Şimali Azərbaycanın coğrafiyası və iqtisadiyyatı Hadisə

Şimali Azərbaycanın coğrafiyası və iqtisadiyyatı

Hüseyn Baykara

2-ci yazı

Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək dəniz üzərinə qalxıb. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Acınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa (Şəki-red.), Zaqatalanın cənubu, Şamxor (Şəmkir-red.) ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsinin Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor (Şəmkir-red.) və Gəncə qəzalarının cənub hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsi ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.
Şimali Azərbaycan kontinental iqlimə malikdir. İqlim, müxtəlif zonalarda dəniz səviyyəsindən yüksək və ya alçaqlığa, böyük və kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən fərqlənir. Şərqdə Muğan çölləri və məşhur Aşağı Kür hövzəsi isti ölkələrə məxsus bir iqlimə malikdir. Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda və dağ gədiklərində qış şimal ölkələrindəki qədər sərt keçir. Kür və Araz çaylarının aşağı hissələrindəki geniş, alçaq ovlaqların iqlimi quru və isti olur (orta dərəcə 13:15, ən isti ayda 25°, ən soyuq ayda isə - 2°-dir). Yaz bu yerlərə tez gəlir. Yayı isti, qışı mülayim və az qarlı keçir. Belə iqlim şəraiti köçərilərə ilin bütün fəsillərində malqaranı otlaqlara çıxarmağa imkan verir. Bu ərazidə yağıntı ümumiyyətlə, azdır. Kiçik Qafqaz dağlarının yamacları, eləcə də Qarabağ soyuq iqlimə malikdir. Buranın qışı çox sərt (-10°) və uzun olur. Xəzər dənizi sahilindəki göl və bataqlıqlara ildə 300 mm (Cavad – 270, Bakı – 228, Ələt – 189), daha yüksək olan qərbdəki çöllərə isə (yəni Mil və Qarabağ çölləri) 300-dən 450 mm-ə qədər yağıntı düşür. Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında yağıntı daha çox olur. Lənkəran isə iqlim baxımından tamamilə fərqlənir. Dağ silsiləsindən ibarət olan bu zonaya yağıntı daha çox düşür (ildə 1220 mm-ə qədər). Yay ayları yağıntısız, quraq keçir. Bu yerlər subtropik iqlimə malikdir.
Araz və Kür Azərbaycanın başlıca çaylarıdır. Xəzər dənizinə axan kiçik çaylardan başqa bu iki çay da Xəzərə tökülür. Kür və Araz çayları Azərbaycanın həm təbiətində, həm də iqtisadiyyatında böyük rol oynayır. Kür çayı Gürcüstandan Azərbaycan ərazisinə daxil olduqdan sonra Şirvan və Qarabağ zonalarını bir-birindən ayırır. Uzunluğu 1330 km olan Kür çayı Bankə qəsəbəsi ərazisində Xəzər dənizinə tökülür. Şərqi Apadoluda Pasin suyu adı ilə Mingöl dağlarından axan Araz çayı Qala suyu və soldan Arpa çayı ilə birləşərək daha da gurlaşır. Arpa çayı ilə yuxarı Araz, Türkiyə - Ermənistan, aşağı isə Azərbaycan – İran sərhədlərini təşkil edir. Arazın uzunluğu təqribən 1100 km-dir. Suyu şirindir, bol cins balıqlara malikdir. Azərbaycanın başlıca gölləri, qərbdə Göyçə gölü və Kəpəz dağının ətəyində yerləşən Göy göldür. Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları ilə məşhurdur. Göy gölün eni bir km, uzunluğu 2,5 km-ə qədərdir. Bu iki göldən başqa şərqdə, Bakı ətrafında ölkənin duz ehtiyaclarını təmin edən duz gölləri var.
