Xırdalan şəhər musiqi məktəbinin kollektivi Gürcüstanda konsert verib Hadisə

Xırdalan şəhər musiqi məktəbinin kollektivi Gürcüstanda konsert verib

Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstandan səfərdən qayıdıb. Səfər çərçivəsində abşeronlu musiqiçilər görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Gürcüstanın Tbilisi və Marneuli şəhərlərində konsert proqramları ilə çıxış ediblər. Məktəbin direktoru, Əməkdar Müəllim İkram Manafov bildirib ki, səfər Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə qurulan sıx əlaqələrdən danışıb. O, təşkil olunan tədbirlərdə məktəb kollektivinin böyük heyətlə iştirakına yaradılan şəraitə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Xırdalan məktəbinin "Nağaraçılar" ansamblının çıxışı, xalq çalğı alətləri ansamblının ifasında Tofiq Quliyevin və digər Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də, xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirlərdə Marneuli şəhərinin meri Temur Avazov, Marneuli bələdiyyəsinin sədri Amiran Kevorqadze, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müşaviri Ayaz Məmmədov, bölgə qubernatorunun müavini Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev və başqaları iştirak ediblər.