“Sərhədsiz reportyorlar“ sifariş yerinə yetirir Hadisə

“Sərhədsiz reportyorlar“ sifariş yerinə yetirir

Təşkilatın qiymətləndirmə meyarlarının doğru olmadığı ortaya çıxıb

Cavid

"Sərhədsiz reportyorlar" təşkilatı 2014-cü il üzrə dünya ölkələrində mətbuat azadlıqlarının indeksini açıqlayıb. İndeksə əsasən, Azərbaycan 180 ölkə arasında ötən illə müqayisədə "geriləyərək" (156) 160-cı yerdə "qərarlaşıb".
"Sərhədsiz reportyorlar" təşkilatının hazırladığı reytinqdə söz azadlığının səviyyəsinə görə, Ermənistan guya Azərbaycanı və Gürcüstanı qabaqlayır. Halbuki, Ermənistanda söz azadlığının, ümumiyyətlə medianın, internetin total şəkildə dövlət nəzarətində olduğu, mediaya ciddi təzyiqlərin müşahidə edildiyi sirr deyil. Lakin nədənsə, beynəlxalq təşkilat bunu öz hesabatında nəzərə almır. Həmçinin atdığı son addımları ilə Ermənistanın demokratik Qərb dəyərlərindən, Avropa ailəsinə inteqrasiyadan imtina etməsi də "Sərhədsiz reportyorlar"ın "diqqətindən yayınıb". Belə ki, əgər qurum obyektiv olsaydı nəzərə almalıydı ki, Ermənistan Avropa İttifaqı ilə deyil, gələcək perspektivini Avrasiya Birliyi, Gömrük İttifaqı kimi o qədər də demokratik cəmiyyətlərə malik olmayan dövlətlərin toplaşdığı və Rusiyanın birbaşa yeni imperiya maraqlarına xidmət edən qurumlara qoşulmaqla söz azadlığını da təhlükəyə atmış olub.
Belə bir dövləti daim demokratik Avropa ailəsinə inteqrasiyaya cəhd göstərən, Qərb dəyərlərinin mənimsənilməsi işinə önəm verən Azərbaycan və Gürcüstandan reytinqdə yüksəkdə yerləşdirməklə "Sərhədsiz reportyorlar" təşkilatının qiymətləndirmə meyarlarının doğru olmadığı ortaya çıxıb. Təşkilat hər seçkidə insan qanı tökülən Ermənistanı şəffaf, demokratik və xalqın böyük əksəriyyətinin iştirakı və məmnunluğu ilə keçirilən seçkilərin müşahidə olunduğu Azərbaycan və Gürcüstandan daha azad ölkə hesab etməsi gülüncdür.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, təşkilatın rəhbərləri öz üzərinə düşən işə məsuliyyətsiz yanaşıblar. Onun sözlərinə görə, Azərbaycan haqqında real informasiya olmadan ölkəmizi siyahıda istədikləri yerdə yerləşdirmək düzgün deyil: "O ölkədə mətbuat azadlığına aşağı qiymət vermək olar ki, burada müxalif mətbuat olmasın, fərqli fikirləri yaymaq imkanları məhdudlaşdırılsın, jurnalistlərin azad fəaliyyətinə qarşı inzibati tədbirlər görülsün. Bunların isə heç biri Azərbaycanda yoxdur və ölkəmizdə həm çap, həm də elektron mətbuatda kifayət qədər tənqidi, alternativ fikirlər çap olunur. Bu məsələ ilə bağlı mətbuat orqanına və ya konkret jurnalistə qarşı hər hansı bir addım atılmır. Digər bir tərəfdən Azərbaycanda mətbuatın azad inkişafı üçün dövlət tərəfindən digər ölkələrdə olmayan addımlar atılır. Buna misal bir çox mətbuat orqanlarının borclarının silinməsi idi ki, bu mətbuat orqanlarının içərisində müxalif mətbuat orqanları üstünlük təşkil edirdi. Bundan