Şimali Azərbaycan təbii sərvət baxımından ehtiyaclarını özü ödəyə bilən ölkələrdəndir. Azərbaycan Respublikası iqtisadiyyat baxımından cənubi Qafqaz respublikalarının ən zənginidir. Neft Bakı şəhərinin ən başlıca məhsullarından biridir. Qədim ərəb tarixçiləri Bakını "arzun-nefata" (neftli torpaq) adlandırırdılar. Bu gün həyatda mühüm rol oynayan neft ərəblər zamanında da məlum idi. Bakı neftindən Dərbəndin (Babül-Əbvab) müdafiəsində istifadə olunması ərəb mənbələrində qeyd edilir. Marko Polo da Bakı ətrafındakı bu neft mənbələrindən məşhur səyahətnaməsində bəhs edir. Bir çox zamanlar bəsit üsulla az miqdarda neft istehsal olunurdu. İstehsal mexanikləşdirildikdən sonra neft hasilatı daha da artdı. Birinci dünya müharibəsindən əvvəl Bakı dünya neft istehsalında ikinci yerdə gedirdi. Burğu maşınları gecə-gündüz fəaliyyətdə idi. Bakıdan Sabunçu və Suraxanıya uzanan yol boyunca neft quyularının hündür qüllələri böyük meşəni xatırladırdı. Sovet hakimiyyəti dövründə Bakıda "Neft daşları" deyilən ərazidə dənizdən neft çıxarılmağa başlanıb.
Bakı və onun ətraf rayonları Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynamış və oynamaqda davam edir. Neft Bakıdan dəmir borular vasitəsilə (890 km) Batumi limanına göndərilir, oradan da xarici ölkələrə ixrac edilir. Neft təkcə Abşeron yarımadası ilə Bakı ətrafında deyil, Azərbaycanın digər rayonlarında da çıxarılır.
Şimali Azərbaycanda neftdən başqa müxtəlif metallar da çıxarılır. Onlardan misi, dəmiri, kobaltı, qurğuşunu (Qarabağda), kömürü, maqneziti, natrium sulfatı, göl və qaya duzlarını, cüzi miqdarda qızıl və gümüşü (Qarabağda) göstərmək olar. Mis Qafqazda, ən çox Zəngəzur və Gəncədə istehsal olunur. Gədəbəy və Qatarda da (Zəngəzurda yerləşir) mis mədənləri var. Dəmir mədəni Gəncə ərazisində (Daşkəsəndə) mövcuddur. Cavad xanın zamanında Gəncə ətrafında dəmir əridən ocaqlar fəaliyyət göstərirdi. Naxçıvanda qaya duzu, Abşeron yarımadasında və Bakının şimalındakı göllərdən göl duzu istehsal edilir. Ağstafada olan çayların yatağındakı qumlardan və bir də mis mədənlərindən az miqdarda qızıl alınır. Bundan başqa Şamaxının yaxınlığında yerləşən Nail dağında, Gədəbəydə və Qərbi Araqva dərələrində də qızıl mövcuddur.
Bu metallarla yanaşı, az miqdarda kükürd (Gəncə ərazisində), maqnezit (Kəpəz dağı ətəyindəki Çaykənd ətrafında), alüminium istehsalına yarayan alunit (Gəncə daxilindəki Zəylikdə), natrium-sulfat, zəy (Şamxorda), sumbata Gəncə (Qaraqulaqda) və azbest Sarıbaba (Şuşada) var.
Azərbaycandakı düzənliklərin çoxu yovşan bitən şoran çöllərdən ibarətdir. Ancaq Kür və Araz çaylarının sahillərində qovaq, söyüd ağaclarından ibarət meşələr var. Böyük və Kiçik Qafqaz dağlarında da meşələr var və bu meşələr 2000 m yüksəkliyə uzanır. Daha yuxarı hissələrdə çəmənlik sahələri başlayır. Lənkəranın iqlimi isti ölkələrə məxsus bitkilərin yetişdirilməsinə imkan verir. Yüksək ərazilərdə istiliyin azalmasına görə bitkilərin həyat dövrü 6-8 həftəyə qədər məhdudlaşır. Meşələrdəki ağaclar yarpağı tökülənlər və şam cinsinə aiddir.
