485 nəfər magistraturaya qəbul olunub Hadisə

485 nəfər magistraturaya qəbul olunub

Bəzi ixtisaslar üzrə yerlər boş qalıb

Tərlan

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun boş qalan plan yerlərinə müsabiqədən sonrakı nəticələr elan olunub. Magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət etmişdi. Müsabiqə nəticəsində onlardan 485 nəfəri magistraturaya qəbul olunub.
TQDK-nın məlumatına görə, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun proqramlar üzrə nəticələrinə əsasən, boş qalan plan yerlərinə müsabiqədən sonra 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların sayı planın 76,25%-ni təşkil edir. Buna səbəb kimi bəzi proqramlar üzrə imtahan verənlərin birinci mərhələ üzrə və ya ixtisas biliklərinin zəif olması, plan yerlərinin Azərbaycan və rus bölmələri üzrə ayrı verilməsi, qiyabi təhsilalma forması üzrə plan yerlərinin olmaması, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müsabiqə şərtini ödəyənlərin az olması və s. göstərilə bilər. Bəzi boş qalan plan yerlərinə (proqram 4, 8, 10, 12, 13, 24, 29, 30, 41,44, 51, 57, 58, proqram 49 üzrə tədrisi alman dilində olan Avropa hüququ ixtisaslaşması və s.) müsabiqə şərtlərini ödəyən iddiaçıların olmadığı üçün həmin yerlər "Magistr" jurnalının 6-cı sayında verilməmişdir. Qəbul proqramları üzrə qəbulolma faizi müxtəlifdir. Bəzi proqramlar üzrə qəbulun nəticələrinə əsasən, geologiya, geofizika mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geologiya mühəndisliyi ixtisaslarına aid olan proqram 1 üzrə ali təhsil müəssisələrinin təklifinə görə geologiya ixtisasının ixtisaslaşmalarını geofizika mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geologiya mühəndisliy ixtisaslarını bitirənlərin seçə bilməməsi səbəbindən həmin ixtisaslaşmaların 8 plan yeri boş qalıb. İstilik energetikası mühəndisliyi, enerji maşınqayırması ixtisaslarına aid olan proqram 4 üzrə, metallurgiya mühəndisliyi ixtisasına aid olan proqram 5 üzrə, dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasına aid olan proqram 8 üzrə, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasına aid olan proqram 9 üzrə, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi ixtisaslarına aid olan proqram 20 üzrə, çoxişlənən malların texnologiyası mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi ixtisaslarına aid olan proqram 21 üzrə, mexanika ixtisasına aid olan proqram üzrə 30, xarici dil müəllimliyi (dillər üzrə), filologiya (dillər üzrə) ixtisaslarına aid olan proqram 41 üzrə, tərcümə (tərcümə, rus, ing. və s.) ixtisasına aid olan proqram üzrə 43, jurnalistika ixtisasına aid olan proqram 44 üzrə, kitabşünaslıq, kitabxanaçılıq və informasiya ixtisaslarına aid olan proqram 45 üzrə, dinşünaslıq ixtisasına aid olan proqram 51 üzrə ikinci mərhələdə imtahan vermək istəyənlərin birinci mərhələdəki nəticələrinin aşağı olması səbəbindən bu proqramları seçənlərin sayı qəbul planından az olub, yəni bu proqramlar üzrə müsabiqə vəziyyətinin aşağı olması əvvəlcədən məlum idi.
Elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi ixtisaslarına aid olan proqram 3 üzrə, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, statistika, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, istehlak mallarının ekspertizası və marketinqi ixtisaslarına aid olan proqram 26 üzrə, tarix, tarix müəllimliyi ixtisaslarına aid olan proqram 46 üzrə, regionşünaslıq, beynəlxalq münasibətlər ixtisaslarına aid olan proqram 47 üzrə, nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasına aid olan proqram 57 üzrə imtahan verən bakalavrların ixtisas biliklərinin zəif olması səbəbindən qəbulolma faizi aşağı olub. Plan yerlərinin Azərbaycan və rus bölməsi üzrə ayrı verilməsi səbəbindən Azərbaycan bölməsi üzrə imtahan verib müsabiqə şərtlərini ödəyən namizədlər olmasına baxmayaraq, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter elmləri, informatika müəllimliyi ixtisaslarına aid olan proqram 14 üzrə, turizm və otelçilik ixtisasına aid olan proqram 22 üzrə, kimya, kimya müəllimliyi ixtisaslarına aid olan proqram 32 üzrə, torpaqşünaslıq və aqrokimya, aqronomluq ixtisaslarına aid olan proqram 35 üzrə, zootexniklik, baytarlıq ixtisaslarına aid olan proqram 36 üzrə, xarici dil müəllimliyi (ingilisdili üzrə), filologiya (ingilis dili üzrə) ixtisaslarına aid olan proqram 40 üzrə Azərbaycan Dillər Universitetində, biznesin idarə edilməsi (MBA) ixtisasına aid olan proqram 56 üzrə Azərbaycan Dövlət İqtisad Universitetində rus bölməsinin plan yerləri dolmayıb.
Tədrisi alman dilində olan ixtisaslaşmalar üçün imtahanın birinci mərhələsində xarici dil kimi alman dili üzrə imtahan verib 15 və daha çox bal toplanılması şərtini ödəyən bakalavrların sayının az olması səbəbindən proqram 49 üzrə Bakı Dövlət Universitetinin Avropa hüququ ixtisaslaşmasının 3 plan yeri boş qalıb.