əlavə, ölkə başçısının sərəncamı ilə ayrılan vəsait hesabına 156 jurnalist mənzillə təmin olundu. Onların içərisində kifayət qədər kəskin yazıları ilə çıxış edən müxalifət nümayəndələri də var. Artıq yeni 240 mənzilli bina da tikilməkdədir. Bu gün Azərbaycanda mətbuata qarşı hər hansı bir basqıdan, provakasiyadan söhbət gedə bilməz. Bu reallıqda "Sərhədsiz reportyorlar" təşkilatı cədvəlində Azərbaycan mətbuatını aşağı yerdə tutması, təşkilatın ölkə reallığından xəbəri olmamasından və ya siyasi sifariş yerinə yetirməsindən irəli gəlir. Kimlərin nə yazmasından asılı olmayaraq Azərbaycanda demokratik mühit hər zaman olacaq və mətbuat sərbəst şəkildə istədiyi mövzuya, istədiyi şəraitdə toxuna biləcək".
Millət vəkili onu da vurğulayıb ki, bu cür təşkilatların hər hansı bir indeks açıqlamasında siyasi maraqlar var: "Bu cür təşkilatların maliyyə mənbələri kifayət qədər bəlli qaynaqlara gedib çatır. Araşdırdıqda onların arxasında ya Türk dünyasına, Şərq aləminə nifrətdən yoğrulan müəyyən dairələrin, ya da Azərbaycanı sevməyən erməni millətçi təşkilatların dayandığını görürük. Aydın məsələdir ki, kim vəsaiti verirsə, yazılar da onun sifarişinə uyğun olaraq yazılır. Azərbaycanla bağlı artıq neçənci dəfədir ki, bu cür yazılar yazılır. Hesab edirəm ki, ölkəmizi belə yazılarla təəccübləndirmək olmaz. Çünki ölkəmiz buna öyrəşib. Burada Ermənistanın 78, Gürcüstanın 84-cü, Rusiyanın 148-ci, İranın 173-cü, Türkiyənin 154-cü, Azərbaycanın isə 160-cı pillədə qərarlaşması, bu təşkilatın qərəzliliyini bir daha göstərir. "Sərhədsiz reportyorlar" təşkilatı mətbuatı Ermənistandakı kimi görmək istəyirsə, dünya bu nümunədən ancaq dəhşətə gələ bilər".
Ümumiyyətlə, beynəlxalq təşkilatın belə mövqe nümayiş etdirməsi onun Azərbaycan dövlətinə qərəzli yanaşmasını ortaya qoymaqla yanaşı, bu quruma olan etimadı da kölgə altına alır. Son hesabat göstərir ki, bu qurum iş prinsipini, yanaşmasını dəyişmək niyyətində deyil. Çünki hələ əvvəlki hesabatlara ölkə ictimaiyyəti, aparıcı ekspertlər tərəfindən ciddi etirazlar bildirilsə də, təşkilat mövqeyində, yanaşmalarında dəyişiklik etmədiyini ortaya qoyur. Bu isə onu deməyə əsas verir ki, "Sərhədsiz reportyorlar" konkret missiya yerinə yetirir. Onu hansısa obyektiv rəylər deyil, yalnız Azərbaycan dövlətinin, cəmiyyətinin imicinə ziyan gətirəcək materiallar, donoslar maraqlandırır.
Ümumiyyətlə, qurumun Azərbaycanda söz azadlığının müasir səviyyəsini, bu istiqamətdə dinamik inkişafı görməzdən gəldiyi ortadadır. Belə olmasaydı, təşkilat öz hesabatında ölkəmizdə söz azadlığını təmin edən mətbu orqanların, xüsusilə internet resurslarının sayının gündən-günə artdığını, sosial şəbəkələrdən istifadənin kütləviləşdiyini, internetlə təminatın ölkənin bütününü əhatə etdiyini hesabatında əks etdirər və nəticə olaraq Azərbaycanı Ermənistandan aşağı sırada yerləşdirməzdi.