Şimali Azərbaycanın heyvanat aləmi də zəngindir. Burada dağ keçisindən tutmuş tülkü, dovşan və ayıya qədər hər cür vəhşi heyvanlara, müxtəlif növ quşlara rast gəlmək olar. Çöllərdə ceyran saxlanılır. Qamışlıq və kolluqda vəhşi donuza, çaqqala, vəhşi pişiyə daha çox rast gəlinir. Şimaldan uçub gələn müxtəlif quşlar Xəzər dənizinin sahilindəki göllərdə və bataqlıqlarda qışlayırlar. Kür və Araz çayı boyunca yerləşən rayonlarda balıq ovlamaq üçün böyük imkanlar var. Bu çaylarda balıq olduqca çoxdur. Salyan şəhəri mühüm balıqçılıq mərkəzidir. Naqqa, ağbalıq, çəki kimi müxtəlif cinsli dadlı balıqlar tutulub konservləşdirilir, kürü istehsal olunur. Çox miqdarda istehsal olunan qara kürü xarici ölkələrə ixrac edilir.
Azərbaycanda ipəkçilik Zaqafqaziyanın digər rayonlarında olduğu kimi, əsrlərdən bəri məlumdur. İxrac edilən bu məhsul ölkənin iqtisadiyyatında böyük rol oynayıb. Bu işlə məşğul olan əsas rayonlar Nuxa, Göyçay, Ağdam, Zaqatala qəzaları ilə yanaşı Dağlıq Qarabağ və Naxçıvandır. 1927-ci ildə 1400 ton barama istehsal edilib. Əvvəllər Azərbaycan ipək toxumunu əsasən Bursadan alırdı. Aşağı növlü tütün əsasən Zaqatala və Nuxa qəzasında əkilir. Bunlardan başqa ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Yerli xalq arasında isə qarpız əkininə rəğbət daha çoxdur. Ölkədə yetişdirilən qarpızlar geniş miqyasda xarici bazarlara çıxarılır. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. 8-16 min tona qədər tədarük edilən bu məhsulun demək olar hamısı İngiltərə və Amerikaya göndərilirdi.
Azərbaycanın iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Heyvandarlıq sadəcə olaraq əkinçiliyin yardımçı bir qolu olmayıb, müstəqil bir sənət kimi böyük rol oynamaqdadır. Hələ də azərilər arasında köçəri və yarıköçəri halında heyvandarlıq mühafizə olunmaqdadır. Çünki Şimali Azərbaycanda olan çəmənliklər, isti iqlimə malik çöllər buna imkan verir. Böyük və Kiçik Qafqaz dağlarının ətəkləri başdan-başa otlaqlardan ibarətdir. Çöllər isə qışlama üçün əlverişlidir. Heyvan sürüləri yazda yüksək dağlıq zonalara çıxarılır, payızda isə arana endirilir. Xalq həyatında və hətta ədəbiyyatda özünə yer tapan bu həyat tərzi azəri türkləri mühitində "dağ köçü", "aran köçü" təbiri ilə məşhurdur.
Şimali Azərbaycanda, əsasən Bakıda nefttəmizləmə zavodlarından başqa tütün fabrikləri, bez fabriki, sement, un, konserv zavodları mövcud olduğu kimi, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda (Ordubad) da ipək fabrikləri vardı. Gəncə, Kürdəmir və başqa yerlərdə pambıqtəmizləyən, çiyid yağı istehsal edən zavodlar fəaliyyət göstərirdi. Qubada, Şirvanda, Qarabağda və digər yerlərdə gözəl və dünya şöhrəti qazanmış səccadə (ibadət xalçası), kilim və xalçalar toxunurdu. 1920-ci ildən sonra bu müəssisələr ruslar tərəfindən zəbt edildi. Şimali Azərbaycanın ixracatını neft, sənaye yağları, buğda, arpa, pambıq, yun ipək, balıq, kürü, biyan kökü, tütün, yağ, zəfəran, küncüt, üzüm, meyvə, heyvan, mis, xalça, kilim təşkil edir. Bunlardan başqa qədimdən mövcud olan yerli ormanlardan palıd, qoz ağacları ixrac edilirdi. Kür çayının sahillərində yetişən biyan kökü Gəncədə zavodda emal edildikdən sonra maye halında Avropaya göndərilirdi. Azərbaycanda iqtisadi inkişaf hələ çar hakimiyyəti dövründə meydana gəlmişdir. Bu inkişaf 1905-ci il inqilabının təsiri ilə ən yüksək dərəcəyə çatmış və bu tarixdən etibarən türklər ticarət sahəsinə atılaraq böyük tərəqqiyə nail olublar. Şimali Azərbaycan vaxtı ilə dünyanın ən mühüm tranzit ölkələrindən biri idi…