“Fədakarlıq məktəbi. Mehdi Hüseynzadə” Hadisə

“Fədakarlıq məktəbi. Mehdi Hüseynzadə”

Dekabrın 21-də "Trend" Xəbərlər Şirkətinin mətbuat mərkəzində hərbi vətənpərvərlik mövzusunda əsərlərin müəllifi kimi tanınan yazıçı Azər Hacıbəylinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə həsr etdiyi "Fədakarlıq məktəbi. Mehdi Hüseynzadə" adlı poemanın təqdimatı keçirilib. Tədbirdə çıxış edən müəllif Mehdi Hüseynzadənin keçdiyi həyat yolu haqqında geniş məlumat verib.
"Mehdi Hüseynzadə haqqında bir sıra kitablar yazılıb, poemalar həsr olunub, filmlər çəkilib. Mən də bu işə öz töhfəmi vermək istədim. Vətənpərvərlik mövzusunda beş poema yazmışam. Hesab edirəm ki, qəhrəmanların keçdiyi mübarizə yolunu yad etməklə gənclərin qəlbində vətənpərvərlik toxumu səpmiş oluruq. Bu kitabda Mehdi Hüseynzadə ilə bərabər digər qəhrəmanlarımız da yad olunub. Bu istiqamətdə işlərimi davam etdirəcəyəm", - deyə kitabın müəllifi söyləyib.
"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev Mehdi Hüseynzadənin 1941–1945-ci illərdə faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanaraq Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazdığını qeyd edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsində Ümummilli Liderin müstəsna xidmətləri olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamı bütövlükdə qəhrəman Azərbaycan oğul və qızlarının keçdiyi ömür yoluna verilən ən böyük qiymətdir. Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və digər çıxış edənlər müəllifə təşəkkür edərək Mehdi Hüseynzadə haqqında bundan sonra da dəyərli əsərlərin yazılacağına əminliklərini ifadə ediblər.