“Bu, idman yarışı deyil, siyasi oyundur” Hadisə

“Bu, idman yarışı deyil, siyasi oyundur”

Millət vəkili: “Qondarma respublikalar varlığını sübut etmək, xüsusilə, qıcıq yaratmaq üçün belə addımlara əl atırlar”

“Qondarma Dağlıq Qarabağ Respublikası bir neçə aydır ki, Xankəndində tanınmayan qurumların “futbol çempionatı”nı keçirməyi planlaşdırır. Halbuki bu, idman yarışı deyil, siyasi oyundur”.

Bu barədə açıqlamasında deputat Tahir Rzayev bildirib. O diqqətə çatdırıb ki, qondarma respublikalar varlığını sübut etmək, xüsusilə, qıcıq yaratmaq üçün belə addımlara əl atırlar:“Anlamırlar ki, bu “respublikalar” heç bir dövlət tərəfindən tanınmırlarsa, müstəqil deyillərsə, onların futbol çempionatı keçirməsinin nə əhəmiyyəti və məntiqi ola bilər? Belə hallar Ermənistan rəhbərlərinin, Qarabağda fəaliyyət göstərən separatçıların təcavüzkarlıq xarakterindən qaynaqlanır, münaqişənin sülh yolu ilə həlinə kölgə salmağa can atırlar.

Ermənilər həmişə olduğu kimi, yenə də özlərinin ciddi problemlərini belə əhəmiyyətsiz addımlarla pərdələməyə, beynəlxalq ictimaiyyətin rəğbətini qazanmağa çalışırlar. Lakin bu heç də əlverişli yol deyil. Belə vasitələr Ermənistanı düşdüyü vəziyyətdən, acınacaqlı durumdan çıxara bilməz”.

Qeyd edək ki, iyunun 1-də işğal altında olan Xankəndi şəhərində separatçı ermənilər tərəfindən təşkil olunan "beynəlxalq futbol turniri”nin açılışı olub. "Avropa Kuboku -2019" adlanan bu “turnir” separatçı rejimləri, həmçinin tanınmayan ya da qismən tanınan ölkələri bir arada birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən keçirilir.