MSN zirehli döyüş maşınını sınaqdan keçirib Hadisə

MSN zirehli döyüş maşınını sınaqdan keçirib

Silahlı Qüvvələr kimyəvi mühafizə vasitələri və əleyhqazlarla tam təchiz ediləcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən hazırlanmış zirehli-kəşfiyyat döyüş maşınının (ZKDM) hərəkət testləri və digər göstəricilər üzrə sınaqları başa çatıb.
APA-nın əldə etdiyi məlumata görə, hazırda maşının silahlandırılması ilə bağlı işlər aparılır.
Müdafiə Nazirliyinin təqdim etdiyi texniki şərtlərə uyğun olaraq maşının üzərində təkmilləşmə işləri həyata keçirilib. Maşının eksperimental nümunəsinin üzərində nümayiş etdirilmiş döyüş modulunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Təkmilləşmə işlərindən sonra döyüş modulunda reaktiv raket buraxıcı qurğunun və AQS-30 qumbaraatanın döyüş sursatları ilə qidalanması maşının daxilindən həyata keçiriləcək.
Qeyd edək ki, ZKDM ilk dəfə 2013-cü ilin sentyabrında Bakıda keçirilmiş "Azərbaycan 10 ildə" sərgisində nümayiş olunub. Milli ZKDM özünün xarici dizaynı, qoruma səviyyəsi, silahlanması və digər imkanları baxımından sovet istehsalı olan BRDM-2 maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.
ZKDM alt hissədə mina partlayışlarına, yanlarda mərmi və əldəqayırma partlayıcılara və güllələrə qarşı yüksək qorumaya sahibdir. Maşının gövdəsi minaya qarşı qorumanı təmin etmək üçün V formasında dizayn olunub. Gövdənin ikiqat zirehi heyəti hətta B-32 tipli zirehdeşən güllələrdən mühafizəsini təmin edir. Sifarişçinin istəyinə uyğun olaraq maşın gövdə və yanlarda əlavə zirehlə daha da gücləndirilə bilər. Maşının digər özəlliyi isə partlayış zamanı aşmamasıdır.
Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarə olunan döyüş moduluna malikdir. Bu qüllənin silahlanmasına iki lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, ZN-TQRP-3, TGN1-49-3 və TKN-3B nişangahları daxildir. Maşının idarəetmə sistemi avtomatlaşdırılıb.
Bundan başqa MSH-in məlumatına görə, Silahlı Qüvvələrin kimyəvi mühafizə vasitələri və əleyhqazlara olan tələbatı yerli istehsal hesabına tam qarşılanacaq.
Nazirlik ötən il Müdafiə Nazirliyindən və Daxili Qoşunlardan kimyəvi-bakteroloji-nüvə (NBC) mühafizə vasitələri və əleyhqazların çatdırılmasına dair sifariş alıb. Hazırda "Radioquraşdırma" zavodu tərəfindən həmin sifariş qrafik üzrə yerinə yetirilir.
"Azərbaycanda istehsal olunan NBC vasitələri öz keyfiyyətinə görə xarici analoqları ilə eyni səviyyədədir. Hazırda Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla digər qurumlarla da danışıqlar gedir. Nazirlik eyni zamanda bu məmulatların xaricə ixracı sahəsində işlər aparır", - deyə məlumatda bildirilib.
Azərbaycan istehsalı olan əleyhqazlar öz rahatlığı ilə yanaşı, əsgərin geyimdə olduğu halda qidalanmasına, su içməsinə imkan verir.