Sərhədi pozmağa çalışan 5 əcnəbi saxlanıb Hadisə

Sərhədi pozmağa çalışan 5 əcnəbi saxlanıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, aprelin 26-da 5 əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb.
Hadisə Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində "Pusqu" sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb. Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.
Araşdırma zamanı Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları - 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub. Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.