“Kreativ Azərbaycan” portalının təqdimatı olacaq Hadisə

“Kreativ Azərbaycan” portalının təqdimatı olacaq

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərinin milli iqtisadiyyatlarda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif fəaliyyətlər həyata keçirilir.
Bu məqsədlə dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçiriləcək.
“Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcəkdir.
Portalın yaradılmasında məqsəd, həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.
Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçiriləcək.
Sessiya çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunacaq.