“İnam və Şübhə” kitabı təqdim olunub Hadisə

“İnam və Şübhə” kitabı təqdim olunub

Ötən həftənin sonunda "Zero" kitab evində Asif Atanın fəlsəfi-tənqidi əsərlər toplusu - "İnam və Şübhə" kitabının təqdimatı olub. Kitabın ərsəyə gəlməsinin təşəbbüsçüsü, şair Fərid Hüseyn tədbiri giriş sözüylə açaraq iştirakçıları "İnam və Şübhə" kitabının nəşri münasibətilə kutlayıb, kitabdakı əsərlərin maraqla qarşılanacağına inandığını bildirib. İşıqlı Atalı Asif Atanın bənzərsiz yaradıcılığı, fəlsəfi-tənqidi əsərlərinin özünəməxsusluğu, kitabdakı əsərlərin hər birinin mahiyyəti haqqında danışıb: "Asif Ata yaradıcılığa özünəməxsus fəlsəfi-bədii tənqidlə başlayıb. Ötən yüzilin 70-ci illərinin sonlarında Mütləqə İnam Ocağını yaradaraq özünün dünyabaxışını təqdim edib. Bununla belə Ata ömrünün sonunadək fəlsəfi-bədii tənqid yaradıcılığı ilə məşğul olub. Əslində onun bu sahədəki işi gerçək ədəbi tənqidçilikdən artıq - təhlilçilik idi. O, yazıçının görmədiyini görür, demədiyini deyirdi. Onun bütün əsərləri asan oxunur, dili sadədir, ancaq mahiyyəti təbii olaraq mürəkkəbdir. Ata deyirdi ki, tənqidi əsər bədii əsər kimi oxunmalıdır".
Çıxışçılar kitabın nəşrini yüksək dəyərləndiriblər. Professor Nizami Tağısoy Asif Atanın yaradıcılığı haqqında fikirlərini bölüşüb, tənqidi əsərlərinin fəlsəfi, bədii, etik-estetik tərəflərinə diqqət çəkib: "Onun əsərlərində insanlığın əsas istiqamətləri müəyyənləşib". Fazil Kərimli Asif Atanın müəllimliyi, yaşamıyla yaradıcılığının üst-üstə düşməsi, ardıcıl olmasının təbiiliyindən danışıb. Yusif Dirili Asif Ata ilə həyatın, eləcə də sənətin müxtəlif sahələri, ədəbiyyatla bağlı çoxsaylı söhbətlərinə toxunub: "Ata açılmamış xəzinədir".
Yazıçı Kənan Hacı deyib: "Asif Ata Azərbaycan fəlsəfəsində, tənqidində öz istiqaməti olan, standartları dağıdan şəxsiyyətdir. Buna görə o, təqiblərə məruz qalıb. Gələcək nəsillər də onu sevə-sevə oxuyacaq, xatırlayacaq".
Tarixçi-alim Dilavər Əzimli Asif Atanın hərtərəfli yaradıcılığına heyranlığını bildirib, xatirələrini bölüşüb: "Asif Atanın həm də xoşbəxtliyi ondadır ki, məktəb yarada bildi".
Babək Xalistürk deyib: "Ata böyük filosofdur. Belə dahilər əsasən zamanlarında anlaşılmırlar. Asif Ata Türk Dünyasında ilk dəfə özünəməxsus fəlsəfi sistem yaradıb. Onun əsərlərində insana sönməz sevgi var. Atanın yolunu davam etdirən ardıcıllarına, bu kitabı ərsəyə gətirənlərə uğurlar diləyirəm". Məhərrəm Şəmkirli: "Bu kitabın nəşri məni çox sevindirdi. Sonralar bilinəcək ki, Asif Ata nəinki Azərbaycanın, dünyanın böyük şəxsiyyətidir".
Yolruh Atalı deyib: "Atanın ədəbi-tənqidi əsərləri onun istədiyi ədəbiyyatın yaranması üçün ən gözəl örnəkdir. Ata göstərir ki, əgər ədəbiyyatın söykəndiyi hansısa fəlsəfə olmasa, o ədəbiyyat uzunömürlü ola bilməz". Kitaba Asif Atanın fəlsəfi-tənqidi əsərlərinin bir qismi - "İnam və Şübhə", "Yerdəkilərin göy həsrəti", "Şeyx Nəsrullah əsarəti", "Bayatı işığı", "Məcnunluq", "Xaqanilik", "Vəcdli idrak", "Nikbinlik", "Həqiqət və Yarımhəqiqət", "Ölməyən dərd", "Dünyadan artıq", "Şeir dərdi", "Xəyal gerçəkliyi" kimi əsərləri daxil edilib.
Kitab "avanqard.net" saytı kitabxanasının nəşridir.
