Coğrafiya İnstitutunda elmi seminar Hadisə

Coğrafiya İnstitutunda elmi seminar

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib. Tədbirdə "Slow Food" beynəlxalq təşkilatının əlaqələndiricisi Anna Kaşinyova "Azərbaycanın kənd ərazilərində icma əsaslı təşəbbüslərin və məşğulluğun yaradılmasına dəstək" mövzusunda məruzə edib. Coğrafiya İnstitutundan bildiriblər ki, məruzəçi "Slow Food" təşkilatı, Heyvanları Mühafizə Cəmiyyəti və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi əsasında Böyük Qafqaz regionunda kiçik fermerlərə kömək məqsədilə regional fərqlərin azaldılmasının təmin edilməsinə yönəldilmiş layihə həyata keçirildiyini diqqətə çatdırıb.
"Slow Food"un layihələri yerlərdə biomüxtəlifliyi qoruyub saxlamaq, torpaq və iqlim şəraitinə uyğun yerli məhsul istehsalını artırmaq əsasında yaradılmış kənd təsərrüfatı modelinin inkişafı üçün bir alətdir və ətraf mühitlə harmoniya təşkil edərək bütün cəmiyyət üçün keyfiyyətli, təmiz qida məhsulları istehsalının təmininə yönəldilib. Yerli icra orqanları, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflərlə əməkdaşlıq Azərbaycanın Böyük Qafqaz regionunda (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonları) balanslaşdırılmış inkişafı təmin edərək, regionlarla paytaxt arasında bərabərsizliyin azaldılmasına və nəticədə, kənd yerlərində yaşayış səviyyəsinin yüksəldilməsi, bu ərazidə mədəni irsin və biomüxtəlifliyin qorunması işinə xidmət edəcək. A.Kaşinyova təhlükə altında olan milli qida məhsulları növlərinin İtaliyanın Turin şəhərində yerləşən "Slow Food" assosiasiyası tərəfindən tərtib edilmiş Dadın Dünya Qapısı (World Arch of Taste) siyahısına salınacağını bildirib.