Üçüncü beynəlxalq şagird konfransı Hadisə

Üçüncü beynəlxalq şagird konfransı

Mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan "Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda" mövzusunda üçüncü beynəlxalq şagird konfransı işə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən konfransda Azərbaycanın 26 bölgəsindən 80, xarici ölkələrdən 21 məktəbli olmaqla ümumilikdə 101 şagird qatılıb.
Konfransın plenar iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı xidmətlərindən danışıb, Ulu Öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb. Qeyd edilib ki, hər il konfransın materiallarından ibarət toplu dərc olunur. Hər bir iştirakçıya elektron formada təqdim edilən topluda məktəblilərin Azərbaycan dilində 70, rus dilində 17, ingilis və türk dillərində isə altı məqaləsi əksini tapıb. Sonra Azərbaycan və xarici ölkələrdən olan məktəblilər çıxış edərək bu cür konfransların onların həyatında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Daha sonra konfrans işini MEK-in konfrans zallarında "Heydər Əliyev və azərbaycançılıq", "Azərbaycan dili və ədəbiyyatı", "Azərbaycan mədəniyyəti və incəsənəti", "Azərbaycan tarixi və coğrafiyası", "Azərbaycanı tanıyaq" mövzularında bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında şagirdlərin Azərbaycan, türk, rus və ingilis dillərində məruzələr dinlənilib.