Ailənin yeddinci şəhidi dəfn olundu Hadisə

Ailənin yeddinci şəhidi dəfn olundu

Şəhid Zaur Həsənlinin anası: "Gedəndə dedi ki, ana, bəlkə şəhid oldum"

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin srağagün şəhid olan əsgəri Zaur Həsənli ailənin verdiyi yeddinci şəhiddir. Qarabağ müharibəsi başlayandan bəri mərhum əsgərin əmisi, dayısı və daha bir neçə yaxın qohumu şəhid olub.
Şəhidin anası Xurma Bayramova APA-ya deyib ki, 9 ay öncə Naxçıvanda xidmətə başlayan Zaur 10 gün sonra böyük qardaşı Raminin toyuna gələcəkmiş. Mərhum ölümündən bir neçə saat əvvəl ailəsi ilə danışaraq, toyda iştirak edəcəyini deyib: "Gedəndə dedi ki, ana, bəlkə şəhid oldum"...
Qeyd edək ki, 19 yaşlı şəhid əsgərmiz Zaur Həsənli dünən Xırdalan şəhərinin qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, hərbçilər, mərhumun yaxınları iştirak edib. Rituallara uyğun olaraq yaylım atəşi açılıb, daha sonra şəhid torpağa tapşırılıb.
Z.Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi Tərtər rayonunda məskunlaşıb.
Allah rəhmət eləsin!