Quba və Şabran gəncləri “Yurdum Azərbaycanım” turnirinin finalında fərqlənib Hadisə

Quba və Şabran gəncləri “Yurdum Azərbaycanım” turnirinin finalında fərqlənib

Quba rayonunda Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsinin final mərhələsinin oyunları keçirilib. Sentyabr ayından başlayaraq şimal zonasının Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında təşkil olunan seçim turları çərçivəsində keçirilən yarışların qalib və mükafatçısı olan 15 komandanın iştirakı ilə keçirilən final mərhələsinin açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1-ci maddəsinin 4-cü yarımbəndində göstərilən tədbirlərin - Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi – icrası ilə əlaqədar olaraq vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır. Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev ölkəmizdə gənclərin bilik və bacarıqlarının, idarəetmə qabiliyyətlərinin artırılması istiqamətində dövlət tərəfindən yaradılan imkan və şəraitdən danışıb və bu kimi tədbrlərin də məhz gənclərin gələcək inkişafları üçün böyük əhəmiyyətini vurğulayıb. Quba rayon Təhsil Şöbəsinin məsul işçisi Namik Hümmətov, Qusar rayonu Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Hacıəliyev bu layihənin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni biliklər qazanmasına və nəticədə həm ölkəmizi daha yaxşı tanımasına, həm də təhsilə, elmə marağının artmasına təkan verir. Tədbirdə qonaq qismində iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və insan mühəndisliyi üzrə ekspert Rövşən Nəcəfov bütünlükdə şimal zonasını əhatə edən və 100-ə yaxın gənci birləşdirən bu möhtəşəm layihənin finalına dəvətə görə dost təşkilat olan “Yurd” GİİD İB-nə təşəkkürülərini bildirib və iştirakçılara uğurlar diləyiblər. Rəsmi hissədən sonra yarışa start verilib. 15 komanda bi dövrəli sistem üzrə mübairzə aparıblar. Yekunda Quba rayonunu təmsil edən “ATOM” biliciləri turnirin qalibi adını qazanıb. Qaliblər təşkilat komitəsi tərəfindən kubok, medal, diplom, kitab hədiyyələri ilə, eyni zamanda layihənin tərəfdaşı Ekspress Təhsil Mərkəzi tərəfindən fəxri fərman və 100 faizlik güzəşt kartları ilə təltif ediliblər. Şabran rayonunu təmsil edən eyniadlı komanda turnirdə ikinci mükafata, Quba rayonunu təmsil edən digər komanda “ZİRVƏ” biliciləri isə üçüncü mükafata sahib olub və təşkilat komitəsi tərəfindən müvafiq olaraq gümüş və bürünc medallarla, diplom və kitablarla təltif olunublar.