış edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanın müstəqilliyini qazandıqdan bir neçə ay sonra Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etdiyini xatırladıb və qeyd edib ki, bu konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi.
M.Herevard vurğulayıb ki, ötən illər ərzində YUNİSEF Milli Məclis ilə sıx əməkdaşlıq edib, yüksək nəticələr əldə olunub və uşaqların vəziyyəti xeyli yaxşılaşıb.
YUNİSEF rəsmisi əlavə edib ki, Milli Məclis Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görüb.
M.Herevard bundan sonra da YUNİSEF-in uşaq hüquqlarının qorunması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Milli Məcilislə yaxından əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə öz növbəsində bu cür tədbirlərin artıq ənənəvi xarakter aldığını bildərək qeyd edib ki, bu, həm də millət vəkillərinin cəmiyyət qarşısında hesabatı sayıla bilər. Komitə sədri daha sonra uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycann 2000-ci ildə Minilliyin Sammitində daha iki mühüm Protokola - uşaqların müharibəyə cəlb olunmasının və uşaq alverinin qarşısının alınması ilə bağlı sənədə imza atdığını bildirib və əlavə edib ki, gün o gün olsun ki, uşaqların beynindən müharibə sözü ümumiyyətlə, birdəfəlik çıxsın.