Yunanıstanda Qərbi Nil qızdırmasından 24 nəfər vəfat edib Gündəm

Yunanıstanda Qərbi Nil qızdırmasından 24 nəfər vəfat edib

Yunanıstanda Qərbi Nil qızdırmasına yoluxma nəticəsində ən azı 24 nəfər dünyasını dəyişib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı "EFE" agentliyi Yunanıstan Milli Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, keçən cümə axşamından bəri 58 yeni yoluxma halı qeydə alınıb. İl ərzində yoluxanların ümumi sayı 290 nəfərə çatıb, 32 xəstə isə reanimasiyadadır.

Xəstəlik hallarının təxminən yarısı Şərqi Attika (Yunanıstanın cənubu) və Afinanın şimal ətraflarının payına düşür. Virus artıq Yunanıstanın 13 regionundan altısına yayılıb.

Yunanıstanlı mütəxəssislər hesab edirlər ki, yaxın həftələrdə virusun yayılması davam edəcək, çünki xəstələnmə göstəricisinin pik həddi adətən məhz sentyabr ayında müşahid olunur.

Qərbi Nil qızdırması kəskin infeksion xəstəlikdir, virusun daşıyıcıları isə ağcaqanadlardır. Xəstəlik şiddətli baş və əzələ ağrıları ilə səciyyələnir, tez-tez ürəkbulanma və qusma ilə müşayiət olunur. Yuxululuq halı da qeydə alına bilər.

Məryəm Quliyeva