Xədicə İsmayılovanın “satqın“ siyahısı Hadisə

Xədicə İsmayılovanın “satqın“ siyahısı

Eldar Hamazov: "Mən Rusiya casusuyam, "radistkam" isə Xədicə İsmayılovadır"
Almurad Əliyev: "Mən, heç kimə işləməmişəm"

"Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına təqdim etdiyi hesabat açıqlanıb. Mətbuatın yazdığına görə, bu siyahının amerikalılara "Art Qarden" restoranındakı görüşdən əvvəl, yoxsa sonra verildiyin məlum deyil: "Amma bir şey dəqiq məlumdur ki, Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik Xədicə İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb".
O hesabatdan belə məlum olur ki, jurnalist Xədicə İsmayılova ABŞ hökumətinə ötürdüyü sənəddə Vaşinqtonun əməkdaşlığı dərhal kəsməli olduğu Azərbaycan ictimai-siyasi xadimlərinin siyahısını verib. Onun fikrincə, bu şəxslərin Əliyev hakimiyyəti ilə əməkdaşlığı artıq ifşa olunub. Xədicə İsmayılova hesabatda onu da vurğulayır ki, bu məlumatlar onun tərəfindən bir qədər əvvəl ABŞ səfirliyinə də ötürülüb. O, həmn şəxsləri satqın adlandırıb.
Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir.
Vurğulanır ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.
Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev hakimiyyəti tərəfindən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə "verbovka" olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi Rauf Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.
Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.
Siyatəçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.
Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. Fətullayevin hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi, sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi. İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi xarakterizə edir.
Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur.
Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında Hamazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir...
Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir.
Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir.
Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun nəzarəti və təsiri altındadır.
Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.
Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.
Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir.
Eynulla Fətullayev "ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" başlıqlı yazısının yalan olduğunu iddia edənlərə cavab verib.
O, deyib ki, bütün fikirlər yazıda əksini tapıb: "Nə lazımdırsa, yazıda qeyd etmişəm. Dərc olunan siyahının əsası əlimizdədir".
Yazıda adı keçən şəxslər isə bunu təkzib edib.
Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev "mən ömrümdə heç kimə işləməmişəm. Yalnız Allaha işləmişəm. Bu cür böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına qoysunlar", - deyə bildirib. Almurad Əliyev qeyd edib ki, bu günə qədər heç kimə işləmədiyi kimi, bundan sonra da heç kimə işləməyəcək. O bunu yazanları, deyənləri ittiham edərək bildirib ki, kim deyirsə, özü haqqında danışsa yaxşı olar: "Elçibəyin ailəsinə dövlət tərəfindən qanunla verilən yardımdan da xəbərim yoxdur. Mənim buna aidiyyəti yoxdur, qarışmıram da. Bu məsələlərlə bağlı ailəsi bilər. Mənə deyəndə ki yardım edək, mən dedim ki, yaxşı olar. Özləri bilər, nə yazırlarsa yazsınlar, amma belə şey yazmaqdansa başlarını daşın altında qoysalar yaxşı olar".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, belə məsələnin mövcud olması absurddur. Onun sözlərinə görə, sözügedən hesabat cəfəngiyyatdır, lakin bu o demək deyil ki, hüquq müdafiəçiləri hakimiyyətlə iş birliyi qurmamalıdır: "Hüquq müdafiəçisinin iqtidar və müxalifət nümayəndələri ilə görüşüb, hansısa problemi çözməyə çalışmasında qəbahət yoxdur. Ona görə də bu hesabatdakı ittihamlar absurddur".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, jurnalist Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda adının hakimiyyətə çalışan siyasətçilər arasında çəkilməsi onu gözdən salmaq üçün edilib. Sərdar Cəlaloğlu bildirib ki, bu, tamamilə uydurma bir şeydir: "Mən orada qeyd olunan, guya, məni koordinasiya edən adamı heç tanımıram. Azərbaycanda hamı məni tanıyır. Mən təxminən 30 ildir ki, siyasətdəyəm, mənim idarə edilib-edilməyən adam olduğumu hər kəs bilir. Müxalifətdəki yoldaşlar da bilirlər ki, mən heç vaxt müxalifətdə ümumi kütləyə qoşulub xorla oxumamışam, iqtidar da bilir ki, mən düzgün hesab etdiyim məsələni həyatım boyu heç kəsə güzəştə getmərəm. Bu mənada, mənimlə bağlı yazılan yazı da məni kiçiltmək, təhqir etmək məqsədi güdür. Bu, tamamilə əsassız informasiyadır". ADP sədri qeyd edib ki, Azərbaycanda həm müxalifətdə, həm QHT-lərdə, həm də mətbuatda müəyyən qüvvələr var ki, beynəlxalq təşkilatlarla əlaqə saxlayarkən özlərini daha demokratik göstərmək üçün demokratik kəsimə böhtan atırlar.
Sərdar Cəlaloğlu əlavə edib ki, Xədicə İsmayılova qərəzli jurnalistdir: "Məndən də bir neçə dəfə müsahibə götürüb və bütün dinləyicilərin eşidəcəyi qaydada demişəm ki, sən özünü jurnalist kimi aparmırsan, tərəf kimi aparırsan. Burada verilən sualları da siz özünüz hazırlayırsınız. Amma adama elə gəlir ki, guya o sualları vətəndaşlar verir".
ADP sədri bildirib ki, Xədicə İsmayılova hansısa məsələyə şərh verir, amma faktı gizlədir: "Xədicə İsmayılova həm də siyasətçi kimi, tərəf kimi çıxış edir, müəyyən qüvvələri müdafiə, müəyyən qüvvələri isə gözardı edir. Mənə qarşı da onun sağlam münasibəti yoxdur".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da ona qarşı səslənən iddiaların yalan olduğunu deyib: "Xədicə İsmayılovanın bu tip yalan informasiyaları əgər xarici kəşfiyyata veribsə, bu onun şəxsi keyfiyyətini və əsl mahiyyətini ortaya çıxarır. Ancaq o öz "fasebook" səhifəsində bu iddianı təkzib edib. Ona görə də, mən bu məsələnin müzakirə edilməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, o özü bununla bağlı açıqlama yaymalı və kəşfiyyatçılarla nəyə görə görüşdüyünü ictimaiyyətə bildirməlidir. Mənə gələndə isə, şəxsimlə bağlı səslənən fikirlər tamamilə yalandır".

Əli