Avropa İttifaqı ilə readmissiya sazişi təsdiqləndi Hadisə

Avropa İttifaqı ilə readmissiya sazişi təsdiqləndi

Parlamentin dünənki iclasında "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" sazişi təsdiqləyib.
Sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür. Sazişdə göstərilir ki, Avropa ittifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.
Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.
Deputat Rafael Cəbrayılov Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşların (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsini qaldırıb. O, sazişdə bununla bağlı qeyd-şərtin əksini tapmamasının səbəbini soruşub. Sədr Oqtay Əsədov deyib ki, əsas məqsəd vizaların sadələşdirilməsi prosesini sürətləndirməkdir: "Bu, ikitərəfli sazişdir, biz çoxtərəfli sazişlərə qeyd-şərtlərlə qoşuluruq. Avropa Birliyi bilmir ki, Dağlıq Qarabağ problemi var? Bu sazişi qəbul etməkdə əslində gecikmişik".