Qədim türklərdə ata münasibət Hadisə

Qədim türklərdə ata münasibət

Qədim türklərdə olduğu kimi indi də türk xalqlarında totemizm ənənələri qalmaqdadır. Canavar (boz qurd), qu quşu, qoyun, maral, at, öküz bu cür heyvanlardandır. Atlar həmişə qəhrəmanlıq obrazlarının ayrılmaz hissəsi olub. Bundan əlavə məişət və təsərrüfatın ayrılmaz hissəsi kimi də sevilib və vəsf edilib. Atla bağlı inanclar, at kultu, əsatirlər türk xalqlarında çoxdur.
Türklərə görə qapıya nal vurmaq bəd qüvvələrin qapıdan daxil olmasının qarşısını alır. Yuxuda at görmək arzuya qovuşmağa bir işarədir. Gəlin gedən qızın gəlinlik donuna at tükü tikərdilər ki, onun ailə həyatı uğurlu olsun. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun.
Müasir Azərbaycan ədəbiyyatında, xüsusilə də Azərbaycan sovet ədəbiyyatında milli atçılıq mövzusuna müraciət edilib. Bu əsərlərdən İsmayıl Şıxlının "Dəli Kür", Şamo Arifin "Qınamayın məni", Fərman Eyvazlının "Qaçaq Kərəm", Cəlal Bərgüşadın "Boz atın belində", Fərman Kərimzadənin "Xudafərin körpüsü", İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost", Cəmil Əlibəyovun "Özümü axtarıram" romanlarını və s. əsərləri göstərmək olar. Nəzm əsərləri içində B.Vahabzadənin "Qarabağ atı", "Mələz at", Ə.Kərimin "Göydəmir at", Hüseyn Arifin "Kəhər at", Səməd Vurğunun "A köhlən atım", Ramal Nadirin "Qarabağ atı", "Atıma nekroloq" kimi şeirlərini misal gətirmək olar.
Uşaqlıqda dönə-dönə oxuduğum "Dəli Kür" romanı Azərbaycan xalqının milli-mənəvi müstəvidə və o dövrün siyasi mənzərəsi fonunda təqdim etdiyi insan-at dostluğu "dar" məqamlarda ortaya çıxsa da, bu bağlılığın nə qədər dərin olduğu oxucunun nəzərindən qaçmır. Əsl milli obraz, "klassik" Azərbaycan kişisi olan Cahandar ağa ilə Qəmər atın ünsiyyəti ancaq maddi tələbatdan yaranan insan-heyvan münasibəti deyil, bu, həmdə iki dostun, silahdaşın mənəvi bağlılığıdır. Əsərin sonu kədərli olsa da, burada baş verən hadisələr Cahandar ağa ilə Qəmər atın arasındakı dostluğu və sevgini oxucunun nəzərində nəinki yox etmədi, hətta bu dostluğu milli qürur və vətənpərvərlik fonunda daha da ucaltdı. Onsuz da əsərin xətti, hadisələrin gedişatı Cahandar ağa və Qəmər at kimi obrazlara acı aqibətdən başqa heç nə vəd vermirdi. Cahandar ağa kimilər isə belə düşünürdü - "igidin atı da şərəflə ölməli idi..."
Düşmənləri Cahandar ağanı təhqir etmək üçün onun atının yal-quyruğunu qırxmağı qərara alırlar. Cahandar ağa bu rüsvayçılığa dözə bilməyib, gözlərində yaş, sevimli atını güllələyir...
Türk xalqlarının ideologiyasında, adət-ənənələrində, inanclarında atın yal-quyruğunu qırxmaq təhqir hesab edilirdi. Kişinin namus atributları papaq, arvad və at hesab edilirdi. Əsasən atın quyruğunun kəsilməsi qədim türklərdə dərin məna daşıyırdı. Qədim zamanlarda döyüş səfərinə çıxan igidlər, ərənlər atlarının quyruğunu özləri kəsər (kəsmək dedikdə bu, quyruğun qıllarını qırxmaq mənasına gəlir) və nizələrinin ucuna taxardılar. İgid üçün at sanki ikinci nigahlı arvad idi. O, toxunulmaz idi. Atının quyruğunu kəsən igid üçün artıq bu at dul arvad anlamına gəlirdi və bununla da igid özünü şəhid olmağa hazır sanırdı. Misal üçün bildirim ki, Malazgirt döyüşünə gedərkən Alp Arslanın atının quyruğunu kəsməsi islamiyyət dövrünə təsadüf etsə də, qədim türk adət və inancının hələ yaşamasına dəlalət edirdi...
Cahandar ağanın sevimli atı Qəmərə xitab etdiyi son sözlər:
"İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri-göyü mənə bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin rüsvayçılığına necə dözüm?"
Həm Azərbaycan, həm də digər türk xalqlarının eposlarında, əfsanə və əsatirlərində, dastanlarında qəhrəmanların öz dərdlərini atlarına danışmaları səhnələrinə çox rast gəlmək olur. Çünki çətin anda igidin yanında onun atı olardı və bu canlı onu təhlükədən sürətlə uzaqlaşdıra bilərdi...

Ramal Nadir
Araşdırmaçı