Bir dəstə qızılgül... Hadisə

Bir dəstə qızılgül...

Arzu Şirinova

May ayını çox sevirəm. Bəlkə də bu ayda doğulduğumdandı. Həm də əsasən bu ayda bağımızı gözəlləşdirən qızıl gülləri çox sevirdim. İndi də sevirəm, ancaq nə yazıq ki, nə bağmız var, nə bağımızı gözəlləşdirən qızıl güllər, nə də bu güllərin nazını çəkən əllər...
...Ad günümdən bir gün əvvəl gecə atamı yuxuda gördüm. Gördüm ki, əski günlərdəki kimi kəndimizə gedirəm. Atam məni Akara stansiyasında qarşılayır. Bu dəfə də taksi sürücüsü Əli dayı ilə gəlib. Əvvəldən neçənci vaqonda olduğumu bildiyi üçün məni elə həmin vaqonun dayandığı yerdəcə gözləyir. Boynuna sarılıram, qoxulaya-qoxulaya öpürəm. Heçə aylar olardı ki, görüşmürdük. O da yamanca darıxıb. Adətiydi mən boynuna sarılanda gözləri dolardı. Heç nə deyə bilməzdi. Çünki səsinin tirəməsiylə məni üzəcəyindən qorxurdu? Sadəcə əllərimi köksünə sıxıb, sanki ürəyini sakitləşdirirdi ki, "gözlədiyin gəlib, narahat olma". Sonra da öpüb gözlərinə qoyardı. Bunu hər zaman təkrarlayardı. Hiyəsini ana olandan sonra anladım...
...Əli dayı yolboyu rayonda baş verən yeniliklərdən danışırdı. Eyni zamanda, zarafatından da qalmırdı. Məhəlləmizə çatanda Əli dayı hər zamankı kimi deyinməyə başlayır:"Bura nə vaxt düzələcək? Hə böyük problemdir ki, buraya asfalt çəkmək? Əşi yığışıb özünüz də bu yolu qaydasına qoya bilərsiniz". Əli dayı həm haqlıydı, həm də haqsız. Haqsız ona görə deyirəm ki, bu yol nə qədər düzəldilsə də xeyri yox idi. Yazda yağan güclü yağış selə dönüb məhləmizizlə axırdı. Və düzəldilən yoldan əsər-əlamət qalmırdı...
...Həyətimizdə anam qarşılayır bizi. O üzümdən, bu üzümdən öpür və kənara çəkilib məni başdan-ayağa süzür. Hər dəfə də eyni sözü deyir:"Yaman sınıxmısan". Tut ağacının altındakı masanın üstündə hər şey hazırdı-səhər yeməyi üçün bal, yağ, qaymaq və təzə şor. Bir tərəfdə də soyutma yumurta və bu ilki qızılgüldən bişirdiyi mürəbbə, buğda unundan sac yuxası.
Səhərin gözü açılmamış bütün bunları necə çatdırdığına Əli dayı təəccüblənir. Hə qədər desə də ki, "işim var getməliyəm", anam onun qolundan tutub süfrəyə oturdur. Anama yardım edib çayları süzürəm və masa arxasında yerimi rahatlayıram. Atam nəyisə unutmuş kimi yerindən qalxıb bağa sarı gedir. Bir azdan sonra əlində qızılgüllər gəlir və "bu gün sənin doğum günündü, təbrik edirəm", deyib gülləri mənə uzadır. Qızılgüllərin üzəri hələ də şehlidir. Gülləri alıb sinə dolusu qoxulayıram. Doğum günümdə yenə də atamdan aldığım qızılgül hədiyyəsi... Elə bu yerdə qızımın səsi məni yuxudan ayıldır. İşə tez getdiyi üçün mənə doğum günü təbrikini çatdırır və arzularını diləyir. Yuxunun təsirindəndir nədənsə qızıma düz-əməlli təşəkkür edə bilmirəm. Hə gizlədim, ürəyimdə hələ bir gileylənirəm də, niyə məni gerçək həyata qaytarıb. Çünki illərdir ata əlindən almaq istədiyim bir dəstə qızılgülə həsrətəm...