Kitabı nəşrə hazırlayanlar Safruh Atalı, İşıqlı Atalı və Yolruh Atalı, seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir. Bildirək ki, 1988-ci ildə Asif Atanın "İnam və Şübhə" kitabı "Yazıçı" nəşriyyatında "Asif Əfəndiyev" imzasıyla nəşr olunub.
Asif Ata tənqidində başlıca məqsəd yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Onun tənqidinin - təhlilinin məqsədi insanilik uğrunda döyüşdür. O, ədəbi tənqiddən hünər istəyirdi, onun döyüşkənlik ölçüsünü yaradırdı. Asif Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi, Cabbarlısı var. Ümumən dünya ədəbiyyatının klassikləri ilə bağlı da onun bənzərsiz fikirləri var. "İnam və Şübhə" əsərində inam-şübhə təzadının sənətdə ifadəsi, insanın gerçəklik-mahiyyət arasındakı çırpıntıları, həqiqətə yetməsinə mane olan antiinsançı yaradıcılıq cərəyanları, eləcə də dünyanın məşhur ədəbi əsərləri təhlil edilir, bəşərin əsilliyə - inama yetəcəyi, şübhədən qurtulacağına inam ifadə olunur.
"Yerdəkilərin göy həsrəti"ndə Hüseyn Cavidin əsərləri üstə insanın əzəli göylük eşqi, ucalığa, insanlığa, həqiqətə, ədalətə yetmək çağırışı səslənir, əslində göylük ünvanının insanlığa - inama, idraka, mənəviyyata, iradəyə yetmək olduğu haraylanır. "Dünyadan artıq" əsərində Ömər Xəyyam rübailəri üstə insanlıq qayğıları dilə gətirilir, Xəyyam meyinin mahiyyəti açılır, insanın dünyadan üstünlüyünün mənəvi əsasları göstərilir. "Nikbinlik" əsərində Füzuli eşqinin zamandan ötəliyi, əzabdan fərəh yetirməsi qüdrəti öyülür, əsl nikbinliyin insaniliyə yetmək olduğu vurğulanır.
"Şeyx Nəsrullah əsarəti" Asif Atanın məşhur fəlsəfi-tənqidi əsərlərindəndir, Mirzə Cəlilin "Ölülər"i mövzusunda yazılıb.
"Şeir Dərdi" fəlsəfi-tənqidi əsərində yaradıcıdan şeiriyyətin mahiyyətinə uyğun yaşamaq, yazmaq istəyi, tələbi var. Əsərdə Vətən, İnsan dərdinin Azərbaycan şairlərinin yaradıcılığında özünüifadə məqamları araşdırılır, çatışmazlıqlar göstərilir, insani-yaradıcı ölçüyə uyğun gələnlər təqdir olunur: "Dərddən yaranıb şeir - dərdsizlikdən ölə bilər".
Bayatı çağırmaq millətimizin uca ruhumuzdan doğub. Bayatı doğmalığını hər an yaşamımızda, düşüncəmizdə duyuruq. Asif Atanın "Bayatı işığı" yazısında bayatılarımızın ruhu, fəlsəfi mahiyyəti açılır. "Ölməyən Dərd" adlı fəlsəfi-bədii məqamı çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxışdır. "Xəyal gerçəkliyi" əsəri Azərbaycan nağılları üstə yazılıb, burada nağıllarımızın mahiyyəti açılır, Asif Atanın nağıl janrına özünəməxsus, tamamilə bənzərsiz münasibətini ifadə edir.
"Həqiqət və yarımhəqiqət" əsəri C.Cabbarlının "Oqtay Eloğlu"su və "Aydın"ı üstə yazılıb, insanın bitməyən həqiqət axtarışları təhlil edilir, yarımhəqiqətdən ötə olması qaçılmaz sayılır. "Məcnunluq" əsərinin qaynağı Füzulilikdir. Aşiqliyin ali timsalı olan Füzulinin Məcnunu Asif Atanın qələmində, mütləq görümündə bənzərsiz qiymətini alır. Əsərin ilahi şeiriyyətli dili diqqəti çəkən əsas məqamdır.
"Vəcdli idrak" əsərində İmadəddin Nəsiminin zamanı ötən vəcdi, həqiqətə yetən insani aqibətli ömrü şeiriyyətində axtarılır, insanlığa nümunə olaraq sunulur, Ata təbirilə desək, Nəsiminin şəxsində "aşiqlik, filosofluq, cəngavərlik" təsdiq olunur.

Uğur