BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb Hadisə

BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşüb. BMAM mətbuat xidmətindən verilən məlumata görə, Rufiz Qonaqov bildirib ki, ölkəmizin Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri hər zaman sıx əməkdaşlıq çərçivəsində olmuş və bu yolda mühüm addımlar atılmışdır: "Təhsildə də azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərinə üz tutması, təhsillərini başa vurduqdan sonra ölkəmizdə hər iki ölkənin mədəniyyətlərini təmsil etmələri bu dostluq və əməkdaşlığın bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də Şimali Kipr Türk Cümhuriyyətini hər zaman dəstəkləyib".
Ufuk Turqaner isə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi əməkdaşlığı daha da genişləndirmək üçün istər universitetlər, istərsə də QHT-lərlə görüşlər təşkil edir, mədəniyyət günləri keçirir və gələcəkdə hər iki dövlətin mədəniyyət, təhsil sferasında daha da yaxınlaşacağına ümid edir.
Ufuk Turqanerin Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə olan diqqətinin olduqca təqdirəlayiq olduğunu deyən Rufiz Qonaqov əməkdaşlığın daha da genişlənəcəyinə və hər iki ölkəyə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.